“Cərimələr qeyri-leqal gəlir mənbələrini artıracaq”

Natiq Cəfərli: “Hətta devalvasiya olmasa belə, bank sektorunda ciddi təlatümlər gözlənilir”

Source:


Natiq Cəfərli: “Hətta devalvasiya olmasa belə, bank sektorunda ciddi təlatümlər gözlənilir”



ReAL İdarə Heyətinin üzvü, iqtidasçı Natiq Cəfərli ilə gündəmin əsas mövzularından biri-Xətalar Məcəlləsinə təklif olunan cərimələr məsələsini müzakirə etdik.


– Natiq bəy, ötən həftə həm də Xətalar Məcəlləsinə ediləcək dəyişikliklərlə bağlı yadda qaldı. Təklif olunan layihədə çoxlu cərimələr yer alıb. Bu baxımdan hökumətin cərimələri artırmaqla nəyisə dəyişəcəyinə inanırsınızmı?

– Təbii ki, indiki ağır iqtisadi vəziyyətdə hökumət büdcəni doldurmağı vətəndaşların üzərinə qoymaq yolunu seçib. Görünən odur ki, hökumət heç bir islahat paketi, model hazırlaya bilmədiyindən vətəndaşların çiyninə daha ağır yük qoymaqla ciddi bir irəliləyişə nail olmağa çalışır. Bu, çox səhv yoldur, çünki indiki sistemdə həmişə leqal cərimələr büdcəyə ödənilmir. Son cərimələrlə bağlı layihədə əsas məqsədlərdən biri polisin rolunun və gücünün artırılmasıdır. Layihə təklif olunduğu kimi qəbul olunsa, polisin rolu həddən artıq güclənəcək və əlavə gəlir mənbələri yaradılacaq. Hökumət polisə əlavə səlahiyyətlər və gəlir mənbələri yaratmaqla sistemin qorunmasında DİN-in oynadığı rolun davamlılığını artırır. Mən indiki sistemdə toplanan cərimələrin hamısının leqal olaraq büdcəyə köçürüləcəyinə inanmıram. Hesab edirəm, layihə qəbul ediləcəyi təqdirdə yeni korrupsiya mənbələrinin yaraılmasına səbəb olacaq. Bu isə vətəndaşlarda narazılıq yaratmaqla bərabər büdcənin doldurulmasında xüsusi təsir gücünə malik olmayacaq. İndiyə qədər heç bir ölkədə cərimələrlə büdcənin problemlərinin həlli uğuruna imza atılmayıb. Qardaş Türkiyəni götürək, 78 milyonluq əhalidir, cərimələrdən büdcəyə 3 milyard lirə gəlir, bu, büdcənin heç 1 faizi də deyil. Həddən artıq aşağı rəqəmdir. Azərbaycanda da bu variantla büdcə problemlərini həll etmək absurd və mümkünsüz görünür. Bir daha deyirəm, layihənin təsdiqlənməsi ilə polisin rolu və qeyri-leqal gəlir mənbələri artacaq.


– Sual yaranır; məsələn, qonşunun qonşusundan şikayətinin doğru olub-olmaması, yaxud fahişəlik necə müəyyənləşəcək?

– Əslində, dünyanın hər yerində müəyyən çətinliklə bağlı parametrlər və meyarlar var. Bunun müəyyən olunmasında polisin apardığı araşdırma müəyyən rol oynayır. Yəni hər hansı birinə narahatlıq yaradanda polisə müraciət olunur və polis də olayı yerində araşdırır. Problem bu deyil, problem Azərbaycandakı sistemin işləmə qaydalarıdır. Yəni bu gün bir-birindən xoşu gəlməyən iki qonşu bu variantdan istifadə edib bir-birini suçlamayacaqmı? Bu gedişatın mexanizmi necə olacaq, araşdırma necə aparılacaq, suçlunu hansı yolla müəyyən edəcəklər? Bəlkə də polis şikayət olunan qonşuya deyəcək ki, rəsmi cərimə 400 manatdır, protokollaşdırmıram, mənim “hesab”ımı ver. Belə olmayacaqmı? Çünki Azərbaycanda qanunların necə işlədiyini aşağı-yuxarı hamızmız bilirik. Bir daha təkrar edirəm, bu qaydaların tətbiqi bütün dünyada var və bu, normaldır. Sistemin özü işlədiyi üçün normaldır. Dəfələrlə Avropa ölkələrində polisin məhkəməni uduzduğunu görmüşük. Vətəndaş məhkəməyə müraciət edib, məhkəmə araşdırması nəticəsində məlum olub ki, polisin tərtib etdiyi akt səhvdir və cərimə səhv hesablanıb. Bununla polisin aktı ləğv olunub və hətta polisin özü cərimələnib. Azərbaycanda təsəvvür edirsinizmi ki, məhkəmələr polisin əleyhinə qərar çıxartsın? Təəssüf ki, Azərbaycan reallığında islahatlar olmadan kosmetik addımlarla hansısa iş görmək mümkündür. Məhkəmələr azad deyilsə, sərbəst qərarlar qəbul edə bilmirlərsə, normal araşdırmalar aparmırlarsa, o zaman polisin əlinə ciddi səlahiyyətlər keçəcək və o da bundan sui-istifadə şansını xeyli artıracaq. Buna görə də belə cərimələrin tətbiqindən öncə ciddi sistem dəyişikliklərinin və oyun qaydalarının dəyişikliyinə ehtiyac var. Yalnız bundan sonra dəyişikliklər effekt verə bilər, indiki halda effekti çox aşağı olacaq.



Neftin 37-38 dollar aralığında olması hökumətdə o qədərmi həyacan yaradıb ki, bu cür dəyişikliklərə gedir?

– Çox güman ki, belədir. Aylardır və illərdir Azərbaycanı belə bir problemin gözlədiyi barədə xəbərdarlıq edirdik. Deyirdik ki, neftin qiymətinin düşməsi böyük problemlər yarada bilər, hökumət hətta bir yox, bir-neçə anti-böhran planı hazırlamalıdır. Yəni neftin hər qiymətinə uyğun plan olmalıdır. Amma Azərbaycan hökuməti böhranlı vəziyyətdə idarəetməyə öyrəşməyib. Böyük neft pulları hökuməti tənbəlləşdirib, hökumətin böhran menecmenti yoxdur. Belə bir situasiyaya düşmədiyindən hansı addımların atmalı olduğunu da bilmir. Ona görə də müəyyən cərimələrin, vergilərin artırılması yolu ilə yaranmış problemi həll etməyi düşünür. Amma bununla gedişatı daha ağır fəsadlara gətirib çıxaracaq.



Neftin qiyməti indiki səviyyədə qalsa, büdcədə kəsir nə qədər ola bilər?

– İl bitəndən sonra bu ilin büdcəsində ciddi problemlər görünəcək. Gələn il bu ilə nisbətən təqribən 5 milyarda yaxın büdcə azalması gözlənilir, böyük rəqəmdir. Azərbaycan iqtisadiyyatının strukturuna baxdıqda, bunun özü ilə paralel işsizlik yaranacaq, iqtisadi fəallıq zəifləyəcək. Nəzərə alın ki, nef büdcədə 50 dollar götürülüb. Əgər neftin qiyməti 40 dollar civarında olsa, o zaman problemlər daha çox artacaq və ölkənin ehtiyatları sürətlə əriməyə başlayacaq.


– Gündəmin əsas suallarından biri növbəti devalvasiya ilə bağlıdır. Hökumət bu dəfə neçə faiz devalvasiyaya gedəcək?

– Mən kəskin devalvasiyanın olacağını düşünmürəm. Çünki hökumət fevralın 19-da 35 faizlik devalvasiyayla Azərbaycan iqtisadiyyatına çox böyük zərbə vurdu. Təbii ki, devalvasiya qaçılmaz idi, addımlar atılmalıydı. Amma 35 faiz yox, çünki bu rəqəmlə bank sektoru zərbə aldı, ticarət dövriyyəsini, parəkəndə satışı azaltdı, işsizlik ordusu yarandı. Ona görə də indiki şəraitdə kəskin addımların atılacağını düşünmürəm. Ancaq üzən məzənnə adı altında gündəlik, həftəlik məzənnənin azalması prosesi gedə bilər. Ən azından neftin qiyməti indiki şəkildə qalsa, il ərzində tədricən 20-30 faiz devalvasiya gözlənilir. Birdən-birə buna getməzlər, əks təqdirdə, bank sektoru çökəcək, iqtisadiyyatda ciddi durğunluq yaranacaq.


– Bu addım atılacaqsa, mənfi təsir bank, yoxsa tikinti sektoruna olacaq?

– Təbii ki, büdcənin azalması birinci növbədə tikinti sektoruna təsir göstərəcək və bu, zəncirvari xarakter alacaq. Yəni yalnız tikintidə çalışanlara deyil, tikintidə xidmət göstərəmlərə, tikinti məhsulları istehsal edənlərə təsir edəcək və gedişat işsizlik ordusunu xeyli artıracaq. Hətta devalvasiya olmasa belə, bank sektorunda ciddi təlatümlər gözlənilir. Bir neçə bankın bağlanması və yaxud təmərküzləşmə prosesinin şahidi olacayıq. Devalvasiyanın addım-addım olması panika da yarada bilər. Bundan əlavə, xarici ticarət dövriyyəsi azalacaq, xaricdən gələn malların qiymətinin artacaq, bütün bunlar tədrici devalvasiyada da baş verəcək.

Ana səhifəXəbərlər“Cərimələr qeyri-leqal gəlir mənbələrini artıracaq”