Cənubi Koreyada Prezidentin istefası tələbi ilə mitinqlər başlayıb

Foto: Reuters

Paytaxt Seulla yanaşı, Pusan, Tequ və Kvancu şəhərlərində də aksiyalar keçirilir

Cənubi Koreyada Prezidentin istefası tələbi ilə etirazlar başlayıb.

“RİA Novosti” yazır ki, dekabrın 3-də ölkədə hərbi vəziyyətin tətbiqinə qərar verən Cənubi Koreya Prezidenti Yun Sok Yolun istefasının tərəfdarları Seulun mərkəzi meydanına toplaşıblar.

Bildirilir ki, kütləvi siyasi mitinqlərin ənənəvi məkanı olan Qvanqvamun meydanının ərazisinə minlərlə insan toplaşıb.

Onlar bayraqlar və pankartlar daşıyır, Yun Sok Yolun istefasını, həbsini tələb edən şüarlar səsləndirirlər.

Asayişi qorumaq üçün aksiyanın keçirildiyi yerdə xeyli sayda polis əməkdaşı var ki, onlar etirazçıların hərəkətinə mane olmurlar.

“Meduza” isə yazır ki, Seulla yanaşı, Pusan, Tequ və Kvancu da daxil olmaqla bir çox şəhərlərdə mitinqlər keçirilir.

İctimai və əmək təşkilatları etiraz aksiyaları və mitinqlər təşkil edirlər.

Dekabrın 3-də Cənubi Koreyanın Prezidenti Yun Sok Yol xalqa müraciət edərək ölkəsində hərbi vəziyyət elan etdiyini bildirib.

Dekabrın 4-də Cənubi Koreyanın altı müxalifət partiyası, o cümlədən Milli Assambleyada çoxluğa sahib olan “Toburo” Demokratik Partiyası parlamentin qanunvericilik komitəsinə impiçment təklifi təqdim edib.

Qanun layihəsini altı müxalifət partiyasının hamısından 191 deputat təsdiqləyib.

Hakim “Xalqın Gücü” partiyasının deputatları Prezidentin impiçmenti haqqında qanun layihəsinin müzakirəsində iştirak etməyib.

Partiya nümayəndələri də öz növbəsində Cənubi Koreyanın Nazirlər Kabinetinin buraxılmasını, müdafiə nazirinin istefaya göndərilməsini və Prezidentin partiyadan istefa verməsini tələb ediblər.

“Xalqın Gücü” partiyasının lideri Han Don Hun üçüncü təklifdə fikir ayrılığının olduğunu, digər ikisi üzrə konsensusun əldə edildiyini söyləyib.

Cənubi Koreya müxalifəti müdafiə naziri Kim Yon Hyunun impiçmentini tələb edir.

Demokratlar Partiyası, Prezidentə hərbi vəziyyət elan etməyi təklif edən nazirə qarşı impiçment təklifi irəli sürüb.

Prezidentin impiçmenti haqqında qanun layihəsi ilə birlikdə dekabrın 5-də nazirin impiçmenti məsələsinin parlamentə təqdim ediləcəyi və səsvermənin dekabrın 6 və ya 7-də baş tutacağı gözlənilir.

Demokratlar Partiyası daxili işlər naziri Li San Minin də impiçmentinə çalışacağını bildirib.

Partiya hesab edir ki, prokurorluq Prezidentə və iki nazirə qarşı dövlətə xəyanət ittihamı irəli sürməlidir.

Cənubi Koreyanın müdafiə naziri Kim Yon Hyun “hərbi vəziyyətin tətbiqi ilə bağlı bütün hadisələrə görə məsuliyyət daşıdığını” və hərbçilərin onun əmrlərini yerinə yetirdiyini söyləyib.

Nazir Cənubi Koreya vətəndaşlarından üzr istəyib və Prezidentə istefa məktubu göndərib.

Kim Yon Hyun bu bəyanatı Demokrat Partiyasının onun impiçmenti üçün qanun layihəsi hazırladıqdan az sonra verib.

Dekabrın 5-də parlamentin müdafiə, eləcə də daxili işlər komitələri hərbi vəziyyətin tətbiqində iştirak edən məmurları sorğu-sual etmək üçün fövqəladə iclas keçirməyi planlaşdırır.

Onların arasında müdafiə naziri Kim Yon Hyun və hərbi vəziyyətin tətbiqindən sonra komandir təyin edilmiş ordu qərargah rəisi Pak An Sunun da adı var.

Prezidentin aparat rəhbəri də daxil olmaqla, 10 baş köməkçisi istefa verib.

Prezident Aparatı bildirib ki, Baş Qərargah rəisi Çunq Jin Sok, milli təhlükəsizlik üzrə müşaviri Sin Von Sik, baş qərargahın siyasi məsələlər üzrə rəhbəri Sunq Te Yun və daha 7 məmur istefa vermək qərarına gəlib.

“The Korea Herald” yazır ki, Cənubi Koreyanın yüksək vəzifəli siyasətçiləri, o cümlədən hakim partiyanın üzvləri, Baş nazir Han Dok Su və Prezidentin köməkçiləri ölkədə hərbi vəziyyətin nəzərdə tutulduğunu əvvəlcədən bilməyiblər.

Cənubi Koreya Prezidenti Yun Sok Yol 1979-cu ildən bəri ilk dəfə dekabrın 3-də hərbi vəziyyət elan edib.

Prezident qərarını “Şimali Koreya tərəfdarı olan antidövlət qüvvələri” – müxalifət partiyaları ilə mübarizə ilə izah edib.

Yun Sok Yol  bildirib ki, müxalifətin əksər mandatlara sahib olduğu parlament 2024-cü ilin iyununda işə başladığı gündən bəri müxtəlif məmurları impiçment etməyə 10 dəfə cəhd edib və hökumətin büdcə təkliflərini də rədd edib.

Yun Sok Yolun hərbi vəziyyətlə bağlı qərarı müxalifət və hakim partiyanın lideri Han Don Hun tərəfindən dəstəklənməyib.

Hərbi vəziyyətin tətbiqindən sonra polis parlament binasının girişini bağlayaraq, deputatları içəri buraxmaqdan imtina edib.

Bəzi parlamentarilər, o cümlədən spiker U Von Sik, hərbi vəziyyətin ləğvi ilə bağlı qətnaməyə səs vermək üçün hasarın üzərinə çıxaraq, binaya girməli olublar.

Ən azı 280 silahlı hərbçi parlament binasına daxil olub və helikopterlə əraziyə aparılıb.

Onlar dərhal plenar zala daxil olmaq istəsələr də, parlamentin işçiləri girişi mebel və avadanlıqlarla bağlayıblar.

Ana səhifəDünyaCənubi Koreyada Prezidentin istefası tələbi ilə mitinqlər başlayıb