Alyans hakimiyyəti öz səhvlərini düzəltməyə çağırır
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı 14 saylı Cəzaçəkmə Müəssisəsində məhkum Elşad Babayevin öldürülməsi, Babək Ədalətlinin ailə üzvlərinə və digər ictimai-siyasi fəallara qarşı həyata keçirilən təzyiqlərlə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir: “Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda söz, mətbuat azadlığının pozulması, insan haqlarının tapdanması, fərqli düşünənlərə qarşı zorakalıq və qanunsuzluq edilməsi bütün sferalarda davam edir. Hakimiyyət yetkililərinin dinc, günahsız insanlara qarşı sərgilədiyi qeyri-qanuni hərəkətlər təkcə nisbi azadlıqda olan şəxslərə qarşı deyil, azadlığı məhdudlaşdırılmış, həbsxanada olan insanlara da qarşı daha qəddar və amansız şəkildə həyata keçirilir.
Dekabrın 22-də Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində 31 yaşlı məhkum Elşad Babayev vəhşicəsinə döyülərək, işgəncə altında qətlə yetirilib. Dustaqların və mərhumun yaxınlarının verdiyi məlumata görə, ona qarşı amansız qətl hadisəsini həyata keçirənlər 14 saylı CÇM-nin əməkdaşları olub. Bu şəxslər arasında müəssisədə məsul vəzifə tutan mayor rütbəli Firdovsi adlı şəxs, rejim rəisi, baş leytenant Faiq adlı şəxs və bir neçə xidmətçinin adı çəkilir. Elşad Babayevin döyülərək, işgəncə ilə qətlə yetirilməsinə etiraz edən dustaqlar qətl hadisəsinə və müəssisədə baş alıb gedən ozbaşınalığa, məhbuslara qarşı qeyri-qanuni, zorakı münasibətlərə sərt təpki göstərib, baş verən hadisəyə görə günahkar şəxslərin məsuliyyətə cəlb olunmasını tələb ediblər. Acınacaqlı haldır ki, digər həbs yerləri üçün də xarakterik olan 14 saylı CÇM-də baş verən bu hadisəyə operativ və obyektiv qiymət vermək əvəzinə Penitensiar Xidmətin rəhbərliyi qətl hadisəsini və dustaların haqlı tələblərini “müəssisənin iş ahənginin pozulması” adlandıraraq, absurd və məsuliyyətsiz davranış nümayiş etdirib. Dustaqların etirazını yatırmaq üçün müəssisəyə ordu hissələri gətirilib və etirazçılara qarşı zor tətbiq edilib.
14 saylı Cəzaçəkmə Müəssisəsində qətlə yetirilən məhbus Elşad Babayevin ailə üzvlərinin verdiyi məlumata görə, müəssisənin rəhbərliyi mərhuma qarşı ilk gündən kobud və alçaldıcı münasibət göstərib. Ona təzyiq edib, “gözüm çıxdı”-ya salıb və pul tələb ediblərmiş. Acınacaqlı haldır ki, bir neçə gün keçməsinə baxmayaraq baş vermiş qətl hadisəsinə görə hələ heç kim saxlanmayıb və cəzalandırılmayıb. Bu faktın özü onu göstərir ki, Penitensiar Xidmətə məxsus həbs yerlərində məhbuslara qarşı həyata keçirilən qanunsuzluq, zorakalıq və korrupsiya halları rəhbərlik və daha yuxarı səviyyələrdə himayə olunur”.
Bəyanatda daha sonra deyilir: “14 saylı CÇM- də baş verənlər bir daha onu göstərir ki, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının hesabatlarında da vaxtaşırı olaraq qeyd edildiyi kimi həbs yerlərində vəziyyət, məhbuslara qarşı göstərilən münasibət dözülməz səviyyədədir.
İnsanların konistitusion hüquqlarına qarşı həyata keçirilən kobud müdaxilələr məhbusların özləri ilə məhdudlaşmır, onların ailə üzvlərinə qarşı da tətbiq edilir. Həbsdə olan Şah İsmayıl Xətai adına Azərbaycan Demokrat Partiyasının sədri Babək Ədalətin ailə üzvlərinin verdiyi məlumata görə, dekabrın 24-də məhbusun qızı naməlum şəxslər tərəfindən başına torba keçirilərək oğurlanıb. Babək Ədalətin qızını hədələyən “oğrular” əllərində olan silahın arxası ilə onun başına vurub yolun kənarına atıblar. Psixoloji sarsıntı keçirən məhbus övladı hazırda həkim nəzarətindədir. Həbsdə olan Babək Ədalətin isə xeyli vaxtdır ki, sağlıq durumunda ciddi problemlər var.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı eyni zamanda hesab edir ki, tanınmış vəkil Xalid Bağırovun Vəkillər Kollegiyasından uzaqlaşdırılması timsalında hakimiyyət hüquqları tapdanan insanları müdafiəsiz qoymaq istəyir. AXCP üzvü Mirağa Abbasovun 25 sutka həbs edilməsi, ilahiyyatçı QHT rəhbəri Elşən Mustafaoğlu haqqında isə 4 aylıq həbs qətimkan tədbirinin seçilməsi ilə repressiyaları davam etdirdiyini göstərir.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı 14 saylı CÇM- də Elşad Babayevin qətlə yetirilməsində iştirakçı və səbəbkar olmuş bütün şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini, məhbus Babək Ədalətin ailə üzvlərinə qarşı təzyiq və zorakalıq edənlərin tapılıb cəzalandırılmasını, eləcə də Cəzaçəkmə Müəssisələrində baş alıb gedən qanunsuzluq, zorakalıq və korrupsiya hallarının aradan qaldırılmasını, məhbusların hüquqlarının qanunvericik səviyyəsində müdafiə edilməsini tələb edir.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı 2014- cü ili geniş repressiyalar və əsassız həbslərlə həyata keçirən hakimiyyəti öz səhvlərini düzəltməyə, həbsdə olan bütün siyasi və günahsız məhbusları ilin son günlərində azad etməyə, eləcə də digər ictimai siyasi fəallara qarşı həyata keçirdiyi repressiyaları dayandırmağa çağırır”.