“Bir sıra qurumlar ömrünü 1990-cı illərdə başa vurmuş sovetlərin işini davam etdirmək istəyirlər. Onlar bu yolla vətəndaşları çəkindirmək, yalan məlumat vermək, etiraz aksiyalarında kütləviliyin qarşısını almaq istəyirlər”
Bir neçə müxalifət partiyası və ictimai fəalı birləşdirən Milli Şura martın 15-də Bakıda mitinq keçirməyi planlaşdırır. Ölkədə bahalaşma və başqa sosial problemlərə həs edilən bu aksiya ərəfəsində onun təşkilatçıları müxtəlif təzyiqlərlə üzləşdiklərini deyirlər.
Meydan TV aksiyanın təşkilatçısı olan Milli Şuranın sədri, professor Cəmil Həsənlinin Azadlıq Radiosuna müsahibəsini təqdim edir
– Cəmil bəy, 15 mart mitiniqinə icazə verildi. Ancaq aksiya öncəsi sizin facebook səhifənizin dağıdıldığı deyildi, mitinqin vaxtı ilə bağlı fərqli məlumatlar yayıldı və s. Bütün bunlar 15 mart mitinqinin effektinə nə dərəcədə təsir göstərəcək?
– Bütün bu təxribatlar düşünülmüş şəkildə hakimiyyət orqanları tərəfindən, xüsusilə ölkənin təhlükəsizlik orqanları tərəfindən törədildi. Bu, ilk növbədə mənim profilimin oğurlanması, facebookda səhifəmin dağıdılmasında özünü göstərdi.
Mənim oğurlanmış profilimdən Azərbaycan vətəndaşlarına çoxlu sayda yalan, böhtan, təxribat xarakterli məlumatlar verildi. Bütün bunlar mitinqdə kütləviliyin qarşısını almaqdan ötrüydü. Amma bu orqanlar o qədər düşüncəsizdirlər ki, özləri də bilmədən mitinqin sosial şəbəkələrdə müzakirəsinə səbəb oldular. Biz də vətəndaşları xəbərdar edə, mitinqin vaxtı ilə bağlı gələn çoxsaylı suallara cavab verə bildik.
Bütün hallarda baş verənlər Azərbaycan hakimiyyətinin mahiyyətini göstərir. Ərazisi işğal olunmuş bir ölkənin təhlükəsizlik orqanlarının belə mənasız işlərlə məşğul olması sadəcə, fəlakətdir. Bütün bunları müşahidə edən Azərbaycan vətəndaşları işğal olunmuş torpaqlarının 20 ildən artıqdır düşmən əsarətində qalmasına təəccüblənməməlidirlər.
– Sizcə, elektorat arasında müəyyən çaşqınlıq yarada bildilərmi? Hər halda sizə suallar gəldiyini deyirsiz.
– Hər dəfə mitinq olanda hakimiyyət orqanları mənasız şeylər düşünürlər. Bundan əvvəlki 9 noyabr, 12 oktyabr mitinqlərində də təxribatlar olmuşdu.
Bizim bir sıra qurumlarımız ömrünü 1990-cı illərdə başa vurmuş sovetlərin işini davam etdirmək istəyirlər. Onlar bu yolla vətəndaşları çəkindirmək, yalan məlumat vermək, etiraz aksiyalarında kütləviliyin qarşısını almaq istəyirlər. Bütün bunlar mitinq qorxusundan irəli gəlir. Amma düşünmədən mitinqin kütləviliyinə xidmət edirlər.
– Sizcə, bu gün narazı elektorat mitinqə gəlməkdə həvəslidirmi?
– Fevralın 21-də elə bir hadisə baş verdi ki, bütün vətəndaşların həyatına təsir göstərdi. Azərbaycan hakimiyyətinin verdiyi qərarla bir günün içində bütün ailələr 33-35 faiz yoxsullaşdı. Onların gəlirləri, əmanətləri, sosial yardımları bir gündə 35% öz dəyərini itirdi. Ölkədə kütləvi bahalaşma gedir. Vətəndaş narazıdır. Hər halda, biz bu mitinqi sosial sifariş hesab edirik.
Vətəndaşlarımıza qarşı edilmiş bu qəsdə qarşı bu mitinqi təşkil edirik. Məncə, hakimiyyətin hədəfinə çevrilmiş hər bir vətəndaş öz iradəsini ortaya qoymalıdır. Mitinqə gəlməklə bu talançı, soyğunçu siyasətə “yox” deməyi bacarmalıdır.
– Belə etirazların təsirinə, hakimiyyətin etiraz aksiyasından sonra müəyyən ölçü götürəcəyinə inanırsızmı?
– Azərbaycanda ictimai rəy işləməyə başlayıb. Bir sıra məsələlər ictimai rəydə, xüsusən də sosial şəbəkələrdə müzakirə olunduqdan sonra hakimiyyətin diqqətini də cəlb edir.
Biz mitinqdə təkcə manatın devalvasiyasından danışmayacağıq. 1994-cü ildən şəhid ailələrinə çatacaq kompensasiyaları vermirlər. Bu onların haqqıdır. Başqa ölkələrdə xeyriyyə aksiyalarına böyük səxavətlə pul ayıran hakimiyyət Azərbaycanın müstəqilliyi yolunda canını qoyanların yaxınlarına qanunla müəyyən edilmiş kopmpensasiyaları ödəmək istəmir. Bu məsələləri gündəmə gətirmək istəyirik. Bu da ictimai rəyin təzyiq imkanlarını artıracaq.
– İctimai rəyin işlədiyini deyirsiz. Bu günlərdə Milli Məclisin Sosial-siyasət Komitəsinin sədri Hadı Rəcəbli dedi ki, müəllim yaxşı yaşamaq istəyirsə daha çox işləməli, dərsdən sonra başqa iş də görməlidr. Lənkəranın Veravul kəndində yaşayan Balabəy müəllimi misal göstərdi. Sosial şəbəkələrdə bu məsələ geniş müzakirə olundu. Hadı Rəcəbli hətta dediklərinin düz anlaşılmadığını söyləməli oldu. Ancaq maraqlıdır ki, Komitə sədrinin yol göstərdiyi müəllim təbəqəsi buna münasibət bildirmədi. Bu da bir kəsimin ictimai rəyi, bəlkə rəysizliyidir?
– Azərbaycanda bu gün müəllim kolllektivinin böyük hissəsi innovasiya texnologiyalarından istifadə edə bilmir. Bu, fəlakətdir.
XXI sərdə sinfə girən müəllimlər kompyuterdən, sosial şəbəkələrdən istifadə etmək qabiliyyətinə malik deyil. Mirzə Cəlil “Poçt qutusu” adlı bir hekayə yazmışdı. Novruzəli xanın məktubunu poçt qutusuna atmalı idi, amma poçt haqqında təsəvvürü yox idi. Məktubu qutuya salandan sonra yanında oturub gözləyirdi. Poçt işçisi məktubu götürəndə qalmaqal saldı ki, onun xanının məktubunu niyə aparır.
Bu gün internetdən, kompyuterdən istifadə edə bilməyən azərbaycanlının həmin Novruzəlidən fərqi yoxdur. Öz məqsəd, məramına görə Mirzə Cəlilin Novruzəlisi bugünkü novruzəlilərdən daha səmimi idi.
– Siz bu mitinqin sosial sifariş olduğunu söylədiniz. Amma YAP-çı deputat Siyavuş Novruzov deyib ki, bu mitinqin sifarişi xaricdən gəlib.
– Mən belə mənasız bəyanatları şərh etmək istəmirəm.
– Bu il
qızınız
8 martı xoş olmayan bir durumda qarşılamalı oldu. Bu ata kimiz sizi incidirmi?
– Mən Siyasi Məhbusların İctimai Müdafiə Komitəsinə rəhbərlik edirəm. Leyla xanım da o müdafiə olunanların ön sıralarında dayanır, Xədicə xanım da. Biz yüzdən artıq siyasi, vicdan məhbusunun hüquqularını müdafiə edirk.
Bu birinci dəfə deyil. Biz 10-15 ildi hakimiyyətin təqibləri ilə üzləşirik. Ola bilsin oğlumu hədəfə götürsələr cibinə narkotik atacaqdılar. Qızıma qarşı daha böyük həyasızlığa əl atıblar. Bu quramadır. Mənim qızıma yox, özümə qarşı quraşdırılma işdir.