”Cəzaçəkmə müəssisəsində oğluma işgəncə veriblər”

Eldar Sabiroğlu: “Müəssisənin rəisinin tapşırıqları hardan aldığı məlumdur”

Source:

Rüfət Səfərov və Eldar Sabiroğlu, foto: AzadlıqRadiosu
Rüfət Səfərov və Eldar Sabiroğlu, foto: AzadlıqRadiosu


Eldar Sabiroğlu: “Müəssisənin rəisinin tapşırıqları hardan aldığı məlumdur”

9 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan keçmiş müstəntiq Rüfət Səfərov oktyabrın 3-də valideynləri və xanımı ilə görüşüb.

Görüşdən sonra məhbusun atası Eldar Sabiroğlu sosial şəbəkələrdə oğlunun cərimə kamerasına (kars) salınmazdan əvvəl işgəncəyə məruz qaldığını bildirib:

“Kaş, onu belə görməyəydim. 10 gün “kars”ın divarları arasında, beton döşəmənin üzərində qalmasına baxmayaraq, müvazinətini itirməmiş və sarsılmamışdı. Mən bunu Rüfətin əhval-ruhiyyəsində hiss edərkən daxili bir rahatlıq tapdım. Oğlumu əymək, sındırmaq istəsələr də, məqsədlərinə nail ola bilməyiblər. Onu “karsa” salmazdan əvvəl döyüblər. “Kars”da əl və ayaqlarını dəmir çarpayıya qandallayaraq, üç saatdan çox bu halda saxlayıblar. Bu nə vəhşətdir, bu nə qəddarlıqdır? Doğrusu, ağlıma gətirə bilmirəm”.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov Azadliq Radiosuna məhbusun atasının söylədiklərini təkzib edib:

“Ümumiyyətlə, istər Rüfət Səfərova, istərsə də digər məhbusa cəzaçəkmə müəssisələrində işgəncə verilə bilməz və verilmir”.

Eldar Sabiroğlu Meydan TV-yə Mehman Sadıqovun təkzibindən təəccübləndiyini deyib:

“Əlbəttə, onlar dediklərimi həmişə təkzib ediblər. Onların qeyri-səmimi olduğu mənə məlum oldu. Amma fakt ondan ibarətdir ki, oktyabrın 3-də oğlumuzla görüşəndə ona qarşı etdiklərini özü söylədi. Sentyabrın 28-də Rüfət vəkil Bəhruz Bayramova bu barədə danışıb, lakin səhhətimi nəzərə alaraq mənı deməməyi xahiş edib. Eyni xahişi ombudsman aparatının nümayəndəsi Rəşid müəllimdən də edib. O da Rüfətin işgəncələrə məruz qaldığının şahid olub. Mənim dediklərim gerçəkliyi əks etdirir, mən yalan danışa bilmərəm, bu, səviyyəsizlik olardı”.

E.Sabiroğlu xatırlatdı ki, oğlunu 9 ayda 3 dəfə “kars”a salıblar:

“Hər birində işgəncə veriblər, bu dəfə isə hədlərini aşıblar. 9 Saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Azər Bağırzadən tapşırıqları hardan aldığı məlumdur. Yuxarının sifarişi və tabe olduğu qurumun tapşırığı ilə rəis o cür hərəkət edir. O, özbaşına deyil”.

Rüfət Səfərovun həbsdən məktubu
Rüfət Səfərovun həbsdən məktubu

E.Sabiroğlu vəkil Bəhruz Bayramovun oktyabrın 5-də məhkəməyə və Respublika Prokurorluğuna şikayət edəcəyini deyib.

Rüfət Səfərov 2016-cı il sentyabrın 8-də Lənkəran Rayon Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. O, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun övladıdır.

Rüfət Səfərov ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. Bundan sonra Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılıb. Mənzildən onun kompüteri, telefonu götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülmüşdü.

Ana səhifəXəbərlər”Cəzaçəkmə müəssisəsində oğluma işgəncə veriblər”