Çernobıl faciəsinin qurbanı həyatı haqqında film çəkilməsinə etiraz edib

Ssenari müəllifi Kreyq Meyzi miniserialda Çernobıl faciəsi ilə yanaşı, dövrün mövcud hakimiyyətinin yalançı təbliğatını da göstərmək istəyib.

Source: Foto: arxiv


“Biləndə ki, haqqımda film çəkiləcək, çox pis oldum”

Çernobıl texnogen faciəsi zamanı həyatını itirən yanğınsöndürən Vasili İqnatenkonun həyat yoldaşı Lyudmila eyniadlı serialda onun həyat hekayəsinin ekranlaşdırmasına etiraz edib.


Rusiya mətbuatı

yazır yazır ki, mərhum yanğınsöndürənin həyat yoldaşına filmin yaradıcı heyəti tərəfindən müraciət olunub ki, hadisələri təfsilatı ilə danışsın. Lakin Lyudmila razılaşmayıb, hətta onlara həyatı ilə bağlı film çəkilməsinə etiraz edib. Lakin onun tələbi yerinə yetirilməyib. Çəkilişlər bitəndən sonra isə ona üç min dollar təklif olunub. İqnatenko pulu götürməkdən imtina edib.

“Biləndə ki, haqqımda film çəkiləcək, çox pis oldum. Filmin nümayişindən sonra iş o yerə çatmışdı ki, jurnalistlər evimə qədər soxulurdular”, – Lyudmila İqnatenko deyib .

Serialla bağlı məsul şəxslər və HBO telekanalının rəsmiləri Lyudmila İqnatenkonun şikayətini təkzib edib.

Serialda Lyudmila İqnatenko obrazını Cessi Bakli canlandırıb.

2019-cu ilin mayında ABŞ-ın “HBO” telekanalında yayımlanan beşhissəli “Çernobıl” serialı bütün dünyada böyük marağa səbəb olub. Rejissor Yohan Renkin tarixi dram janrında çəkdiyi film, 1986-ci il aprelin 26-da Çernobıl şəhərində Atom Elektrik Stansiyasının 4-cü enerji blokunda partlayış nəticəsində baş verən faciədən bəhs edir.

Serialın 30 faizi Kiyevdə, qalan hissələri isə Litvada çəkilib.

Ssenari müəllifi Kreyq Meyzi miniserialda Çernobıl faciəsi ilə yanaşı, dövrün mövcud hakimiyyətinin yalançı təbliğatını da göstərmək istəyib. Bunun üçün o, 2,5 il ərzində arxiv materiallarını toplayıb. Tarixi mənbələrlə yanaşı, həmçinin Ukrayna əsilli Belarus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Svetlana Aleksiyeviçin sənədli nəsr janrında yazdığı “Çernobıl duaları. Gələcəyin xronikası” adlı kitabından bəhrələnib.

Hazırda partlayış baş verən 4 saylı nüvə reaktorunun üzəri 360 min tonluq sarkofaqla örtülüb. Həmin əməliyyatda 129 nəfər Azərbaycan vətəndaşı da iştirak edib. Hadisə baş verən ilk aylarda isə qəza yerinə təxminən 7 min azərbaycanlı aparılıb. Ən son məlumatlara görə, Azərbaycanda 4594 Çernobıl qəzasının iştirakçısı yaşayır. Onların doxsan faizindən çoxuna əlillik statusu verilib. Hazırda kateqoriyasından asılı olaraq, əlillərə aylıq müavinət kimi 100-150 manat pul ödənilir.

“Reuters”in verdiyi məlumata görə, məhz bu serialdan sonra Çernobıla səyahət edən turistlərin sayı qırx faiz artıb.

Alimlərin gəldiyi qənaətə görə, Çernobıl ərazisində tam təhlükəsiz şəraitdə yaşamaq üçün təqribən 20 min ilə ehtiyac var.

Ana səhifəDünyaÇernobıl faciəsinin qurbanı həyatı haqqında film çəkilməsinə etiraz edib