Cənubi Qafqazda seks-şoplar: ümumqafqaz ayıb?

Dünyanın bir çox inkişaf etmiş və etməmiş ölkələrində seks-şoplar digər mağazalarla yanaşı fəaliyyət göstərir.

Source:


Dünyanın bir çox inkişaf etmiş və etməmiş ölkələrində seks-şoplar digər mağazalarla yanaşı fəaliyyət göstərir.

Bəs Cənubi Qafqazda bu ticarət növü varmı? Varsa, ictimaiyyət, alıcılar tərəfindən necə qarşılanır?

Bu ticarət növünün qarşısında hansı əsas problemlər dayanır?

BBC Azərbaycanca üçün qafqazlı jurnalistlər Günel Mövlud, Nona Şahnazaryan və Edita Badasyan Azərbaycan, Ermənistan və Gürcüstan təcrübəsindən yazırlar.


Gürcüstan: “Üzlərini gizlədirdilər”

Məqaləni yazmağa başlamamış sosial şəbəkələrdə müxtəlif qruplarda müzakirələr açdıq. Bəziləri belə mağazaların qəbuledilməz olduğunu deyir və fikirlərini onunla əsaslandırırdılar ki, evli kişilərin, ərdə olan qadınların seks-şop oyuncaqlarına nə ehtiyacı var?

Bəziləri də bunu günah adlandırırdılar. Amma bir çoxları da seks-şop məhsullarının vacib olduğunu deyir və əlavə edirdilər ki, Tbilisi balaca şəhərdir, heç kim belə mağazalarda “yaxalanmaq” istəmir. Qeyd edim ki, seks-şoplar haqqında daha çox kişilər mənfi fikir bildirirdilər, nəinki qadınlar…

Belə sərbəst və cəsarətli qadınlardan biri elə Gürcüstandakı seks-şopun keçmiş həmsahibəsi çıxdı.

“Deyə bilərəm ki, xeyli adam gəlirdi və çox şey alırdılar, amma içəri girməzdən əvvəl yaxalıqlarını qaldırıb üzlərini gizlədirdilər…”

“Rayonlardan da gələnlər vardı. Sonra təşəkkür məktubları yazırdılar. Seks, təbiətdən gələn bir şeydi və bu tələbatlardan heç yerə qaçmaq mümkün deyil. Bizim məhsullar çoxlarına kömək eləyib. Mağazamız ilk dəfə dağıdılanda bizə müraciət edib, onu daha xəlvət yerə köçürməyimizi istədilər. Biz də mağazanı bir az balacalandırıb gözdən uzaq yerə köçürdük”- Y.P. deyir.

Ancaq bir neçə aydan sonra mağazaya ikinci dəfə hücum olundu, bu da onun bağlanması ilə nəticələndi.

“Dindar kütlə mağazanı taxta xaçlarla darmadağın elədi, bizi, satıcıları da vurdular… Onlar “seks-şeytan əməlidir, xristian bir ölkədə belə məhsullar xalqın əxlaqını pozur, siz- İblisin törəmələrisiz!” deyə bağırırdılar. O hadisədən sonra mağazanı möhürlədilər, biz də bağlamağa məcbur olduq, çünki polis xahiş elədi ki, kilsəni qəzəbləndirməyək. Hücum eləyənlərin arasında daimi müştərilərimiz də vardı…”, – deyir keçmiş həmsahibə.

“15 il keçib, müasir Gürcüstanda elə bir mağaza açmaq ağlınıza gəlibmi” sualına Y.P. “yox” cavabını verdi.

“İstənilən ölkədə olar, Gürcüstandan başqa! Mentalitet dəyişməyib. Gürcüstan həddindən artıq patriarxal ölkədir. Amma bu işlə məşğul olduğuma görə qətiyyən peşman deyiləm”, söyləyən Y.P. fikirlərini bölüşdü.

Elə alınıb ki, Gürcüstan qanunvericiliyi daha liberaldır, nəinki cəmiyyət. Gürcüstanda seks-şopların açılmasını qadağan edən qanun yoxdur. Amma Gürcüstanda real mağazanın əvəzinə iki onlayn seks-şop fəaliyyət göstərir: geniş çeşidli məhsullar təklif edən “Seksmarket” və “Kupidon”.

Tibb elmləri doktoru, seksoloq Arçil Bakradzenin sözlərinə görə, bu mağazalar ölkədəki seksologiya üzrə ixtisaslaşmış klinikalarla sıx əməkdaşlıq edirlər.

“Şübhəsiz ki, seks-şoplarda satılan məhsullar vacibdir, faydalıdır, üstəlik insanlara həzz verir. Onlayn mağazalar vasitəsilə onları əldə etmək asandır”- həkim bildirir.

Lakin hətta tibb elmləri doktoru Bakradzenin də fikrincə, Gürcüstanda real seks-şoplar açmağa gərək yoxdur.

“Çünki xristian mühitini nəzərə almaq lazımdır, ona görə də hesab edirəm ki, onlayn variant seks-şopların ən optimal variantıdır. Heç kimin başı ağrımır, kimə lazımdırsa, alır. Buna qarşı olanlarsa o mağazaları nə görürlər, nə də etiraz edirlər”- deyir Arçil Bakradze.

Yazıçı-tərcüməçi Anna Kordzaya da hesab edir ki, Gürcüstanda seks-şoplar heç vaxt açılmayacaq. Təkcə ona görə yox ki, hücumlardan qorxurlar. Həm də ona görə ki, mentalitet icazə verməz.

“Mən, rahat-rahat seks-şopa daxil olub ordakı vasitələri nəzərdən keçirən Tbilisi sakinini çətinliklə təsəvvür eləyirəm. Ona görə yox ki, bu, maraqlı deyil. Ona görə ki, bizə yaddır. Bizdə seksuallıq o qədər sıxışdırılıb ki, ayıb hesab olunur. Məsələ onun yaxşı, ya da pis olmağında, bizim qəbul etməməyimizdə deyil. Sadəcə, bizə yaddır. Odur ki, kimsə Tbilisidə seks-şop açsa, mən əylənəcəm. Məncə, burda hələ bir neçə on il seks-şop olmayacaq”, yazıçı söyləyir.

“Bəlkə məktəblərdə seksual təhsil tədris edilsin? Onda gələcək nəslin mentallığı da fərqli olar” sualına isə yazıçı belə cavab verir:

“Gürcüstanda fizika dərsi “Müqəddəs atamız” duasını oxumaqla başlayır, zənnimcə, artıq sözə ehtiyac yoxdur”.

Anna Kordzayanın sözlərinə görə, Gürcüstan ədəbiyyatında iki mövzu var ki, yazıçıların onlara toxunması “yasaqdır, əks halda gözlərini çıxardarlar”.

“Bu, din və seksdir. Qalan şeylər haqqında yaza bilərsən”, deyə Kordzaya sözünü yekunlaşdırır.


Ermənistanda var, amma onlayn

Niyə Yerevanda seks-şoplar yoxdur? Daha dəqiq desək, Yerevanın fiziki məkanında. Amma virtualda xeyli onlayn mağaza var. Bu vəziyyəti necə izah etmək olar?

Ermənistanda dövlət yasağı yoxdur, amma mağazalarda uzaqbaşı erotik alt paltarları, afrodiziaklar satmaq mümkündür. Bu dükanın sırf erotik məhsullar üzrə ixitsaslaşaması da həssas məsələdir.

Yəni erotik məhsulları başqa malların gözünə qatıb, satmaq olar.

Hüquqi nöqteyi-nəzərdən bunlar qadağan olunmayıb. Amma deyəsən, hansısa səbəb onların göz önündə, ictimaiyyət üçün açıq ərazilərdə məskən salmasına mane olur. Başqa növ senzura mövcuddur. Şərti olaraq, “xalq nəzarəti” adlandıraq.

Bəzi Yerevan sakinlərinin nəzərində çeşidləri arasında hansısa erotik məhsullar olan dükanı da seks-şop hesab etmək olar və paytaxtımız çox müasirdir: “Yerevanda hər iki cinsə, afrodiziaklı ətirlərə qədər geniş çeşiddə məhsullar təklif edən çoxlu seks-şoplar var.

Ayrıca mağazalarla yanaşı, böyük ticarət mərkəzlərində kiçik şöbələr də fəaliyyət göstərir. Və ora xeyli sayda müştəri gəlir, çünki eynicinsli münasibətlər də erkən dövrünü artıq çoxdan geridə qoyub”.

Digər bir sakin isə deyir ki, seks-şoplara ehtiyac yoxdur, çünki onlar çox təhlükəlidir. “Virtual dükanlarda məhsullar, əsasən, Çindən gətirilir, yaxşı mal bahadır və vətəndaşlarımızın cibinə uyğun deyil. Yəqin, buna görə seksopatoloqlar problemi həll etməkdən ötrü seks-şopların linklərini verirlər və nə almağı, hansı firmanın məhsulunu seçməyi tövsiyyə edirlər. Bu oyuncaqlar çox bahadır. Məsələn, vaginizmin müalicəsi üçün nəzərdə tutulan fallos- müxtəlif ölçülərdən ibarət bütöv bir dəstdir və 1000 avro qiyməti var”.

Yerevanlı araşdırmaçı-psixoloq Şamiram Raştuninin sözlərinə görə, Yerevanda onlayn seks-mağazaların alıcıları həm də iranlılardır.

“Ermənilərlə yanaşı, Yerevanın virtual seks-şoplarının əsas müştəriləri İrandan gəlir”, o deyir.

Ermənistanın fiziki məkanında seks-şoplar olmasa da, əvəzində istədiyin qədər onlayn seks şop tapa bilərsən. Mən o saytlardan birinə baxdım- hər şey çox yaxşı və səviyyəli düşünülüb. Kandarda 18 yaşına çatmamış uşaqlara sərt şəkildə içəri girməmək barədə xəbərdarlıq edilir. Bundan əlavə, sayt üç dildə fəaliyyət göstərir (ingilis, rus, erməni dillərində).

Təklif olunan məhsulların miqyası rəğbət doğurur: vibratorların, masturbatorların və digər seksual-erotik predmetlərin bütün çeşidlərini tapmaq mümkündür.

Niyə Yerevanda seks-şoplar yoxdur? Bəlkə ona görə ki, Yerevan əyalət paytaxt şəhəridir? Bəlkə səbəb ümumqafqaz ayıb və namus mədəniyyətidir?

Mədəni antropoloqlardan birinin dediyinə görə, əgər kimsə seks mağazasına girməyə cəsarət eləsə, ən əsası isə bu zaman onu kənardan görən olsa, elə həmin axşam hər kəs bundan xəbər tutacaq. Elə şayiələr yayılacaq ki, həmin insanın bütün həyatı darmadağın olacaq.

Bununla belə seks-şopların niyə ictimaiyyətə açıq məkanlarda olmamasının sirri hələ də sona qədər açılmayıb.


Azərbaycanda qadağandır

Ermənistan və Gürcüstanda olduğu kimi, Azərbaycanda da seks-şoplar yoxdur. Mövzuya ondan başlayaq ki, seks-şoplara ölkəmizdə ümumiyyətlə, ehtiyac varmı?

On ildən çox əhalinin problemli kəsimləri ilə işləmiş ginekoloq Zərifə Quliyevanın fikrincə, seks-şoplar olmalıdır. O deyir ki, Azərbaydanda tənha qadınlar çox olsa da, azad seksual münasibətlər yoxdur, çünki ortada mentalitet faktoru var:

“Seks-şop olsa, tənha qadınlar heç olmasa, simulasiya yoluyla təlabatlarını ödəyərdilər. Tənha kişilər də, az deyil. Onlar da qadınlarla münasibət qurmaqda əziyyət çəkir. Belə halda, məsələn, rezin kuklalar çıxış yoludur”, o deyir.

Zərifə xanımın fikrincə, seks-şoplar həm də cütlüklərə lazımdır. Onun fikrincə, zaman keçdikcə onların intim münasibətlərində eksperimentlərə ehtiyac yaranır ki, burda da menalitet faktoru rol oynayır:

“Bizim bəzi kişilər seksual yenilikləri həyat yoldaşları ilə etməyə çəkinirlər. Ya seks işçilərinin xidmətindən istifadə edir, ya da məşuqə saxlayırlar. Bu isə həm maddi cəhətdən zərərdir, həm partnyoru, həyat yoldaşına qarşı arzuolunmaz davranışdır, həm də səhhət üçün təhlükəlidir. Seks-şopdakı əşyalarla ailələr, cütlüklər intim həyatlarını daha zəngin edə bilərdilər. Həmçinin, seksual azlıqların ölkəmizdə nə qədər partnyor qıtlığı yaşadığını nəzərə alaq …”

Bununla belə, Zərifə xanım bu tipli dükanların Azərbaycanda açılmasını real hesab etmir.

“Ölkəmizdə seks-şoplar açmaq mümkün deyil. Böyük çoxluğun qınaq və gülüş obyektinə çevriləcək. İnsanlar o dükanlara girməyə qorxarlar”, o qeyd edir.

Bəs, işin hüquqi tərəfi? Bir iş adamı Azərbaycanda seks-şop açmaq qərarına gəlsə, bu, hüquqi olaraq, mümkündürmü?

Hüquqşünas Fariz Namazlı deyir ki, Cinayət Məcəlləsinin 242-ci maddəsini nəzərə alsaq, ölkədə seks-şop açmaq olmaz. Çünki sözügedən maddəyə əsasən, pornoqrafik materialları yayma, reklam məqsədilə qanunsuz hazırlama, reklam etmə, habelə, pornoqrafik xarakterli nəşrlər, kino və video materiallar, şəkil və sair əşyaların satışı qanunsuz ticarət, cinayət hesab edilir.

Cənab Namazlının sözlərinə görə, seks-şoplarda satılan mallar da pornoqrafik xarakterli hesab olunur, buna görə də, belə bir mağazanın açılması, qanunla mümkün deyil. Hüquqşünasın fikrincə, belə bir ticarət növünü qeydə belə almayacaqlar: “Bu hal təcrübədən də keçib, bir nəfər sex.az saytı açmaq istəyirdi, qeydə almadılar”.

Əhalisinin çoxu müsəlman olan Azərbaycanda ilahiyyatçı Niyam Aqil deyir ki, seks-şoplarda satılan əşyaların əksəriyyəti dini çərçivələrə sığmır.

“Qoruyucu, doğum-kontrol həbləri, intim məlumat kitabları, erotik paltarlar satıla bilər. Amma masturbasiyaya təkan verən əşyaların satışı nəinki, İslam, istənilən səmavi dinlərə görə haramdır…” ilahiyyatçı bildirir.


bbc.com (azərbaycanca)

Ana səhifəXəbərlərCənubi Qafqazda seks-şoplar: ümumqafqaz ayıb?