Vahid Məhərrəmli və Tofiq Yaqublu Koordinasiya Şurasının üzvü seçiliblər
İyunun 4-də Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) sessiyasında professor Cəmil Həsənli yenidən bu ictimai qurumun sədri seçilib.
C.Həsənli Turan-a bildirib ki, sessiyada ictimai-siyasi vəziyyət müzakirə edilib, cari və təşkilati məsələlərə baxılıb.
Müzakirələrdə AXCP sədri Əli Kərimli, professor Nurəddin Məmmədli, fəlsəfə doktoru Əli Abbasov, iqtisadiyyat üzrə doktorlar Nemət Əliyev və Vahid Məhərrəmli, keçmiş siyasi məhbus Tofiq Yaqublu və başqaları iştirak ediblər.
Sessiya Azərbaycan xalqına müraciət qəbul edib.
Sessiya zamanı DQMŞ-nin seçkili orqanları formalaşdırılıb. Cəmil Həsənli yenidən sədr seçilib.
Həmçinin 21 üzvü olan Koordinasiya Mərkəzi formalaşdırılıb. Mərkəzə iki yeni üzv – Vahid Məhərrəmli və keçmiş siyasi məhbus Tofiq Yaqublu daxil olub.
Quruma iki yeni üzv qəbul edilib: İradə Nəriman və İlham Hüseyn.
Müzakirə olunan mövzulardan biri sosial-iqtisadi problemlərin həlli tələbilə kütləvi aksiyaların keçirilməsi olub. Bundan əlavə, Qarabağ münaqişəsinin həlli və siyasi məhbusların azadlığa buraxılması məsələsi müzakirə edilib.
Aksiyalar məsələsi gələcəkdə baxılması üçün DQMŞ Koordinasiya Mərkəzinə həvalə edilib.
C.Həsənli qeyd edib ki, DQMŞ vətəndaşların siyasi motivlərlə həbsini aktual problem hesab edir. Sözügedən səbəblərdən DQMŞ-nin 18 üzvü həbsdə və ya məcburi mühacirətdədir.
Əsasən jurnalist Seymur Həzi, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, gənc fəal İlkin Rüstəmzadə həbsdədir.
Həbsxanalarda daha 100 siyasi məhbus var ki, DQMŞ onların azadlığa buraxılmasını tələb edir. Onların arasında İslam Partiyasının lideri Mövsüm Səmədov, ilahiyyatçı Abgül Süleymanov, “Müsəlman Birliyi” Hərəkatının lideri, DQMŞ üzvü Taleh Bağırzadə də var.
DQMŞ hesab edir ki, sözügedən dindarlar və onlarla birlikdə həbs olunanlar uydurma ittihamlarla təqib edilirlər.
C.Həsənli Heydər Əliyevin abidəsinin üzərinə yazı yazdıqlarına görə həbs edilən gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimova qarşı işgəncələri pisləyib.
DQMŞ 2013-cü ilin yayında Azərbaycanda demokratik islahatlara tərəfdar olan siyasətçilər, ictimai xadimlər, yaradıcı ziyalı və gənclər hərəkatlarının nümayəndələrinin birliyi kimi yaradılıb.