Cənub Qaz Dəhlizinin açılış mərasimi olub

Vüqar Bayramov: ”Dəhliz Avropanın Rusiyadan qaz asılılığını azaldacaq”

Source:


Vüqar Bayramov: ”Dəhliz Avropanın Rusiyadan qaz asılılığını azaldacaq”

Səngəçal terminalında mayın 29-da Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib.

Təbdirdə çıxış edən prezident İlham Əliyev xatırladıb ki, iyunda TANAP layihəsinin istifadəyə verilməsi qeyd ediləcək:

“Bu layihənin icra edilməsinə 40 milyard dollar qoyulur. Azərbaycanın təsdiq edilmiş qaz resursları 2,6 trilyon kubmetrdir. Bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Azərbaycan, Türkiyə və Gürcüstan bu layihələri icra edərkən güclü regional əməkdaşlıq formatı yaradıb”.

Foto Azərtac
Foto Azərtac

Azərbaycan Prezidenti ABŞ hökumətinə təşəkkür edib.

“ABŞ hökuməti bu layihələrdə bizə həm siyasi, həm iqtisadi, həm də mənəvi dəstək göstərib. Bu layihələr böyük resurslar tələb edir və bu maliyyə banklar vasitəsi ilə təmin olunub. Böyük Britaniya hökuməti də bu layihələrin reallaşmasında bizə dəstək göstərib. Biz bu gün belə böyük layihələri tərəfdaşlarımızla icra edir, Avropanın enerji xəritəsini yenidən tərtib edirik”.

Tədbirdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Tereza Meyin təbrikini oxuyub.

Baş nazir Azərbaycan xalqını AXC-nin 100 illiyi ilə bağlı təbrik edib.

Təbrikdə daha sonra qeyd olunub ki, neft-qaz gəlirləri Azərbaycanı müasir ölkəyə çevirib.

“BP-nin bu məsələdə rolu ilə fəxr edirəm. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” tarixi dönüş oldu”.

ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müşaviri, xanım Sandra Oudkirk ölkəsinin “Cənub Qaz Dəhlizini qətiyyətlə dəstəkləyir” deyib.

“Layihənin həyata keçirilməsi regionda stabilliyin bərqərar olmasını və enerji resurslarının diversifikasiyasını təmin edəcək”.

Qaz İxracatçısı Ölkələri Forumunun baş katibi Yuriy Sentyur deyib ki, 2024-cü ilə qədər qaz ixracı 1,5 dəfə artacaq.

“Avropa bazarı bundan sonra çox cəlbedici olacaq. Bu, yeni infrastrukturun yaradılmasını tələb edəcək. Cənub Qaz Dəhlizi bu baxımdan mühüm infrastrukturdur”.

Qəri Cons
Qəri Cons

BP-nin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qəri Consun sözlərinə görə, təmsil olunduğu şirkətdə Azərbaycanın 2500 vətəndaşı çalışır:

“Bu, Azərbaycanda əməkdaşlarımızın 95 faizini təşkil edir”.

İqtisadçı Vüqar Bayramov “Facebook” səhifəsində yazıb ki, Azərbaycan artıq öz qazını birbaşa Rusiyadan kənar Avropa bazarına çıxara biləcək. O qeyd edib ki, dəhlizin reallaşmasından qazanan tərəflər həmçinin qonşu Türkiyə və Gürcüstandır.

“Türkiyə TANAP-a sahib olmaqla, TAP-a da “ev sahibliyi” edəcək, ölkənin bu layihədən öz daxili ehtiyacları üçün faydalanmaq imkanı yaranacaq. Türkiyəyə nəql edilən qazın illik həcmi 12,6 milyard kubmetrə yüksələcək. Gürcüstan yenə də tranzit ölkədir və TAP çərçivəsində qoyulacaq 40 milyard dollar sərmayənin yarıdan çoxu Azərbaycan və Gürcüstan iqtisadiyyatına yönəldilib”.

Vüqar Bayramov
Vüqar Bayramov

Onun sözlərinə görə, ilkin qiymətləndirmələrə əsasən, ölkəmizin “Şahdəniz” yatağının birinci və ikinci fazasının işlənilməsindən əldə etdiyi gəlirin həcmi 100 milyard dollardan çox olacaq.

“Bu gün “Şahdəniz” yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir. Dəhliz Avropanın enerji təhlükəsizliyinə həm müsbət təsir göstərəcək, həm də onun Rusiyadan mavi yanacaq asılılığını azaldacaq. Birinci mərhələdə ildə 10 milyard kubmetr qaz Rusiyadan yan keçməklə Avropa bazarına çıxarılacaq. Növbəti mərhələdə bu, 20 milyard kubmetrə çatdırılacaq. Əgər TAP-ın ötürmə qabiliyyətinin 30 milyard kubmetr olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, “Abşeron” yatağı da istifadəyə veriləndən sonra Avropa Birliyi göstərilən həcmdə qazı Azərbaycandan idxal edəcək”.

İqtisadçı vurğulayıb ki, elə birinci mərhələdə Avropa bazarına çatdırılacaq mavi yanacaq bir neçə ölkənin tələbatını ödəmək baxımından böyük əhəmiyyət daşıyacaq.

“Mavi yanacaq baxımından Rusiyadan 97 faiz asılı olan Bolqarıstan daxili şəbəkə ilə Azərbaycan mavi qazını idxal edəcək. Qlobal enerji təhlükəsizliyi müasir dünya iqtisadiyyatında həllini gözləyən vacib problem olaraq qiymətləndirilir. Təsadüfi deyil ki, ekspertlər növbəti 20 il ərzində Avropanın təbii qaz tələbatının 2 dəfə artacağını proqnozlaşdırırlar. Artan tələbatın qarşılığında isə daxili istehsal illik 200 milyard kubmetrdən 100 milyard kubmetrə qədər azalacaq”, – iqtisadçı belə yazıb.

Cənub Qaz Dəhlizi Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.

Ana səhifəXəbərlərCənub Qaz Dəhlizinin açılış mərasimi olub