Bu, 2007-ci ildən bəri ilk görüşdür
Cənubi Koreya prezidenti Mun Çje İn və Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In arasında görüş başlayıb. Görüş demilitarizasiya zonasının cənubunda yerləşən Phanmuncom sərhəd məntəqəsində keçirilir.
“RİA Novosti”nin
məlumatı
na görə, Mun Çje İn və Kim Çen In bir-birlərinin əllərini sıxıb, salamlaşıblar. Liderlər birgə şəkil çəkdirdikdən sonra danışıqlara başlayıblar.
Proqrama görə onlar Şimal-Cənub münasibətlərinin yaxşılaşdırılması, sülh və birləşmənin perspektivlərinə dair məsələləri müzakirə edəcəklər.
Sammitin yekunlarına dair birgə sənəd imzalanacaq.
BBC
yazır
ki, Şimali və Cənubi Koreya liderlərinin sammitində Kim Çen İnə naharda universitet günlərini xatırlatmaq naminə İsveçrə mətbəxinin incisi – kartofundan hazırlanmış “rösti” veriləcək.
Cənab Kimin İsveçrədə təhsil aldığı deyilir, hərçənd ki, özü bunu heç vaxt təsdiq etməyib.
Cənubi Koreya lideri Mun Çje İnə isə doğma şəhəri Busanı xatırlasın deyə balıq yeməyi veriləcək.
Şimali və Cənubi Koreya liderləri 2007-ci ildən sonra ilk dəfə görüşürlər.
Qapalı ölkə kimi tanınan KXDR aprelin 21-də nüvə silahı və ballistik raketlərin sınaqlarına son qoyduğunu, Phungeridəki nüvə poliqonunu bağladığını açıqlayıb. Cənubi Koreya-KXDR sammitindən sonra ABŞ və Şimali Koreya liderlərinin görüşü gözlənilir.
İkinci dünya müharibəsinin ardınca 1948-ci ildə Sovet və ABŞ-ın hərbi qüvvələrinin işğalından sonra Koreya şimal və cənub hissələrə bölündü. 1950-1953-cü illər tarixə Koreya müharibəsi kimi düşdü.