Cənab Əliyev, bu nə axtarışdır?

Ölkənin ağıllı adamlarına, ziyalılarına damğa vurmaq daha böyük xəyanətdir.

Source:

Dağın başında döyüş növbəsində olan əsgərin yeməyinin yarısını kəsirsən özünə dəbdəbə qurursan. Sonra həmin səngərdə soyuğun və aclığın yaratdığı aqressiyadan əsgər öz yoldaşını öldürür. Döyüş növbəsi pozulur. Düşmən bir say üstün olur. Ölənin ailəsi öldürənin ailəsi ilə düşmən olur, millətin arasına ailə davaları düşür, biri o birindən qisas almaq istəyir, türmələr qisas dustaqları ilə dolur. O əsgərlərin komandiri olan gənc zabit heç özünün də tam anlamadığı məsul olmadığı bir olaya görə türməyə düşür. Amma heç kim bilmir ki, bu işin təşkilatçısı səngərdən tutmuş ailələrə kimi milləti üz-üzə qoyan əslində sənsən, bizim müdafiə naziri, ordunun baş qərargah rəisi. Vətənə xəyanətin buynuzu olur? Azərbaycanın dörd bir yanında anaları şəhid tabutuna həsrət qoymusuz, bizi bir-birimizə qırdırırsız.

Həkimə, müəllimə yüz əlli manat verib, onları rüşvətxor edib, nəhayət, təhsili ölkənin ən çirkli işinə çevirmisiz. Şəhid ailəsinə verdiyiniz müavinət deyilmi bu ölkənin namusu uğrunda həyatını qurban verənlərin ailəsini namus imtahanı qarşısında qoyan? Canını satıb övladını saxlayan analar ölkəsinə çevirmisiz bu məmləkəti. Dubaya göndərdiyiniz qız-gəlinin hesabına ticarət dövriyyəsindən danışan iqtisadi inkişaf strateqləri sizin elədiyiniz vətənə xəyanət deyil, bəs nədir?

Seçkini saxtalaşdırıb, dövləti bütün dünyada rüsvay edirsiz. Afrika ölkələrinin belə arxasınca baxan reytinq cədvəllərinə salırsız məmləkətin adını. Ölkənin ən parlaq gənclərini həbsə atıb, şahsevənlər, yalmananlar ordusu qurursuz. Haqqını tələb edən hər kəsi şərləyib damlayırsız. Cəmiyyətin bütün müqavimət göstərən üzvlərini məhv etmək qərarı vermisiz və nəfəs almadan vətəndaşla müharibəni davam etdirirsiz, bu deyilmi vətənə xəyanət?

Bir də cənab Əliyev, vətəni satmaq da xəyanətdir, amma inanın onu satılacaq duruma salmaq daha böyük xəyanətdir. Bir ölkənin ağıllı adamlarına, ziyalılarına damğa vurmaq daha böyük xəyanətdir. Toplumun taqətini kəsmək daha böyük xəyanətdir. Axı bütün bunları edənlər gərək xain axtarmasınlar.

48 milyar dollar- Offşor şirkətlərdə kimin adınadır?

254 milyonluq yeni təyyarəni kim alıb?

Hansı ölkənin 1500 manat maaş alan nazirlərinin övladları xarici dövlətlərə milyonluq qonaqlıqlar verirlər?

Bu suallara cavabda adı yada düşən adamların adamları bir gün yerindən qalxıb da birini vətənə xəyanətdə ittiham edəndə, sual yaranır: kimin vətəni? Əgər bu vətən sizindirsə, onu niyə belə talayırsız? Sizin deyilsə, onda imkan verin biz deyək kimdir xain. Axı elin gözü hələ də tərəzidir.

P.S. Hətta Rauf Mirqədirovu müdafiə etmək istədiyim yazıda da adını çəkə bilmədim. Çünki, onun casus olacağını düşünmək heç hakimiyyətin də ağlından keçməz, şərləməklərinə fikir verməyin.


Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.

Ana səhifəMənim FikrimcəCənab Əliyev, bu nə axtarışdır?