Çətin xidmət, ASAN soyğunçuluq

Foto: Arxiv

Rövşən Hacıbəyli

7 saatlıq “işgəncə yerindən” reportaj

Bu günlərdə yolumuz ASAN-a düşdü, deyəcəksiz,indi hamının yolu ASAN-dan keçir. Elədir, keçir, ancaq o asan yolun qat-qat artıq çətinlikləri olduğunu bilirsinizmi?

Üzr istəyirəm, uşaqların anasının şəxsiyyət vəsiqəsi pul kisəsi ilə birgə naməlum şəraitdə itmişdi, evi ələk-vələk eləyib onu tapmayanda ASAN-dan başqa yolumuz qalmadığını anladıq. Nahardan sonra üz tutduq Yasamaldakı 3 saylı ASAN-a. Bizi qarşılayan gülərüz qız dedi ki, indi gecdir, şəxsiyyət vəsiqəsinə uzun növbə var, çatmayacaqsız, yaxşı olar, sabah səhər gələsiz. Razılaşdıq, üstəlik, “sağ ol” deyib, qarşıdan gələn bayramını da təbrik edib çıxdıq.

Səhəri özümüzü keçmiş “Yasamal bazarı”nın yerində tikilmiş binaya çatdırdıq. Saat 9.30-da qapıdan girdik, həm də ASAN-lıqla. 9.38-də artıq növbə çekimiz əlimizdəydi. 9.59-da çox asanlıqla ödənişi də elədik, heç nə, itmiş şəxsiyyət vəsiqəsi üçün 30 manat 40 qəpik. Niyə 5 manat, 10 manat yox, 30 manat? Pulu o qədər asan alıb çeki o qədər operativ vermişdilər ki, belə yersiz sualdan vaz keçdik.

Zalda oturmağa yer yox idi, adamlar ayaq üstə qalmışdı. Xidmət göstərən kabinələrin sayı 12 olsa da, onlardan ən azı 3-4-ü işləmirdi, insafən, kabinələrin üstündəki elektron lövhədə işıq yanırdı və “Xidmətə hazırlanır” sözləri yazılmışdı. Bir başqa monitorda “Fasilə” yazılmışdı, nahar vaxtı olmasa da. Beləcə biz orda olduğumuz 7 saat müddətində müxtəlif kabinələrin monitorunda, hər dəfə ən azı üçündə, ya “Xidmətə hazırlanır”, ya da “Fasilə” sözləri yazılırdı, təbii ki, xidmət göstərilmirdi. Saatlar keçdikcə adamların səbri tükənir, etiraz səsləri eşidilirdi. Ortada gəzən nəzarətçilər müxtəlif üsullarla o səsləri azaltmağa çalışırdı. Əsəblər tarıma çəkildiyi vaxtlarda arada mikrofondan kimsə deyirdi:

Xahiş olunur, sakitliyə riayət edin”.

Bu isə pozulmuş əsəbləri bir qədər də qıcıqlandırırdı.

Daha çox etiraz edən bir qadını müxtəlif kabinələrə göndərməklə lap hövsələdən çıxarmışdılar. Oğlunun şəxsiyyət vəsiqəsi tilsimə düşmüşdü, vermək istəmirdilər. Qışqırıq da, xoş danışıq da işə yaramırdı. Ara yerdə yuxarı mərtəbəyə – müdirin yanına da yolladılar. Ordan da ümidsiz qayıtdı:

Müdiriniz də siz deyəni deyir, bəs niyə iki gündür məni yollarda qoymusuz, işdən eləmisiz? İki gündür səhərdən axşama kimi burdayam. Bunu əvvəldən deyin, işimizi bilək. İndi şəxsiyyət vəsiqəsi vermək istəmirsiz, ancaq sabah əsgərlik yaşı çatanda heç o vəsiqə yada düşməyəcək, “vətən borcu” deyib, uşağı alıb əlimizdən aparacaqlar, heç bu vətənin, bu dövlətin bizə borcu yoxdur? Zəhmət çəkin pulumuzu qaytarın, iki gündür işdən qalmışam, mənə vurduğunuz ziyanı da ödəyin, bu yaşatdıqlarınıza görə də üzr istəyin”.

O qadının əsəbi şəkildə, həm də çarəsizcə ora-bura vurnuxması öz problemimizi unutdurmuşdu…

Başqa bir problemi onlayn növbə yaradırdı. Adam gözü monitorda saatlarla gözləyir, növbəsi çatanda ardıcıllıq pozulur, orada başqa nömrə yazılır, səbəbini soruşanda deyirlər ki, o, onlayn növbə götürüb. Adam sanki odlanır: “Yaxşı, başa düşdük, heç olmasa onlayn növbəyə yazılanlar üçün ayrı pəncərə açın, niyə bir-birimizi acılamalıyıq, onlar gəlib öz pəncərələrindən sənədlərini versinlər, alsınlar, işlərini görüb getsinlər…

Foto: Müəllifin arxivindən

Hər şey elektrondur, bəs niyə məni hardansa arayış gətirməyə göndərirsiz, bunun harası elektron oldu? Onda hamısını onlayn edin, daha camaata bir belə zülm verməyin”.

Mən də “Məlumat bürosu”nda oturan xanıma etirazımı bildirirəm, bir adamın qəbul edilib yola salınmasının niyə 25-45 dəqiqə çəkməsinin səbəbini soruşuram.

  • Daxili İşlər Nazirliyinə sorğu göndərilir, ordan cavab gecikir, prosesin uzun çəkməsi onunla bağlıdır- deyir.
  • Sorğunu neçə nəfər göndərir?
  • Bir nəfər…
  • Niyə bir nəfər, bu işi bir neçə nəfər görə bilməzmi?
  • Bizlik deyil, DİN ştat ayırmalıdır, ayırmır.
  • Məsələ qaldırın, problemi bildirin, adamlar niyə saatlarla burda gözləməlidir, əsəbiləşməlidir, əziyyət çəkməlidir?
  • Bizlik deyil…

Can qurtarmaq üçün verilən bu cavabla dialoqun mənasız olduğunu anlayıram, həm də əsəbiləşməyin yalnız özümə ziyanı olacağını bilirəm.

Nəhayət, monitorda sıra nömrəmiz görünür, 30 dəqiqəlik prosedurdan sonra sənədlərimizi qəbul edirlər. Saat 16.38-i göstərir. Qurtulduğumuzu zənn edib çıxışa doğru gedirik. Burada qarşımızı xidmətin keyfiyyəti ilə bağlı sorğu keçirən “könüllü” qız kəsir. Kaş kəsməyəydi,.. ancaq 7 saatlıq stressin hirsini, hikkəsini bu gənc qızın üstünə tökməyə qıymayıb sakitcə bu gün yaşadıqlarımızı danışıram. Sözümü bitirməmiş ASAN paltarında bir qadın gəlir, səlahiyyətli şəxs kimi danışır. İradlarımı ona da bildirirəm. Ondan da eyni cavabı alıram: DİN adam, ştat ayırmır, sayı artırmır”. Deyirəm bu, mənim, vətəndaşın problemidir? Birlikdə həll edin. Mənim, yəni vətəndaşın adından onlara təklif verin, həm də indiyə kimi sizə irad, təklif verənlərin hamısının ağıllı təkliflərini də öz boynuma götürürəm (ola bilər, kimsə adının hallanmasını istəmir), telefon nömrəmi, ad-soyadımı deyib, ASAN-ın boğuq havasından canımızı qurtarıb qapıdan çıxırıq…
Çöldə əsl yaz havasıdı, ciyərdolusu nəfəs alıb yola düzəlirik…

P.S.Elə çixmasın ki, ancaq çatışmazlıqları, pisləri görürük, yox, bu xidmətdə asan, operativ həll olunan işlər də var. Qapıdan rahat keçirsən, növbəni də çox asan alırsan, kəlləçarxa çıxan rüsumları da heç bir problemsiz anındaca ödəyirsən. Qalan şeylər, yəni yuxarıda yazdığım çətinliklər bu asan işlərdən sonra başlayır…

Ana səhifəMənim FikrimcəÇətin xidmət, ASAN soyğunçuluq