Cəsur Sümərinli: ”Hərbi prokurorun fikirlərində ziddiyyət var”

“2015-ci ildə dünyasını dəyişmiş 11 hərbi qulluqçunun adı mediaya bəlli deyil”

Source:
Cəsur Sümərənli
Cəsur Sümərənli


“2015-ci ildə dünyasını dəyişmiş 11 hərbi qulluqçunun adı mediaya bəlli deyil”

“Azərbaycanda hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev yanvarın 29-da Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında bildirib.

Hərbi prokuror deyib ki, ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub, hesabat dövründə qeydə alınmış cinayətlərin 99,6 faizi açılıb.

2014-cü ilə nisbətən 2015-ci ildə Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlər 7,7 faiz, tabelik qaydası əleyhinə 20 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma 26,3 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma 33 faiz, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə 74 faiz, rüşvət alma və rüşvət vermə 71,5 faiz, ölüm hadisələri 2,3 faiz azalıb.

Hərbi hissəni və xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə halları baş verməyib. Cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, eləcə də hələ ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin çox böyük əhəmiyyəti olub.

X. Vəliyev qeyd edib ki, bütün bunlarla yanaşı, ötən il bəzi növ cinayətlərin cüzi artımı qeydə alınıb.

Hərbi prokurorun dediklərini Meydan TV-yə şərh edən “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun direktoru Cəsur Sümərinli isə deyir ki, Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda təmsil olunan strukturların, o cümlədən Hərbi Prokurorluğun fəaliyyətində şəffaflıq və hesabatlılıq olmadığı üçün 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrində cinayətlərin sayının artıb-azalması barədə konkret fikir söyləmək çətindir:

“Amma o da bəllidir ki, Azərbaycan Silahlı Qüvvələrində qeyri-döyüş itkilərinin sayının azalması istiqamətində hər hansı tendensiya sezilmir. Xatırladım ki, bizim apardığımız araşdırmalara görə, ümumilikdə, 2015-ci ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda (Müdafiə Nazirliyi ilə yanaşı digər hərbi qurumlar) 78 hərbi qulluqçu müxtəlif səbəblərdən dünyasını dəyişib. Ölümlərin 68-i Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrdə baş verib. Belə ki, ötən il cəbhə xəttində atəşkəsin pozulması nəticəsində 34, mina partlaması nəticəsində isə 3 Azərbaycan hərbçisi həlak olub. Hərbi hissələrdə baş verən qeyri-nizamnamə hadisələri – zorakılıq və silahdan istifadə qaydalarının pozulması nəticəsində 12 Azərbaycan hərbçisi dünyasını dəyişib. 7 əsgər intihar edib, 8 nəfər müxtəlif bədbəxt hadisələr və digər insidentlər nəticəsində dünyasını dəyişib. 4 hərbi qulluqçu isə müxtəlif xəstəliklərdən dünyasını dəyişib. Ümumilikdə isə monitorinq apardığımız 2003-cü ildən bu günə qədər 900 nəfərdən artıq hərbi qulluqçu müxtəlif səbəblərdən dünyasını dəyişib. Onların arasında isə Ermənistan tərəfinin atəşi nəticəsində dünyasını dəyişənlərin sayı 220 nəfərə yaxındır.

İndi gəlin baxaq görək ki, istər 2015, istərsə də ümumilikdə ötən 13 il ərzində əsgər ölümlərinin (xüsusilə də qeyri-döyüş şəraitində) səbəbləri və məhz ölümlərə görə cəzalandırılanlar barəsində Hərbi Prokurorluq orqanlarının hər hansı hesabatı cəmiyyətə təqdim olunubmu? Əksinə, bir çox hallarda Hərbi Prokurorluq tərəfindən cəmiyyətə qeyri-dəqiq və çaşdırıcı tipli məlumatların verilməsi müşahidə olunur. Misal üçün, Hərbi prokuror Xanlar Vəliyevin ötən il oktyabrın 1-də “Xalq” qəzetində dərc olunan məqaləsində ziddiyyətli məqamlar mövcuddur. Hərbi prokuror iddia edir ki, 2003-cü illə müqayisədə 2015-ci ildə adam öldürmə 2,2 dəfə, ehtiyatsızlıqdan olan ölüm hadisələri 6 dəfə, xəstəliklə əlaqədar ölümlər 2 dəfə, intihar hadisələri 55 faiz, digər səbəblərdən ölümlər isə 10 faiz azalıb. Onun sözlərinə görə, 2003-cü illə müqayisədə 2015-ci ildə ölümlərin sayı 2 dəfə azalıb, cari ildə zəhərlənmə və donvurma nəticəsində ölüm hadisələri, ümumiyyətlə, qeydə alınmayıb”.

Cəsur Sümərinli deyir ki, apardıqlar araşdırmalar nəticəsində ortaya çıxan faktlar hərbi prokurorun fikirlərində ciddi ziddiyyətlərin olduğunu üzə çıxarır: “Aydın olur ki, itkilərin sayı 2003-cü illə müqayisədə nəinki azalmayıb, hətta artıb. Üstəlik iki nəfərin qar uçqunundan yaranan donvurmadan dünyasını dəyişdiyi bildirilir ki, X.Vəliyev ümumiyyətlə, bunu təkzib edir. Xatırladaq ki, 2003-cü ildə apardığımız araşdırmaya görə, 57 hərbi qulluqçumuz dünyasını dəyişib. X.Vəliyevin statistikası o zaman həqiqət ola bilər ki, 2003-cü il itkiləri barədə rəqəmlərin daha çox olması barədə alternativ statistika irəli sürsün.

Hərbi Prokurorun “qeydə alınmış cinayətlərin 99,6 faizi açılması barədə bəyanatı ictimaiyyətdə ciddi şübhələr doğurur. Ən azı ona görə ki, müxtəlif səbəblərdən hərbi hissələrdə öldürülmüş əsgərlərin valideynləri başqa iddialar irəli sürürlər və onların əksəriyyəti Hərbi Prokurorluq orqanlarının apardığı istintaqın gedişi və nəticələri ilə razı deyil. Bu gün hətta 6-7 il bundan əvvəl öldürülmüş əsgərlərlə bağlı bir çox valideynin mübarizəsi davam edir, onlar Hərbi Prokurorluq orqanlarının həyata keçirdiyi tədbirlərlə razı deyillər və hüquq-mühafizə orqanlarının, məhkəmələrin qarşısında vaxt keçirirlər.

Daha bir maraqlı və ziddiyyətli məqam: Hərbi Prokuror 2015-ci ildə 2014-cü ilə nisbətən Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə ölüm hadisələrinin 2,3 faiz azaldığını bildirib. Bizim araşdırmalara görə, 2014-cü ildə Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə 91 hərbi qulluqçu dünyasını dəyişib. Beləliklə, X.Vəliyevin verdiyi məlumata (2,3 faiz azalma) əsasən 2015-ci ildə təxminən 89 hərbi qulluqçu dünyasını dəyişməlidir. Amma dediyim kimi, bizim media üzərində apardığımız monitorinqə görə, 2015-ci ildə Təhlükəsizlik və Müdafiə Sektorunda ümumilikdə 78 hərbi qulluqçu dünyasını dəyişib. Beləliklə, görünən odur ki, 2015-ci ildə dünyasını dəyişmiş təxminən 11 hərbi qulluqçunun adı mediaya və təbii ki, bizə bəlli deyil. Bu məsələ ciddi suallar doğurur.

Beləliklə, hesab edirik ki, Azərbaycanda nəhayət, dünyasını dəyişmiş hərbçilərlə bağlı rəsmi statistikanın cəmiyyətə ötürülməsi praktikasına başlanılmalıdır. Bu statistikanın gizlədilməsi cəmiyyətdə ordu quruculuğu və cinayət halları, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində güc strukturlarının hər hansı səylərinə çox ciddi şübhələr yaradır”.

Ana səhifəXəbərlərCəsur Sümərinli: ”Hərbi prokurorun fikirlərində ziddiyyət var”