”Cəmiyyət hakimiyyətə qarşı birmənalı müxalifətdədir”


Gültəkin Hacıbəyli: ”Samir Şərifovun bu səviyyədə vurulması ”beşinci kolon” üçün çox populyar üsuldur”



Bu həftə Azərbaycan siyasi-iqtisadi gündəmini keçmiş DTK-çı, amerikalı maliyyə analitiki Yuri Şvetsin maliyyə naziri Samir Şərifov haqda ittihamları ilə yadda qaldı. Nazirlik və bəzi ekspertlər məsələyə ümumi münasibət bildirsə də, suallar qalır. Sabiq deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyliylə söhbətimizdə həmin sualları cavablandırmağa çalışdıq.





 –




G




ültəkin xanım, sabiq DTK zabiti və hazırda amerikalı maliyyə analitiki Yuri Şvetsin məlum müsahibəsi mətbuatda və sosial şəbəkələrdə müxtəlif yozumlara səbəb olub. Hətta maraqlı məqam odur ki, onun dedikləri təəccüb doğurmadı, əksəriyyət “onsuz da məmurların Azərbaycana işləmədiyini bilirik” – deyə münasibət sərgilədi. Eyni zamanda, bu müsahibəni Azərbaycanda baş nazirlik uğrunda mübarizənin təzahürü kimi qiymətləndirənlər də oldu. Məsələn, DTK-nın sabiq zabitləri Sülhəddin Əkbər və İlham İsmayılın Meydan TV-yə açıqlamalarını misal gətirə bilərəm. Bu mənada sizin dəyərləndirmənizi bilmək istərdim…

–  Hər iki yanaşmanın əsası var. Mən də sosial şəbəkələrdə Yuri Şvetsin müsahibəsinin kifayət qədər ciddi reaksiyalar doğurduğunu nəzərə alaraq bir neçə statusumu bu məsələyə həsr etdim. Bəli, bu, ilk öncə hakimiyyətdaxili savaşın tərkib hissəsidir. Hakimiyyət daxilindəki klanlar arasında çox ciddi savaş gedir və ötən ilin payızında milli təhlükəsizlik naziri Eldar Mahmudovun aşağılayıcı tərzdə vurulmasında, bütün cinayətlərinin ifşa olunub ictimaiyyətə çatdırılmasında klanlararası savaşın ciddi izləri var. Hətta klanlararası savaş benəlxalq müstəviyə çıxıb.




Nə mənada?

–  Artıq Rusiyanın bu savaşda iştirakı görünür. Xatırlayırsızsa, Eldar Mahmudovun vurulması prezident Əliyevin Qazaxıstan paytaxtından qayıtmasıyla eyni vaxtda təsadüf etdi. Cəmiyyətdə həmin dövrdə dolaşan və bugünə qədər də təkzib olunmayan informasiyalar vardı ki, Mahmudovun fəaliyyəti haqda məlumat prezidentə Rusiyadan ötürülüb. Çünki Rusiya kəşfiyyat şəbəkəsi Azərbaycanın kəşfiyyat şəbəkəsindən qat-qat güclüdür. Bu baxımdan…




Bu baxımdan Samir Şərifov haqda informasiya Rusiya tərəfindən dövriyyəyə buraxılıb?

–  Sözsüz ki, mənim buna heç bir şübhəm yoxdur və Azərbaycanda da bu, Şərifovun təmsil etdiyi klanın zəifləməsinə, qarşı tərəfin güclənməsinə təkan verdi.




Söhbət hansı klanlardan gedir, fikrinizi konkretləşdirə bilərsinizmi?

–  Söhbətin hansı klanlardan getdiyini ictimaiyyət yaxşı bilir. Amma mən şərti olaraq bu klanları Rusiya və Qərb meylli klan adlandırardım. Son dövrlər hər iki tərəfin davranışları bu meyllərin güclənməsini ortaya qoyur. Bu arada bir tərəfdən Moskva istiqamətində reveransların artmasını, başqa tərəfdə isə demokratik dünyaya isti mesajların buraxılmasına diqqət etdikdə, söhbətin nədən getdiyi bəlli olur.




O zaman Rusiyanın öz namizədini müəyyənləşdirdiyi söyləmək olarmı?

–  Yox, situasya mürəkkəb olduğundan və prosesin içində deyilsənsə, bu barədə birmənalı danışmaq mümkünsüzdür. Amma Azərbaycanda Kremlin maraqlarını təmin edən “beşinci kolon”un olması bəllidir. Bu qüvvə Azərbaycanın Qərblə münasibətlərinin pisləşməsi üçün əlindən gələn və gəlməyən işləri həyata keçirir. Yuri Şvetsin ittihamlarının cəmiyyətdə təəccüb doğurmaması barədə sualınıza gəldikdə, bəzən bizə elə gəlir ki, Azərbaycan xalqı apolitik olduğundan baş verənləri anlamır. Ancaq sosial mühitin yeganə indikatoru olan Facebook məkanına nəzərdə saldıqda belə olmadığını görərik. Facebookda olan minlərlə insan maliyyə naziri Samir Şərifov haqda olan ittihamlardan təəccüblənmədiyini və “məmurların Azərbaycana işləməsi təəccüb doğurardı” deyə bildirdilər.




Siz uzun müddət parlamentdə bu hökuməti dəstəkləmisiniz, bu mənada sual yaranır; nədən hakimiyyəti müdafiə edən icra nümayəndəsi, deputat və nazir bir açıqlama verəndə, gülüş obyektinə çevrilir? Bu adamları seçəndə hansı meyarlar əsas götürülür?

–  Deputat seçildiyim 2000-ci ildən 16 il ötüb, amma 5 il əvvəlki dövrlə indiki zaman arasında kifayət qədər fərq var. 2000-ci ilin seçkilərinin tələbləri başqaydı, o zaman 11 dairədə və 550-dən çox məntəqədə seçkilərin nəticələri ləğv olundu. Elə həmin dairələrdə hakimiyyət insanların rəğbətini qazana biləcək adamları tapıb prosesə buraxdı və yeni seçkilər keçirildi. Bundan əlavə, hökumətin Avropa Şurasına müraciətində seçkidə müəyyən qüsurların olduğu etiraf olunur və bu, təcrübəsizliklə əlaqələndirilirdi. 11 dairədə keçirilən seçkilər də Avropa Şurası tərəfindən normal qarşılandı və əvvəlki seçkilərlə nisbətdə götürdükdə pozitiv idi. 2010-15-ci il seçkilərinə nəzər salaq, hansı meyarlar əsas götürülüb, insanların iradəsinin təsir etməyindən danışa bilərikmi?




Deməli, hakimiyyətin Heydər Əliyev kursunu davam etdirməsi barədə fikirlər inandırıcı deyil?

–  Bilirsiniz, kimsə qəbul edər, yaxud etməyə bilər, amma Heydər Əliyev daha miqyaslı siyasətçi idi. O, zamana və şəraitə uyğun olaraq manevr etməyi və beynəlxalq mühiti, cəmiyyətin əhval-ruhiyyəsini tutmağı, situasiyalardan öz üstünlüyünü qoruyaraq çıxmağı bacarırdı. Amma indiki hakimiyyətdə təmsil olananlar Heydər Əliyev kursunu davam etdirdiklərini iddia etsələr də, peşəkarlıq səviyyəsinə görə onunla müqayisə edilməz dərəcədə zəifdirlər. Nəticə də odur ki, bu gün ABŞ Konqresində Azərbaycan haqda sanksiyalar gündəmə gəlib. Bəli, Azərbaycanda avtoritar hakimiyyət mövcuddur, amma bu, xunta və diktatura deyil. Düzdür, polis sistemi insanları qorxudur və təqib edir, ancaq repressiyalar cəmiyyətin heç 0,1 faizinə də şamil olunmur. 100 nəfər siyasi məhbus olsa da, hakimiyyət özünü ictimaiyyətdə yaratdığı qorxu vasitəsilə qoruyur. Avtoritar hakimiyyətlər isə qorxu və repressiyalarla yanaşı, avtoritetlərilə bərqərar olurlar. Heydər Əliyevin zamanında bu avtoritet vardı və insanlar müəyyən dərəcədə onun xilaskar obrazına inanıb ölkədə hərc-mərcliyi aradan qaldıracağını düşünürdülər. Son 10 ildə bu avtoritet tamamilə sarsılıb. Hakimiyyətin istənilən nümayəndəsi, icra hakimiyyətində işləyən 43 kişidən 42-dən qorxduğunu söyləyən Cəlilabadın icra başçısının müavinindən başlamış Samir Şərifov, baş bankir Elman Rüstəmov, XİN başçısının müavini Araz Əzimov və bir çox deputatların söylədikləri rişxənd obyektinə çevrilirsə, avtoritetin darmadağın olduğunu deyə bilərik.




Ancaq siyasi məhbusların sayı artıb, azad mətbuatın dairəsi daralıb, partiyaların fəaliyyəti 5 il əvvəlkindən zəifləyibsə, dediklərinizi necə arqumentləşdirə bilərdiniz?

–  Avtoritet olan zaman repressiya tədbirlərinə çox da ehtiyac olmur. Çünki avtoritet repressiya tədbirlərini kompensasiya edir. İnsanlarda lider kultuna inam və pərəstiş olur. Hətta kütləvi repressiyalara baxmayaraq, milyonlarla insan Stalinə səmimi sevgiylə bağlıydı. Avtoritet zəiflədikcə, hakimiyyəti qorumaq çətinləşir, ona görə də iqtidar onun nüfuzuyla hesablaşamayanları həbs və təqib edir.




Qayıdaq baş nazir postu ilə bağlı müzakirə və mübarizəyə. Doğrudanmı, mübarizə sərt müstəviyə keçib, yoxsa mətbuat və müxalif siyasi xadimlər bunu bir qədər şişirdir?

–  Söhbət yalnız baş nazirlik uğrunda mübarizədən getmir. Neftin qiymətinin yüksək olduğu illərdə ölkəyə gələn neft gəlirləri nəticəsində məmurların maliyyə imkanları sərhədsiz idi. Bu gün maliyyə resursları əvvəlki illə müqayisədə azaldığından dövlət büdcəsi də dəfələrlə kiçilib. Son olay isə məmurların korrupsiya imkanlarını məhdudlaşdırıb. Maliyyə vəsaitləri azaldıqca məmur-oliqarxların bu imkanlar uğrunda savaşı daha da sərtləşir.




Bu sərtləşmənin fəsadları nə ola bilər?

–  Prosesin qarşısı alınmasa, fəsad cəmiyyət və hakimiyyət üçün daha ciddi olacaq. Ancaq gedişat savaşın qarşısının alınmasının çətin olduğunu göstərir, ona görə yox ki, vaxt itirilib. Birinci devalvasiyadan sonra anlaşıldı ki, hakimiyyətin bu prosesin qarşısını almaq üçün nə istəyi, nə də bacağı görünür.




Yuri Şvetsin müsahibəsini siz də daxil olmaqla Rusiyanın Samir Şərifovu vurduğunu istisna etməyənlər var. Ancaq məsələnin başqa tərəfi var, Şvets DTK-dan imtina edib Amerikaya sığınıb, Kreml rəhbərliyini də tez-tez hədəfə alır və müsahibə Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna nəşrində dərc olunub. Bu mənada bəzi şərhçilər həmin müsahibəylə Qərbin Əliyevə təsir göstərdiyini gizlətmirlər. Siz bu barədə nə düşünürsünüz?

–  Əgər nazir Şərifovla bağlı həmin informasiyaları Rusiyada yaşayan analitikin dilindən eşitsəydik, həm də bu fikirlər Moskvada dərc olunan dərgidə çıxsaydı, cəmiyyətdə hər hansı reaksiya doğurardımı? Avtomatik olaraq “bu, Rusiyanın dezinformasiyasıdır” deyə düşünəcəkdik. Belə dezinformasiyaları Rusiya və Ukrayna saytları bir-birinə qarşı hər gün istifadə edirlər. Bu cür informasiyalar o zaman cəmiyyətin diqqətini cəlb edə bilər ki, məhz Amerikada yaşayan və Rusiyayla “körpüləri yanmış” şəxs ifadə etsin.




Bəs o fikirlə də razılaşarsınız ki, böyük dövlətlərin xüsusi xidmət orqanları Azərbaycan kimi üçüncü dövlətin hər hansı məmurunun onların agenti olduğu haqda arayış verməz…

–  Bu, birmənalıdır. Özünə hörmət edən xüsusi xidmət orqanı ən azı onunla əməkdaşlıq edən barədə də arayış verməyəcək. Rusiyanın xüsusi xidmət orqanı bunu heç vaxt etməyəcək, çünki onlar Azərbaycanda olan minlərlə agentinə diskomfortu yaşatmazlar.




Müsahibədə qeyri-dəqiq məqamlar da var. Məsələn, Heydər Əliyevin 1988-ci ildə Samir Şərifova dəstək verməsi məqamı. Həmin vaxt Əliyev artıq Qorbaçov tərəfindən Siyasi Bürodan kənarlaşdırılıb ev dustağı edilmişdirsə, necə dəstək verə bilərdi?

–  Müsahibədə qeyr-dəqiq məqamlar çoxdur. Məsələn, kifayət qədər təminatlı ailədən olan Şərifovun “qara bazarda” valyuta alveriylə məşğul olması inandırıcı görünmür. Sovet dövründə bu əməllərlə məşğul olanlara qarşı ölüm cəzası vardısa, təminatlı ailənin övladına bu gərəkli biznes deyildi. Yaxud Yəməndə Türkiyə kəşfiyyatı tərəfindən ələ alınması inandırıcı deyildi. Məsələ ondadır ki, Şərifovu daha çox ictimaiyyətə amerikalılara yaxın adam kimi təqdim ediblər. Bir məqamı unutmayın ki, bu səviyyədə vurulma “beşinci kolon” üçün çox populyar üsuldur. Vaxtilə mən də belə ittihamlarla üzləşmişəm. “Beşinci kolon”a yaxın olan bir deputat xanım Gürcüstanda mənim Rusiyaya yaxın olmağımla bağlı fikirlər yayırdı.  O baxımdan nazir Şərifova qarşı bu hadisə “beşinci kolon”un dəsti-xəttini ortaya qoyur.




Siz Azərbaycanda baş nazirlik uğrunda geopolitik savaşın başladığı haqda fikirləri bölüşürsünüz də?

–  Təksə baş nazirlik yox, ümumiyyətlə, Azərbaycan uğrunda savaş var. Rusiya bu mübarizədə mövqelərini vermək istəmir. Kremlin Bakıya real təsir imkanları həm məhduddur, həm də məhdud deyil. Məhdud olmasının səbəbi Rusiya iqtisadiyyatının böhranda olmasıdır və bu ölkə Qərb maliyyə institutlarının qarşısında Azərbaycana kömək edə bilməz. Amma Moskvanın Bakıya təsir imkanları böyükdür, çünki hakimiyyət daxilində Rusiyanı təmsil edən qüvvələr var. Onlar da istənilən halda Azərbaycanda Rusiyanın maraqlarını təmin etməyə çalışırlar.




Savaş müstəvisi Cənubi Qafqaza keçibsə, bizi Ukraynadakı hadisələr gözləmirmi?

–  Ümid edirəm ki, gözləmir. Çünki savaş klanlar arasında gedir və Kremlin savaşı açıq müstəviyə keçirmək istəyinin olduğunu da düşünmürəm. Siz Putinin vəziyyətinin də günü-gündən pisləşdiyini nəzərə alın, Suriya böhranı isə ölkəni yeni bataqlığa saldı. Son dövrlər Nadejda Savçenkoyla ilə bağlı Qərbin Kremlə təzyiqləri güclənib və bu aqressiya artıq Putinə tərəf yönəlib. Əgər Savçenkonun həyatına ciddi təhlükə olarsa, Putinin özünə sərt davranış ola bilər. Bu mənada indiki durumda Putinin Azərbaycanda yeni savaş ocağı açacağını düşünmürəm. Rusiyanın Azərbaycana təsir imkanı yalnız Ermənistan vasitəsilə mümkündür.




Ancaq son vaxtlar Moskva talış separatizminə dəstək verir, sezirsinizmi?

–  Bəli, hiss olunur. Moskvada talış televiziyası, Ermənistanda radio açıblar, azərbaycanca danışa bilən ermənilər millətlər arasında nifaq salmaq yönündə ciddi iş görürlər. Sözsüz ki, Rusiyanın cənub və şimal bölgəsində təsir imkanları var, dəfələrlə talış və sadval kartından da istifadə edib.




Bəs hakimiyyət və cəmiyyət bu təhlükələrin qarşısını almağa hazırdırmı?


–  Azərbaycan hakimiyyəti devalvasiyanın qarşısını almağa hazır deyilsə, bu qədər ciddi təsirlərin qarşısını almağa təbii ki, hazır ola bilməz. Amma cəmiyyətimiz yetkindir və bu baxımdan Azərbaycanda milli təfriqə üçün heç bir zəmin yoxdur. Sadəcə, problemi qızışdırmağa cəhdlər olacaq, görünür, bu zaman cəmiyyəti toparlayacaq gücə malik siyasi qüvvə ortada olmalıdır.




O qüvvə varmı?

–  Var, o qüvvə Milli Şuradır. Ancaq təəssüf ki, gücümüz təhlükələrin qarşısını almağa yetəcək qədər deyil. Bu, məni daha çox narahat edir. Ya hakimiyyət ölkənin istiqamətini düz məcraya yönəldib vəziyyətdən çıxış yolu tapmalıdır, inhisarçılıq aradan qaldırılmalı, korrupsiyanın qarşısı alınmalı, demokratik institutların işləməsinə olan əngəllər götürülməli və nəhayət,  sahibkarlıq mühiti təşviq edilməlidir. Hələ bunların simptomları görünmür. Ya da müxalifət gücə çevrilməlidir, təəssüf ki, biz bunu hələ bacarmırıq. Müəyyən maneələrə görə, yaxud özümüzdə də müəyyən nöqsanlar var. O baxımdan qarşıdan Azərbaycanı kifayət qədər mürəkkəb və çətin dövr gözləyir.




Gültəkin xanım, söhbəti müxalifətə gətirdiyiniz üçün növbəti sualım bu istiqamətdə olacaq. Son hadisələrdə müxalifətin kənarda olduğu və virtual bir həyata köçdüyü sezilir, hətta 2010-cu il səviyyəsində belə təsir imkanları yoxdur. Bu fikirlərimi bölüşürsünüzmü?

–  Qismən razı olsam da, bu məsələ bir az mürəkkəbdir. Bu gün cəmiyyətdə hər kəs hökumətə qarşı müxalif fikirdədir. Hətta insanların tənqidlə razılaşmayıb sərt ifadələrdən istifadə etdiyi görünür. Mən statuslarımın altından hakimiyyətə yönələn təhqiramiz ifadələri silməyə və ağır təhqir yazanları bloka atmağa vaxt ayırıram. Bəli, razıyam ki, bu dərəcədə narazılıq olduğu halda müxalifətin təşkilatlanıb həmin bazanın önünə keçməsi situasiyaya uyğun deyil. Yəni müxalifət güclü ola biləcəyindən daha zəifdir. Səbəblərdən biri repressiyadır. Bütün Avropa məkanında siyasi məhbusların sayı Azərbaycanda olan siyasi məhbusların sayından azdır. Nardaran hadisələrindən sonra siyasi məhbusların sayı 100-dən qat-qat artıqdır. İkinci səbəb, Milli Şuranın rəhbərliyində olan şəxs kimi deyə bilərəm, biz sessiyamızı keçirmək üçün məkan tapa bilmirik. İnsanlarla danışırıq, sonda sessiya keçiriləcəyi bilinəndə, onlar ciddi problemlərlə üzləşəcəklərini, ən azı cəza tədbirləriylə qarşılacaqlarını deyirlər. Milli Şuranın sədri rəsmi nəticələrə əsasən son prezident seçkilərində ikinci yer qazandığından ana müxalifət statusunu qoruyan təşkilatıq. Amma sessiyamızı keçirmək üçün yer götürə bilmirik. Yaxud AXCP-nin qərargahı dəfələrlə dağıdılıb, yaxud alınıb.




Müxalifət şikayətçi olmaqdan çox, situasiya yaratmalı deyilmi?

–  Biz şikayət etmirik.




Sizin çıxışınızda şikayət notları var.




..

–  İndi dediklərimdə?




Bəli.

–  Bilirsiniz, müxalifət hansı şəraitdə situasiya yarada bilər?! Maliyyə imkanları yoxdur, müxalifət təmsilçilərinin iş imkanları əllərindən alınıb. Milli Şura və AXCP üzvlərinin adi işləmək imkanları tanınmır.




Onsuz da əksəriyyətin işləmək imkanı tanınmır…

–  Əksəriyyətin iş imkanı tanınmasa da, başqa partiyalarda vəziyyət fərqlidir. Gəlin, Azərbaycanı Rusiya ilə müqayisə edək, şimal ölkənin müxalifəti bizimlə müqayisə olunmayacaq dərəcədə zəngindir. Hətta müxalif fikirli insanlar arasında çoxsaylı milyonerlər var və onlar müxalifətə dəstək verirlər. Nəhayət, bu ölkə müxalifətinin maliyyə problemi heç vaxt olmayıb. Amma onlar bu gün hansı vəziyyətdədir? Azərbaycanda bir neçə partiya var ki, onlar bütün bölgələri əhatə edib.



A

ncaq Rusiyada keçirilən aksiyalara minlərlə insan çıxır, məsələn, Nemtsovun qətlinin 1 illiyi ilə bağlı keçirilən yürüş-mitinqə 65 min insanın çıxdığı söylənildi…

– Xeyr, Nemtsovun qətliylə bağlı aksiyaya dəqiqi hesablama qruplarının məlumatına görə, 24 min adam gəlmişdi. Moskva kimi əhaləsinin sayı 15 milyona yaxın olan şəhərdə mitinqlərə 24 min adam çıxırsa, 100-dən artıq siyasi məhbus olan ölkənin müxalifəti Milli Şuranın keçirdiyi aksiyaya 5-6 min adam gəlir.




“Məhsul” stadionunu yenə doldura bilmirsiniz…

– Sözsüz ki, doldura bilmirik və bunun üçün 20-30 min isann çıxmalıdır. Mən sadəcə, müqayisəni Rusiya ilə etdim.




Deməli, yenə inamsızlıq var…?

– Bəli, o məsələdə sizinlə razıyam ki, cəmiyyət hakimiyyətə qarşı birmənalı müxalifətdədir, ancaq kimin alternativ olmasıyla bağlı qərarını verməyib. Bizə inam var, ancaq “situasiyanı dəyişə bilərikmi” sualı açıq qalır.

Ana səhifəVideo”Cəmiyyət hakimiyyətə qarşı birmənalı müxalifətdədir”