Cəmiyyətdəki cinsi tərbiyə tabusu

“Aman, Allah, uşağım porno izləyir”- deyib, onu cəzalandırmaq haqqında düşünürsüz? Mütəxəssislər deyir ki, yanılırsız. Heyrətlə gözlərini sizə dikən övladınızın yanlış məlumatlar almağını istəmirsizsə, onu bilgiləndirməlisiz.

“Valideyn uşaqların önünə divar çəkir. Onlarla körpü rolunu yaratsa bu zaman biz görərik ki, uşaqlar rahatlıqla öz beynindən keçənləri, sorğu-sualları onlardan soruşa bilir”.

Bir neçə həftə öncə məktəbdə yeniyetmələr arasında yaşanan intim münasibətin gizlin görüntüləri yayılıb. Səs-küyə səbəb olan görüntülər yeniyetmələrdən birinin intihara cəhdinə gətirib çıxarıb.

Uşaqlarla cinsi tərbiyə hansı yaşdan və necə aparılmalıdır? Yeniyetməlik hormonların dəyişdiyi, cinsi istəklərin yarandığı dönəmdir. Uşaq psixoloqu Ofeliya Məmmədova deyir ki, bir psixoloqun məktəbdəki bütün şagirdlərin öhdəsindən gəlməsi mümkünsüzdür. Cinsi tərbiyə psixoloq, müəllim, valideynlərlə kompleks şəkildə aparılmalıdır.

“Bildiyimiz kimi yeniyetməlik çox çətin, böhranlı dönəmlərdir. O yaşda uşaqlarda daha çox duyğusal yöndə beyin çalışdığı üçün onlar yanlışlıqlar edə bilərlər. Bu yanlışlıqlar onlara görə doğrudur. Əslində hisslərinə görə hərəkət etmiş olduqları üçün düşünürlər ki, belə istəyirəm və bunu edəcəm”.

Bəs valideynlər bu məsələnin nə qədər fərqindədir? Psixoloqlar şagirdlərlə mütəmadi söhbətlər aparırmı?

– Psixoloq var. Elə indi onunla danışıb gəlmişik. Yeni tanış elədilər bizi. Dedi, nə problem olsa müraciət edə bilərsiz.

– Məktəbimizdə bir psixoloq var. Dərslərdə gəlib iştirak edirlər.

– Uşağımı pulla psixoloq yanına aparıram. Çünki buna ehtiyacı var.Məktəbdə bir dəfə görmüşəm psixoloqu. Yəqin ki, müraciət kim edirsə, olarla məşğul olur.

Xarici təcrübə isə başqa söz deyir. Hətta valideynlər uşaqlara necə doğulduqlarını, intim münasibətləri başa salırlar.

Almaniyada məktəblərdə sosial işçi kimi çalışan Rəna Hüseynova cinsi tərbiyənin məktəbdən öncə başlamalı olduğunu deyir. O hesab edir ki, cəmiyyət bu mövzunu tabu kimi gördüyündən, açıq şəkildə söhbətlər aparılmır.

“Toxunmuruq və toxunmaq istəmirik. Valideyn olaraq ailədə belə bu mövzulardan qaçırıq. Məktəbdə müəllimlər ümumiyyətlə bu mövzuları uşaqlarla müzakirə etmək istəmir. Bir psixoloq azdır. Məktəb sosial işçisi anlayışı da hələ yoxdur. Ona görə də məktəbdə sosial işçilər yoxdur. Nəticədə bu mövzular yeniyetmələrlə müzakirə edilmir. Müzakirə olmadığına görə də problemlər var və olacaq”.

Rəna Hüseynova Almaniyada seksual pedoqoq, psixoloq, sosial işçilərin yardımı ilə yeniyetmələrə cinsi tərbiyə mövzusunda təlimlər keçirildiyini bildirir.

Ana səhifəVideoCəmiyyətdəki cinsi tərbiyə tabusu