“Cəmiyyətin böyük əksəriyyəti “off-line” rejimdədir”


Gültəkin Hacıbəyli: “Avropa xalqları öz hökumətlərini Azərbaycanda 140 siyasi məhbusa görə istefaya göndərməyəcək”

Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetinə yaxın 6 ayda sədrliyi cəmiyyətdə müzakirə predmetinə çevrilib. Bir çoxu mövcud fürsətdən yararlanıb siyasi məhbuslar, Seçki Məcəlləsində problemlərin həllini vacib sayırlar. Vaxtilə Azərbaycan Avropa Şurası Parlamet Assambleyasında təmsil edən sabiq millət vəkili Gültəkin Hacıbəyli ilə söhbətimizdə bu müzakirələrin yaratdığı suallara cavab almağa çalışdıq…

 –

G


ültəkin xanım, Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetində sədrliyi başlayıb. Mövcud imkanla dövlət olaraq nələri qazana bilərik?

–         Əslində, çox şey qazana bilərik, bəzi şeylər qazanmışıq da. Amma Avropa Şurası ilə əməkdaşlığın son 10 ili əldə olan imkanlar qarşısında daha çox qazanılmış fürsətlər yox, itirilmiş fürsətlər kimi təqdim oluna bilər. Azərbaycan 2001-ci ilin yanvarın 25-dən Avropa Şurasının üzvüdür, ilk dəfə bu tarixdə bayrağımız mötəbər təşkilatın qarşısında dalğalanıb. Gözəl xatırlayırıq ki, üzvlük zamanı xalqımızda Avropa Şurasıyla bağlı çox böyük ümidlər vardı. Bu gün Avropa Şurası ilə bağlı yaşanan müəyyən bir pərişanlığın bir səbəbi də odur ki, gözləntilər reallıqdan artıq idi. Biz düşünürdük ki, Avropa Şurası əksər problemlərimizi əvəzimizə həll edəcək. Ancaq bu, baş vermədi və mümkün də deyildi. Görünür, bu, Avropa Şurası ilə bağlı müəyyən peşmançılıq hissləri yaşamağımızın bir səbəbidir. Başqa bir səbəb ondan ibarətdir ki, şura son dövrlər simasını kifayət qədər itirib.



Səbəb yalnız Azərbaycanın “kürü diplomatiyası” olayıdır, yoxsa…?

–         Səbəb təkcə “kürü diplomatiyası” məsələsi deyil, əslində, bölgəmizdə baş verən böyük siyasi oyun daha kiçik miqyasda uzun illər Avropa Şurası Parlament Assambleyasında gedib. Rusiya Ukrayna ərazilərini işğal etdikdən sonra Avropa Şurasında sanki bir “oyanış” prosesi baş verir. Artıq əvvəlki fikrimdə dediyim tendensiyanın qarşısı alınıb, ən azı bu istiqamətdə ciddi mövqe ortaya qoyulub. Ancaq uzun illər Avropanın əsas insan haqları və demokratiya təşkilatı olan Avropa Şurası bölgədə insan hüquqları və demokratiyanın düşməni olan, avtoritar rejimləri dəstəkləyən Rusiyanı çox ciddi şəkildə himayə edib. Rusiyanı himayə etmək, bu ölkənin çətiri altında olan avtoritar hakimiyyətləri də himayə etmək nəticəsini verir.



Bel


ə bir fikir də var ki, Şərqi Avropa ölkələri-Rumıniya, Bolqarıstan AŞ PA-da səs çoxluğu əldə etməklə bir çox sovet respublikalarını öz himayələrinə alırlar. Bu barədə  nə düşünürsünüz?

–         Söylədiyiniz mən dediyimin davamıdır, bu, Avropa Şurasında nəzarət mexanizmidir. Mən mahiyyətdən, siz isə onun reallaşmasından danışırsınız. Bölgəyə təsir və nüfuz etməyin yollarından biri Avropa Şurasın üzv olan Şərqi Avropa ölkələri və Rusiya vasitəsilə təsir etməkdən ibarətdir. Avropa Şurasının əlində bu təsirin qarşısını almaq üçün həmişə işlək mexanizmlər olub. Məsələn, şuranın nizamnaməsinə görə, Azərbaycan, Gürcüstan və Ermənistan tipli yeni üzv olan ölkələrə təyin olunan məruzəçilər Şərqi Avropa ölkələrindən olmamalıdır. Amma biz görürük ki, istənilən halda bu ənənə pozulur. Məsələn, keçmiş bolqar kommunisti Todor Jivkovun nəvəsi Yevgeniya Jivkova Azərbaycan üzrə məruzəçi olmuşdu. Bütün bunlar ona görə baş verirdi ki, Avropa Şurası Rusiyanın siyasi nüfusu və çəkisi, xüsusən maliyyə imkanları qarşısında kifayət qədər asılı durumdaydı.



Həm də Azərbaycanın nefti və qazından da asılı olduğunu deyirdilər…

–         Sözsüz. Azərbaycanın Avropa Şurasına siyasi və maliyyə baxımından təsir imkanları Rusiya qədər olmasa da, neft-qaz mühüm amil idi.  Gözəl bilirik ki, beynəlxalq təşkilatlarda müəyyən problemlərin hakimiyyətin maraqlarına uyğun həlli zamanı məhz neft-qaz amilindən istifadə olunur.



Ümumiyyətlə, geopolitik maraqlar, yoxsa “kürü diplomatiyası” üstünlük təşkil edir?

–         Gəlin, özümüzü aldatmayaq və avropalıların çox sadəlövh olduqlarını da düşünməyək ki, onları bir qutu kürü ilə ələ almaq mümkündür. Düşünürəm ki, müəyyən bir razılaşdırılmış və susqun konsensus əsasında Avropa Şurasında Rusiya, Azərbaycan tipli ölkələrə istədikləri səviyyədə öz təbliğatlarını aparmaq imkanı verirdi. Görünür, Avropa hələ bu ölkələrlə münasibətlərinin sərtləşməsinə və daha hazır mərhələyə keçməsinə hazır deyildi. Qarşılarında daha fərqli prioritetlər var idi, Şərqi Avropa ölkələrinin Avropa Birliyinə üzv qəbul olunması, bu cəmiyyətlərin inteqrasiyasının daha da gücləndirilməsi.



Ancaq aparılan bu siyasət də Rusiyaya meyli, daha konkret desək, sovet nostaljisini gücləndirib…

–         Bu, Avropa Şurasının təsirindən daha çox Qərblə bağlı ümidlərin doğrulmaması və mövcud situasiya ilə bağlı ola bilər.



Situasiyanı kim yaratdı?

–         Azərbaycan hakimiyyəti və iqtisadi vəziyyət.



Məgər, Avropa Şurasının da rəsmi Bakının öhdəliklərini yerinə yetirməməsinə sərt yanaşma qoymaması indiki situasiyanı yaratmayıbmı?

–         Bilirsiniz, bəzən düşünürük ki, kimsə problemlərimizi əvəzimizə həll etməlidir. Təbii ki, Avropa istəyir ki, Cənub-Şərq sərhədi olan Cənubi Qafqazda demokratiya olsun.



Çünki növbədə Orta Asiya var…

–         Həm təhlükəsizlik, həm də Orta Asiya var. Artıq öz əraziləri hesab etdikləri bölgədə münaqişənin olması, iqtisadi cəhalət və gerilik Avropa təhlükəsizliyinə ciddi təhdiddir.



Krım məsələsi də bu məsələni həssaslaşdırdı…

–         Krım olayları Rusiyanın istənilən vaxt işğalçı imicinin də nə qədər real olduğunu göstərdi. Bu baxımdan Avropa gözəl anlayır ki, Azərbaycanın, Gürcüstanın, Ermənistanın demokratik cəmiyyətlərə inteqrasiyası onların əsas maraqlarındandır. Amma biz onu da deyə bilmərik ki, Avropa bütün problemlərini atıb, Cənubi Qafqaz problemlərinin həllinə girişəcək. Bu, Azərbaycan, gürcü və erməni xalqları üçün prioritet problemdir. Avropa xalqları öz hökumətlərini Azərbaycanda 140 siyasi məhbusa görə istefaya göndərməyəcək. Həmin xalqlar qışda 2 ay soyuqda qalsalar, öz hökumətlərini istefaya göndərəcəklər. Bu baxımdan qəbul etməliyik ki, Azərbaycanın inkişafı, demokratiyanın tərəqqisi bizlərin problemidir, Avropanın yox.



Siz Milli Şuranın üzvsünüz və cəmiyyətdə də bir süstlük var, güman ki, şuradakı son hadisələr də indiki vəziyyəti yaratdı. O zaman sual yaranır, Milli Şura nə etməlidir ki, cəmiyyətdəki süstlüyü aradan qaldırsın? Bununla bağlı proqramınız varmı?

–         Ümumiyyətlə, mən “konsepsiya, proqram varmı” yanaşmasını düzgün hesab etmirəm. Bilirsiniz, biz yenidən “velisoped icad edəsi” deyilik. Proqram var və bu proqramı dünyanın bütün uğur qazanmış ölkələri sınaqdan çıxarıb. Bu proqram azad seçkilərdən, ədalətli məhkəmələrdən, liberal iqtisadiyyatdan keçir və bu proqramın alternativi yoxdur.



Bəs Azərbaycan hökuməti liberal iqtisadiyyat, ədalətli məhkəmə qurmaq istəyirmi?

–         Sözsüz ki, istəsəydi, ortalıqda real nəticələr olardı. Azərbaycan hökuməti uzun müddət “suveren demokratiya” qurmaq istəyirdi, “böyük qardaş”larının tövsiyəsi ilə. Ancaq “suveren demokratiya”nın Rusiyanı hansı fiaskoya gətirdiyi gözümüz önündədir. Görürük ki, Rusiya iqtisadiyyatı Ukrayna hadisələrindən sonra nə dərəcədə ciddi zərbələrə hədəf oldu.



O zaman Milli Şura nə edəcək ki, cəmiyyət durğunluqdan çıxsın?

–         Bütün cəmiyyətin yükünü tək bir qurumun üzərinə qoymaq olmaz. Cəmiyyətdə süstlük var, inamsızlıq var, bu, təbiidir. Birincisi ona görə ki, cəmiyyətin böyük əksəriyyəti “off-lain” rejimdədir, ölkədə azad televiziya yoxdur, azad mətbuat yox səviyyəsindədir. Belə olan məqamda insanlar KİV-dən almalı olduqları məlumatları ala bilmirlər və real vəziyyətdən xəbərsizdirlər. Başqa tərəfdən də əksər KİV-lər məqsədli şəkildə “beyin yumaq”la məşğuldurlar. Təsəvvür edin ki, bu gün Azərbaycan vətəndaşının əsas qayğısı hansısa müğənninin saçlarını hansı rəngə boyamasıdır. Bəlkə də orta statistik azərbaycanlını Krım hadisələrindən çox bu məsələ maraqlandırır. Böyük təəssüflə bunu deyirəm. Ancaq indiki durum müvəqqətidir.



Yəni sonsuzluğa qədər davam edə bilməz?

–         Bəli, davam edə bilməz. Başqa tərəfdən indiki halın mövcudluğu hakimiyyətin özü üçün bir təhdiddir. Çünki zombiləşdirilmiş kütlə 1 saatlıq efirin təsiri ilə başqa istiqamətə kodlaşdırıla bilər. Bu yöndə dini-ekstrimist cərəyanın aparıcıları iştirak edə bilər. Yəni analiz etmək qabiliyyətini itirmiş kütlə tamamilə fərqli istiqamətə kodlaşdırılar.



Amma son 20 ilin gedişatı “Sizif əməyi”ni xatırladır. Demokratik qüvvələr, azad mətbuat “daşı qaldırır”, daş isə yenidən sürüşüb əvvəlki vəziyyətinə qayıdır, bu narahatçılığı bölüşürsünüzmü?

–         Təbii ki, bu da var. Dünyada hər şeyin bir izahı var və heç nə təsadüfən olmur. Düzdür, Azərbaycanda bu qədər ictimai sektorun, müxalifətin “Sizif əməyi”nə qatlaşmalı olduğunun səbəbləri var. Birinci səbəb, görünür, Avropanın prioritetləri içərisində Azərbaycan, Cənubi Qafqaz bu günə qədər yox idi. Bu da təbiidir, Ukrayna problemi həll olunmayınca, Avropa Cənubi Qafqaz probleminin həllinə girişməyəcəkdi. Çünki Avropa özü ilə Rusiya arasında bufer rolunu oynayacaq Ukrayna kimi nəhəng dövləti Rusiyanın “caynağından” almayıb özünə inteqrasiya etməyincə, daha ucqarlarda yerləşən ölkələrə keçməyəcək. Yəni ardıcıllıq məsələsi var. Ancaq bilirik ki, iyunun 27-də Ukrayna, Gürcüstan və Moldova Avropa Birliyi ilə izdivacını rəsmiləşdirir. Deməli, üç GUAM ölkəsi ilə Avropa Biriyinə hədəf gerçəkləşir. Bu gün artıq Gürcüstan Avropa Birliyinin tam hüquqlü üzvü olmasa da, çox ciddi namizədlərdən biridir.



Az


ərbaycan rəsmisi Ramiz Ənvəroviç bildirir ki, müstəqil dövlət olduğumuzdan heç bir ölkə daxili işlərimizə qarışa bilməz…

–         Bu, o demək deyil ki, müstəqil dövlət olduğumuzdan beynəlxalq təşkilatlar qarşısında öhdəliklərimizi yerinə yetirməməliyik. Ona qalsa, biz BMT-yə üzv olanda da, müstəqil dövlət idik, Avropa Şurası qarşısında öhdəliklər götürəndə də müstəqil dövlət idik, Qərbə inteqrasiya kursunu elan edəndə də müstəqil dövlət idik. Müstəqillik nisbi anlayışdır və dünyada tanınan dövlətlərin hamısı müstəqildir. Və “mən müstəqil dövlətəm, öz vətəndaşlarımı müstəqil surətdə əzəcəm, şərləyəcəm, həbs edəcəm, onlara böhtan ataraq 10 il azadlıqdan məhrum edəcəm”, bu zaman müstəqil dövlətdən söhbət gedə bilməz. Çünki BMT-nin nizamnaməsinə görə, insan haqları heç bir dövlətin daxili işi ola bilməz. Görünür, Azərbaycanda bu proseslərin uzanmasının da səbəbləri var. Gəlin, etiraf edək ki, gürcü cəmiyyətinin siyasi şüur səviyyəsi bizdən daha öndədir, bu, 1918-ci ildə, ötən əsrin sonlarında da belə olub. Azərbaycana demokratiya meylləri bir qayda olaraq Tiflisdən gəlib. Başqa bir səbəb də ondan irəli gəlir ki, şair demişkən, “Azərbaycan, qarış-qarış qazılsan da, sevin, hələ ki sağsan. Qara neft qurtaranda “ağ günə” çıxacaqsan”.



Deməli, neftin qurtarmağını gözləməliyik, 2023-cü ilə qədər…?

–         Əslində, neft hasilatı azalmağa doğru gedir.



Ard


ınca da qaz gəlir…

–         Qaz gəlirləri neftin qurtarmasıyla yaranacaq boşluğu aradan qaldırmaq səviyyədə deyil. Amma digər tərəfdən başqa proses gedir, mən bunu sevərək tez-tez deyirəm, Allah Mark Zuserburqun ölənlərinə rəhmət etsin, sosial şəbəkələr insanların beynində bir inqilab etdi.



Bəs biz sosial şəbəkələrdə oturub marginallaşmırıq ki?

–         Yox, cəmiyyətin oyanmasında sosial şəbəkələrin, internet televiziyaların böyük rolu oldu. Bir anlığa təsəvvür edin ki, internet imkanları, sosial şəbəkələr olmazdı, onsuz da “off-line” rejimdə olan cəmiyyət bu imkanlardan mərum olsaydı, nə olardı?!  Biz bu gün cəmiyyəti qınayarkən hımin amilləri nəzərə almalıyıq ki, cəmiyyət ona lazım olan informasiyanı alıb, təhlil süzgəcindən keçirməsə, doğru nəticələrə gəlib öz hüquqları uğrunda mübarizəyə qalxmasa, bunu nə Avropa Şurası, nə Avropa Birliyi, nə də Amerika onun yerinə etməyəcək.

Ana səhifəVideo“Cəmiyyətin böyük əksəriyyəti “off-line” rejimdədir”