”Cənab prezident, Rafiq Tağının qatilləri niyə tapılmır?”

“İşə getməyən vaxtlarda, ancaq burada olurdu. Kompüterdə hekayələr yazırdı. Səhər saat 5-də dururdu ki, beynimə söz gəlib, mütləq yazmalıyam. Bizə deyirdi, siz yatın, mən durub işləməliyəm”. (həyat yoldaşı Mailə Tağıyeva)

Bura yazıçı Rafiq Tağının iş otağı olub. O, 6 il öncəyə – bıçaqlanıb öldürülənədək bu masa arxasında hekayələr yazıb.

6 illik ənənəyə sadiq qalan Mailə Tağıyeva bu gün də həyat yoldaşının məzarını ziyarətə gedir.

“Hər il bu vaxt gələndə biz pis oluruq. Özüm də məətəl qalmışam ki, 6 ildir bu insanın qatili tapılmır. Orqanlar bu işlə məşğul olmur. Hamı öz kefindədir. Mənim yoldaşımın qatilini axtaran da yoxdur. Heç tapılmayacaq da, daha ümidim yoxdur”-Mailə Tağıyeva söyləyib.

Yazıçının ölüm günündə ailəsi, dostları, ictimai fəallar onun məzarını ziyarət ediblər.

“Azərbaycan belə bir inkişaf yolundadır ki, biz ya Şərqin kəhanətinə yuvarlanmalı, ya Qərb dəyərlərini mənimsəyib müasirləşməliyik. Rafiq Tağı bu iki düşüncənin ortasında, Qərb dəyərlərini müdafiə edən və sekulyar düşüncəyə öz həyatını qurban verən bir insandır”-yazıçı Rasim Qaraca deyib.

“Cənab prezident, Rafiq Tağının qatilləri niyə tapılmır? Ya siz səbatsızsınız, oturubsuz hüquq-mühafizə orqanlarında, ya bu işdə maraqlısınız, qorxursuz hansısa xarici siyasi qüvvələrdən, yaxud da, özünüz eləmisiniz. 3 cavabı var bu sualın”-yazıçının qardaşı İlqar Tağı bildirib.

“Belə bir yazıçı var idi bizdə, biz onu görmürdük. Çünki ulduzlar yaxından görünmür, ona gərək uzaqdan baxasan. Biz həmişə belə olmuşuq. Bütün dəyərlərimiz məişət səviyyəsindədir. Dünyəvi problemlərlə məşğul olmağa cəsarətimiz çatmır. Ona görə Rafiq Tağını bıçaqladılar. Xəstəxanada onu qoruya bilmədik, hansı ki əlimizin içindəydi”- Rafiq Tağının oxucusu Cəmşid Rzaquliyev belə deyib.

Yazıçı, jurnalist, həkim Rafiq Tağı 2011-ci il noyabrın 19-da işdən evə dönərkən naməlum şəxslər tərəfindən bıçaqlanıb. O, noyabrın 23-də xəstəxanada vəfat edib.Yaralıykən bıçaqlanmasını İran siyasi hakimiyyətini tənqid etməsilə bağlayıb.

Hadisədən 6 il keçsə də, yazıçının qatilləri hələ də tapılmayıb. Baş Prokurorluq isə qətllə bağlı cinayət işini dayandırıb.

Vəkil Elçin Sadıqov deyib ki, Rafiq Tağının 2006-cı ildəki həbsinin qanunsuz olması və ölümündən sonra cinayət işinin düzgün araşdırılmaması ilə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edilib. Hər iki iş üzrə kommunikasiya bitib, yaxın zamanda qərar gözlənilir.

Ana səhifəVideo”Cənab prezident, Rafiq Tağının qatilləri niyə tapılmır?”