“Hesabatda yer alan saxtakarlıq da həmin tendensiyanın davamıdır”
Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Agramunt və Tadeusz Iwinskinin iyunun 23-də “Azərbaycanda demokratik institutların vəziyyəti” adlı məruzəsi tam şəkildə açıqlanmadan tənqidə məruz qalır. Hesabatda insan haqlarının, məhkəmələrin durumu mənfi qiymətləndirilir və Venessiya Komissiyasının tövsiyələrinin sürətlə icra olunacağına inam ifadə olunur.
Xüsusən hesabatda 2013-cü il seçkilərinin demokratik və ədalətli keçirilməsi barədə fikirlər həmin seçkilərdə əsas namizəd, Milli Şuranın sədri Cəmil Həsənlinin etirazıyla qarşılanıb.
Bu barədə Meydan TV-yə fikirlərini bölüşən Cəmil Həsənli bildirib ki, 2013-cü ilin prezident seçkiləri tam saxtakarlıq şəraitində keçirilib və saxtakarlığın səviyyəsi o qədər yüksək olub ki, seçkiləri monitorinq edən yeganə səlahiyyətli orqan ATƏT-nin Varşava Bürosu mənfi rəy verib. Əgər seçkilər demokratik keçirilibsə, Varşava Bürosunun rəyində saxtakalığın səviyyəsi niyə 58 faiz göstərilib? İlk dəfə olaraq Avropa tarixində Avropa Şurasının rəyi ilə ATƏT-in Varşava Bürosunun rəyi 2013-cü il seçkilərinə münasibətdə haçalandı. Çünki hər iki qurum bir qayda olaraq birgə rəy verirlər. Amma 2013-cü il seçkilərində fikir ayrılığı ayrı-ayrı qiymətləndirməyə səbəb oldu. Şübhəsiz ki, Avropa Şurasının Müşahidə Missiyası könüllülük əsasında gəlmişdi, amma ATƏT-in Varşava Bürosu bu məsələyə məsul qurumdur. Çünki ATƏT ölkələri büroya seçki məsələsilə məşğul olmaq mandatı verib, ona görə ATƏT-in hər bir üzv ölkəsi üçün qurumun qiymətləndirməsi mühüm hesab olunur. Qalan qiymətləndirmələr könüllü xarakter daşıyır. Başqa bir ciddi məsələ odur ki, ilk dəfə olaraq Avropa Parlamenti öz missiyasının rəyindən imtina etdi.
Cəmil Həsənli həmməruzəçilərin hesabatının həmin bəndinə suallarla reaksiya verdi: “Bir halda seçkilər demokratik keçirilibsə, sadaladıqlarım niyə baş verməliydi? Başqa bir sual; əgər bir seçkinin nəticələri texniki ehtiyatsızlıq ucbatından 1 gün əvvəl elan olunubsa, o seçki necə demokratik sayıla bilır? Və başqa bir məqam, Avropa Şurasının Müşahidə Missiyasının üzvləri seçkidən bir gün əvvəl mənimlə görüşdü. Görüşdə onların verdikləri suallar müşahidəçidən çox İlham Əliyevin vəkillərinin sualları idi. Mən onların üzünə də bunları dedim. Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda sadəlövhcəsinə düşünürdük ki, qurum Azərbaycanı öz qayda və prinsiplərinə uyğunlaşdıracaq. Təəssüf ki, əksinə oldu. Hesabatda yer alan saxtakarlıq da həmin tendensiyanın davamıdır”.
O, hesabatdakı tövsiyələrin icrasının sürətlənəcəyinə inanmadığını deyib. Avropa Şurasında komitə sədrlərindən Dik Marti 2012-cü İsveçrədə keçirilən tədbirdə hələ 2010-cu il parlament seçkiləri ilə bağlı maraqlı bir hadisəni açıqlamışdı: “Deputat deyirdi ki, seçkilərdən əvvəl Azərbaycanın emissarları onun yanına gəlib. Mənə bildirdilər ki, seçkiyə müsbət rəy verəcəyim təqdirdə böyük qonorar alacam. Mən bundan imtina etdim, amma Avropa Şurasında təmsil olunan başqa deputatların imtina edəcəyinə əmin deyiləm”.