Nazirlik telefon söhbətinin yalnız nazirə aid hissəsini yayıb
Fevralın 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.
Bu barədə Azərbaycan XİN-nin Mətbuat İdarəsi məlumat yayıb.
Məlumatda deyilir ki, nazir Ceyhun Bayramov Laçın yolunda etiraz aksiyasının legitim olduğunu və aksiyanı həyata keçirən şəxslərin tələblərinin yerinə yetirilməsinin zəruriliyini vurğulayıb:
“Bölgədə guya “blokada” və “çətin humanitar vəziyyət” barədə heç bir dəlillərin olmadığı barədə faktlar diqqətə çatdırılıb”.
“Bakının bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində təkliflərinə baxmayaraq, Ermənistan tərəfindən sülh sazişi üzrə danışıqlara törədilən maneələr, silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmaması, hərbi təxribatları və qeyri-qanuni iqtisadi fəaliyyəti davam etdirməsi kimi öhdəliklərin kobud pozuntusu bir daha xatırlanıb”,-deyə XİN qeyd edib.
C.Bayramov deyib ki, Ermənistan sülh sazişi üzrə manipulyasiyalara yol vermək və təxribatçı bəyanatlar səsləndirmək əvəzinə, qısa müddətdə danışıqlar masası arxasında əyləşməlidir.
Azərbaycan XİN-nin məlumatında Karen Donfridin mövqeyi əks olunmayıb.
ABŞ Dövlət Departamenti də K.Donfridin C.Bayramovla söhbəti barədə məlumat yaymayıb və Azərbaycan Xarici İşlər Nazirliyinin press-relizini şərh etməyib.
2022-ci ilin iyununda Bakıda Prezident İlham Əliyevlə görüşən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid danışıqların məzmununu açıqlamamışdı.
“Turan”ın yazdığına görə, ABŞ rəsmisi keçirdyi brifinqdə insan hüquq və azadlıqlarının pozulması faktlarını müzakirə edib-etməməsilə bağlı suala aydın cavab verməyib. Agentlik qeyd edir ki, diplomat, sadəcə, fundamental azadlıqların ABŞ üçün prioritet olduğunu söyləyib.