“Cərimə” keçidləri

Bu xalq “bezrazmer” deyil axı…

Source:

Avropa oyunlarından əvvəl idi. 28 Mayda Kapital bankın yerləşdiyi küçədən Heydər Əliyev parkına aparan yeraltı keçiddən istifadə etməyən iki Avropa oyunları könüllüsünün polislər tərəfindən saxlanıldığının şahidi oldum. Polislərdən biri gənclərə yaxınlaşıb ağzıucu, sanki bu əhəmiyyətsizlikdən bezibmiş kimi özünü təqdim elədi. Sonra gənclərə başa saldı ki, qanunla küçənin bu tərəfinə yeraltı keçid fasitəsilə keçməli idilər və yolun üstü ilə keçdiklərinə görə yol hərəkatı qaydalarını pozmuş sayılırlar. Buna görə də, inzibati xətalar məcəlləsinin 153-cü maddəsinə müvafiq olaraq hər biri 20 manat cərimə olunurlar.

Gənclər karıxmış halda polisə baxır, gülümsəyirdilər. Sonra onlardan biraz diribaşı polislə dialoqa başlayanda polis onlardan protokol tərtib etməsi üçün özlərini təqdim etmələrini tələb elədi. Onda gənc oğlan dərhal boynundan asılan Avropa oyunlarının könüllülük vəsiqəsini çıxartdı. Cizgi filmlərindəki qorxulu varlıqla qarşılaşanda sehirli qüvvəyə malik hansısa əşyanı o məxluqdan qorunmaq məqsədilə onun üzünə tutan qəhramanın inamlı jesti ilə polisə göstərib dedi: Biz Avropa oyunları könüllüsüyük. Tələsirdik.

Polis isə qolları qarnının qabağında çarpazlaşdırılmış, ayaqlarının biri biraz qabağa nazik bığ meyxanaçı pozasını və sifətindəki sivilizasiyaya yad ifadəni dəyişmədən dedi ki, hə nolsun? Mənə nə dəxli? Sonra polis dedi ki: Qanun hər kəs üçün eynidi. Tam ciddiyətlə, sifətində heç bir ironiya yox idi. Deyəsən, bu sözlərin mənasını dərk etmirdi, sadəcə qulağa xoş gəldiyi üçün deməyi xoşlayırdı. Gənc isə polisin bu sadəlöv rəsmiyyətindən təngə gəlib, onu başa salmağa çalışırdı ki, ağzımızda sənə “Avropa Oyunları”, “Könüllü” Deyirik! Yaxşı ki, polislərdən kənarda duranı vəziyyəti görüb, onlara yaxınlaşdı və əməkdaşlarına başa saldı ki, uşaqları burax getsin.

Hər dəfə şəhərin müxtəlif yerlərində bu hadisələrlə qarşılaşanda mən çox pis oluram. Bu cərimələnmələr məndə orta əsrlərdə hərbi yolla həyata keçirilən zorakı vergi siyasəti ilə assosiasiya olunur. Tarix dərsliklərindən oxuduğumuz vergi məmurları, pulla tutulmuş zorakı vergi yığanlar var-yoxdan çıxmış kəndlilərin üzərinə qoyulmuş ağır vergiləri, onların heç bir yalvarışlarına məhəl qoymadan amansız şəkildə necə tələb etdiklərini, adamların isə verməyə heç nəyi olmayanda onları necə hədələmələri, döyüb-söyməkləri və əllərinə keçən şeyi zorla onlardan alıb aparmaları səhnələri gözümdə canlanır. Bəzən olurdu ki, böyük bir ailənin cəmi iki toyuqu olurdu. Həmin o vergi yığanlar isə bu boyda ailənin dolanışığının yalnız budan ibarət olduğunu nəzərə almadan onu əllərindən alıb aparırdı. Kimin nəyi varsa, yağını, pendirini, düyüsünü kimdən nə qoparmaq kümkündüsə qamarlanırdı.

O gün də bir müəlliməni saxlamışdılar. Müəllimə həyəcanlanmışdı, deyirdi ki, kredit verməyə gedirdi, tələsib. Bağışlasınlar. Bütün bu cərimələrin tətbiq olunduğu müddət ərzində hər cür adamın cərimələndiyini görmüşəm o yollarda. Qoca, cavan, tələbə, fəhlə. Hər dəfə fikirləşirəm ki, tarix təkrar-təkrar dönüb, qayıdır. Sadəcə başqa formalarda. İndi küçənin ortasına cərimələnən o adamlar, orta əsrlərdə olan qalan düyüsü, yağı, pendiri əlindən alınıb yağmalanan adamlarla eyni taleyi fərqli formada yaşayırlar. Fikirləşirəm ki, o 20 manat ki, cərimə kimi bu adamlardan çıxır, o da bir müəllimənin kiçik bazarlığı, bir tələbənin bir həftəlik yeməyi, bir pensionerin dərmanı idi əlindən alındı. Sadəcə indi döymürlər, başa salırlar. Cəriməni vaxtında ödəməsən, faiz gələcək, sonra məhkəməlik olacaq, sonra da ölkədən çıxa bilməyəcəksən.

Düzdü, bu cərimələr güya insanları marifləndirməyə xidmət edir. Adamlar da artıq bir çox xırda, çox da sivilləşmə tələb etməyən mədəni bariyerləri aşmalıdılar. Yeraltı keçiddən istifadə o qədər də əziyyət tələb edən, çətin bir şey deyil və hamının xeyrinədir. Çünki insanlar qadağan olunmuş yerlərdən keçərkən həm öz həyatlarını, həm də başqalarının həyatını təhlükəyə atmış olurlar. Qəzalar baş verir, insan itkisi olur. Ancaq bu formada cərimələnmələrin mariflənməyə xidmət eləməsi artıq hamıda şübhə doğurur. Ona görə ki, marifləndirmə adına gözə dəyən heçnə yoxdu. İkincisi də axı, yolda durub gəlib-gedəni ucdan tutma cərimələmək marifçiliyə hec cürə xidmət edə bilməz. Əksinə, belə təssürat yaranır ki, bu yeraltı keçidlər elə məhz cərimələrdən ötrü tikilib, yenidən istifadəyə verilib və adamların bunu dərk eləməyərək davamlı o qaydanı pozması sərfəli işə çevrilib.

İndi maraqlıdır, daha nə qədər davam edəcək bu cərimələr? Daha nə qədər insanlar yol üstündə soyulacaq? Heç bir fərq və güzəşt qoymadan, işləyib-işləmədiyini bilmədən, sosial vəziyyətini nəzərə almadan yoldan keçən hər kəsi tutub cərimə ödətdirmək də ədalətli deyil. Və necəsə buna da bir nəzarət olmalıdır. Bəs bu avam xalq necə eləsin? Yumurta satan aldadır, dərman qiymətlərində, həkim və xəstəxanalarda soyulur, Azal-ın qiymətlərində yenə aldadılır.. Bunlar hamısı rəsmi formalarda elan olunan soyğunçuluqlardı. Bütün bunlar daha nə qədər davam edə bilər? Axı bu xalq “bezrazmer” deyil.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim Fikrimcə“Cərimə” keçidləri