Elxan Şahinoğlu: ”Bu açıqlamalardan sonra real addımların atılmaması təəssüfləndiricidir”
“Dağlıq Qarabağ məsələsində status-kvonun saxlanması ATƏT-in Minsk qrupu həmsədrlərini qane etmir”.
APA-nın məlumatına görə, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “twitter” səhifəsində yazıb.
“Biz sülh yolu ilə həll üçün danışıqlar prosesinə tam sadiqik”,- deyə o bildirib.
Həmsədrin fikirlərini Meydan TV-yə şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, cənab Uorlikin fəaliyyətinə ikili münasibət var.
“Bizim rəsmilər tez-tez onu Ermənistanın mövqeyinə yaxın fikirlər ifadə etməkdə ittiham edir. Hətta Vaşinqtonda Ermənistan səfirliyində Dağlıq Qarabağ separatçılarının təmsilçiləriylə görüşməsi haqlı narazılığa səbəb oluir. Yaxud AŞPA-da Dağlıq Qarabağ və işğal olunmuş torpaqlarla bağlı qətnamə müzakirəyöə çıxarılmazdan bir neçə gün öncə həmsədrlər birgə bəyanat verib assambleyanı bu işə qarşışmamağı məsləhət görürlər. Nəticədə işğalla bağlı qətnamə qəbul olunmur. Amma Uorlikin başqa məziyyətlərini də qeyd etmək lazımdır. O, status-kvonun dəyişilməsini dönə-dönə vurğulayır. Ən əsası amerikalı həmsədr bir neçə il əvvəl Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını demişdi. Heç bir həmsədr indiyə qədər bu barədə danışmayıb. Bizim də əsas tələbimiz odyr ki, ətraf rayonlar azad edilsin ki, sülh prosesinin irəliləməsi üçün addımlar ataq”,-deyə Şahinoğlu söyləyib.
Siyasi şərhçi hesab edir ki, Uorlikin son açıqlaması da müsbət qiymətləndirilməlidir. Sadəcə, bu açıqlamalardan sonra real addımların atılmaması təəssüfləndiricidir”.