Ağdaş rayon sakini ona çatacaq kompensasiyanın mənimsənildiyini deyir
““Azəryol Servis” ASC-nin sədri Saleh Məmmədovun qanunsuz hərəkətləri nəticəsində külli miqdarda kompensasiyamız mənimsənilib, həyətyanı sahəmiz zəbt edilib. Azmış kimi hamamımızı da söküblər”, – Ağdaşın Əmirarx kəndinin sakini Ruslan Həmidovun sözləridir.
““Azəryol Servis” ASC-nin sədri Saleh Məmmədovun sifarişi ilə 15 gün həbs edildim”
Ruslan Həmidovun həyətyanı sahəsi Kürdəmir-Yevlax magistral yolunun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar plana düşüb. Buna görə ona 5 min manat kompensasiya təklif olunub. Ruslan Həmidov bununla razı deyil:
“Yolun Ağdaş rayon ərazisindən keçən hissəsinə görə 6 sot həyətyanı sahəm plana düşdü. Bunun müqabilində mənə 5 min təklif edildi, razı olmadım. Çünki həmin ərazidə 85 dənə bol məhsul verən meyvə ağacları və hamamımız var idi. Bundan əlavə, qonşuların 6 sotdan az torpaq sahələrinə mənə veriləcək kompensasiyadan dəfələrlə çox vəsait təklif olunmuşdu. Buna etirazımı bildirdim. Nəticədə, “Azəryol Servis” ASC-nin sədri Saleh Məmmədovun sifarişi ilə məni 14 dekabr 2015-ci il tarixində qanunsuz olaraq 15 gün inzibati qaydada həbs etdilər. Guya mən yol çəkilişinin aparılmasına maneçilik yaratmışam”.
“Magistral yolun hündürlüyü evimin damına bərabərdir”
Şikayətçi bildirir ki, polis bölməsində olduğu zaman natarius gətirərək, ona 5 min manatla razı olması ilə bağlı sənəd imzaladıblar:
“İmzalamasam ailəmi və azyaşlı övladlarımı həbs edəcəklərini dedilər. Bu, bəlkə də Azərbaycan tarixində görünməmiş vəhşilik və özbaşınalıqdır. Evimi, həyətyanı sahəmi pis günə qoyublar. Yol evimin 4 metrliyindən keçir ki, bu, hər an həyatımıza ciddi təhlükə deməkdir. Həbsdən çıxanda gördüm ki, meyvə ağaclarımı kəsib, hamamımı söküblər. Bundan əlavə, ağır tonajlı avtomobillərin hərəkətindən evim silkələnir, divarları çatlayıb, qəzalı vəziyyətdədir. Təsəvvür edin, magistral yolun hündürlüyü evimin damına bərabərdir”.
“Bu haqsızlığı, özbaşınalığı, vəhşiliyi Allah da götürməz”
Himayəsində üç azyaşlı övladının olduğunu deyən Ağdaş sakini onu da bildirir ki, yol çəkiləndən uşaqları ev dustağı olublar:
“Həyətə çıxmağa qorxurlar. Ağır tonajlı maşınların hərəkəti silkələnmə, vahimə yaradır. Bundan nəinki azyaşlı uşaqlar, hətta böyük adam da qorxub, həyacan keçirir. Bundan əlavə, hamamımızı dağıtdıqları üçün evdə yuyunmaq məcburiyyətində qalmışıq. Bu haqsızlığı, özbaşınalığı, vəhşiliyi Allah da götürməz”.
“Kompensasiyamızı mənimsəyib, vətəndaşa cüzi pul verməklə həm bizi, həm də prezidenti aldadırlar”
Ruslan Həmidov həm hər il qazanc götürdüyü meyvə ağaclarından olub, həm hamamı uçurulub, həm də evinin divarlarında çat əmələ gəlib. Deyir, ən əsası isə həyatlarının ciddi təhlükə qarşısında olmasıdır:
“Hansı qanuna əsasən magistiral yol yaşayış evinin düz 4 metrliyindən keçməlidir? Deyək ki, dövlət ehtiyacıdır, keçməlidir. Belə olan təqdirdə vətəndaşa normal kompensasiya verilməlidir ki, başqa yerdən ev alıb ordan köçsün. Üzümü tuturam prezidentimizə. Bilirəm ki, onun bu vəhşiliklərdən, saxtakarlıqlardan xəbəri yoxdur. Dövlət yol çəkilişinə görə vəsait ayırır. Bunun üçün insanlara kompensasiya verilməsini nəzərdə tutur. Ancaq məmurlar bizə düşəcək qanunu kompensasiyamızı saxtakarlıqla mənimsəyib, cüzi pul verməklə həm bizi, həm də prezidenti aldadırlar. Cənab prezident, sizdən xahiş edirəm, Qərb bölgəsinə səfər edərkən Ağdaş rayonunun Əmirarx kəndindən keçən Kürdəmir-Yevlax magistral yolunun düz 4 metrliyində yerləşən Saleh Məmmədovun virana qoyduğu evimizə düşüb gözlərinizlə baxın, görün burada insan yaşayarmı? Sizdən xahiş edirəm bizə kömək edin. Kompensasiyamız düzgün verilsin və vətəndaşların haqqını yeyən məmurlar barəsində ciddi tədbirlər görülsün”.
“Azəryol Servis” ASC: “Orada qanunsuz heç bir iş görülməyib”
“Azəryol Servis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Ruslan Həmidovun dediklərini yalanladı. Vətəndaşa qanunla nəzərdə tutulmuş kompensasiyanın ödəndiyini bildirdi:
“Plana düşmüş həyətyanı sahəsi və həyətində sökülən yardımçı sahələrə görə ona kompensasiya ödənib. Həmin ərazidə hər hansı meyvə ağacları olmayıb. Sadəcə, hamam və sanitar qovuşağı. Bütün bunlara görə də ona 21 min 350 manat ödənib. Əvvəlcə 16 min 350 manat, 2015-ci ilin dekabrında isə əlavə olaraq 5 min manat kompensasiya verilib. Ümumilikdə, 21 min 350 manat. Vətəndaş yenə də hər hansı qanun pozuntusunun olduğunu deyirsə, əlində sənədi varsa, məhkəmə orqanlarına müraciət edə bilər. Faktiki, orada qanunsuz heç bir iş görülməyib”.
O ki qaldı Ruslan Həmidovun magistral yolun evinə çox yaxın olduğunu söyləməsinə, Anar Nəcəfli bildirdi ki, yolla onun evinin arasında 18 metrlik məsafə var:
“Hətta orda bir yardımçı kənd yolu da var. O yolla da Ruslan Həmidovun evinin arası 12,5 metrdir”.