Cəmil Həsənli: Elə bilirlər, sərəncamla pambıq yetişəcək

Cəmil Həsənli
Cəmil Həsənli



“Son 10 ildə Azərbaycanın siyasi və ictimai səhnəsi heç vaxt indiki kimi şəffaf olmayıb”


Meydan TV-nin Milli Şurasının sədri, professor Cəmil Həsənli ilə post-referendum müsahibəsi


– Cəmil müəllim, sentyabrın 26-da referendum keçirildi. Başlanan yeni dönəmdən nə gözləyirsiniz?

– Doğrusu, gözləntilərim elə böyük deyil. Azərbaycan hakimiyyəti indiyə qədər atdığı anti-konstitusion addımları saxta referendum yolu ilə Konstitusiya çərçivəsinə salmaq istəyir. 26 sentyabr addımı nə xalqın köklü maraqlarına, nə sosial-iqtisadi problemlərin həllinə, nə də işğal altında olan torpaqların azad edilməsinə hədəflənib. Bunun bir mənası var:

Konstitusiya dəyişikliyi yolu ilə şəxsi hakimiyyət rejimini möhkəmləndirmək, hakimiyyəti daha uzun müddətdə əldə saxlamağa hüquqi baza yaratmaq və onun vərəsəlik üzrə təhlükəsiz ötürülməsinin siyasi etibarlılığını təmin etmək. Əlbəttə, bütün bunlar cənab İlham Əliyevin istək və arzularıdır. Amma eyni zamanda, bütün bunlar böhran şəraitində hakimiyyətin üzbəüz dayandığı xalqın qəzəbindən sığortalanmaq, öz xalqından çəkinmək, qorxmaq sindromunun təzahürləridir. Əslində, indi hakimiyyətin qarşısında duran başlıca vəzifə “böhran iqtisadiyyatı” mexanizmini işə salmaqla vəziyyətin ən azından pisləşməsinin, geri getməsinin qarşısını almaq idi. Lakin bunlar əhalini səfalətə sürükləyən problemləri aradan qaldırmaq əvəzinə, böhranın sıxılmış yaya döndərdiyi xalqla qarşıdurmaya hazırlıq gördülər, polis dəyənəyini gücləndirmək yolu tutdular. Halbuki, bunun perspektivi yoxdur və öz xalqına qarşı dayanan rejimlərin çökməsi labüddür. Məhz bu mahiyyətinə görə xalq, səsverən əhali kütləvi şəkildə referendumu boykot etdi.


– Amma MSK-nın məlumatında referendumda seçici fəallığı 70 faizə yaxın olduğu bildirilir və referenduma çıxarılan əlavə və dəyişikliklərə səsvermədə iştirak edənlərin 90 faizindən çoxunun tərəfdar olduğu qeyd edilir.

– Axı, bu, necə ola bilər? Normalda iştirakçıların 91 faizinin prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılmasına və ya seçicilərin 91 faizinin prezidentliyə namizədin yaş həddinin 35 –dən 18 yaşa endirilməsi lehinə səs verməsi nə nəzəri, nə də praktiki baxımdan mümkün deyil. Belə nəticələr yalnız Azərbaycan kimi xalqların seçki haqqının mənimsənildiyi ölkələrdə ola bilər. Əslində, xalq referendumu və hakimiyyətin səsverməyə çıxardığı təklifləri boykot etdi. Bütün “karusel” əməliyyatları, büdcə təşkilatlarının səfərbərliyi, qapalı müəssisələr hesabına belə seçici fəallığı 10 faizin aşağısında oldu. Bunu hakimiyyət özü də, onun Azərbaycanın hesabına dəvət etdiyi çoxsaylı müşahidəçilər də, ölkə ictimaiyyəti və beynəlxalq təşkilatlar da çox yaxşı bilir. Mən məntəqələrdən çəkilmiş çoxsaylı video materialları bir kənara qoyuram, təkcə MSK-nın quraşdırdığı kameraları izləmək xalqın referendumu boykot etdiyini təsdiq etmək üçün yetərlidir. 26 sentyabr referendumunun ən mühüm siyasi nəticəsi Əliyev rejiminin xalqın dəstəyini itirməsi həqiqətini ortaya qoyması oldu. Bunu kiminsə bilməsinə elə böyük ehtiyac yoxdur, hakimiyyətin özünə gün kimi aydındır bu həqiqət. Son üç seçkidə biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının elan etdiyi rəqəmlərə, ötən ilin parlament və bu ilin referendum səsverməsinin yekunlarına diqqət yetirsək, həmin mənzərə ortadadır. Baxın, ATƏT müşahidə missiyası 2008-ci ilin prezident seçkilərində 23 faiz, 2010-cu ilin parlament seçkilərində 32 faiz, 2013-cü ilin prezident seçkilərində 58 faiz saxtakarlıq olduğunu bəyan etmişdi. Göründüyü kimi, hakimiyyət xalqın dəstəyin itirdikcə, saxtakarlığın dinamikası da yüksəlir. Yaxud, ötən ilin parlament seçkilərindən 22 gün öncə mən Məclisə seçiləcək 125 deputatın siyahısını mətbuatda dərc etdim. Həmin siyahıda olan 125 nəfərdən 121-i “seçildi”, bu parlament seçkisində bütün yerlərin 96 faizi demək idi, deməli, kütləvi seçki saxtakalığı, xalqın iradəsinə zidd olaraq parlamentin tərkibinin seçkidən əvvəl formalaşdırılması öz təsdiqini tapmış oldu. Biz bu siyahını münəccimlik əsasında deyil, rəsmi hakimiyyət orqanlarından əldə etdiyimiz məxfi məlumatlar əsasında hazırlamışdıq. Əslində, bu xalqın seçki hüququnun əlindən alınması, qeyd edilən siyahını tutanların, onu icraya yönəldənlərin və icra edənlərin, habelə siyahı əsasında “seçilənlərin” əlbir olaraq mütəşəkkil qrup formasında hakimiyyəti mənimsəməsi faktı idi. Bu isə Azərbaycan qanunlarına görə ən ağır, hətta vətənə xəyanət ittihamından da ağır cinayət hesab edilir. Sentyabrın 26-da keçirilən referendum da məhz həmin prosesin artan xətlə davamı idi.


– Referendum ərəfəsində Milli Şuranın mitinqləri xalqın bu hadisələrə biganə olmadığın nümayiş etdirdi. 11 sentyabr aksiyasından sonra repressiyaların gücləndiyi müşahidə edildi…

– Əslində, hakimiyyət referendum oyununu yay aylarına salmaqla onu ölkə və beynəlxalq ictimaiyyətdən gizlin keçirmək niyyətində idi. Konstitusiyaya edilən hər hansı əlavə və dəyişiklik ümumxalq müzakirəsindən keçməlidir. Bunu ona görə etmədilər ki, tətillər və istirahət mövsümü olan yay ayları başa çatmamış prosesi tələm-tələsik yekunlaşdırsınlar. Milli Şura sükutu pozmağa çalışdı. Öncə referenduma çıxarılan əlavə və dəyişikliklər mütəxəssislərin iştirakı ilə müzakirəsini keçirib, onun anti-konstitusion, xalqın köklü maraqlarına zidd olduğun ölkə və dünya ictimaiyyətinə çatdıra bildi. Vətəndaş cəmiyyətinin, beynəlxalq təşkilatların səyi ilə Venesiya Komissiyası sənədə münasibətini açıqladı, kəskin tənqidi rəylə çıxış etdi. Qurum çox dəqiq göstərdi ki, səsverməyə çıxarılan dəyişikliklər “prezidentə görünməmiş səlahiyyətlər verərək, hakimiyyətin qolları arasında balansı pozur”. Bundan əlavə, referendumun ümumxalq müzakirəsi olmadan, məsələnin mahiyyəti xalqa izah edilmdən keçirilməsi Konstitusiya dəyişikliklərinə legitimlik verən açıq müzakirə prinsiplərinin pozulmasına gətirib çıxardı. Milli Şuranın 11 və 17 sentyabr mitinqləri isə anti-konstitusion dəyişikliyə xalqın Konstitusiya çərçivəsində etirazını ifadə edirdi. 11 sentyabr mitinqindən sonra baş verənlər, mitinq təşkilatçılarının kütləvi həbsi, 17 sentyabr aksiyasından sonra 200-dən artıq mitinq iştirakçısının zor tətbiq edərək polis orqanlarına aparılması, son iki həftədə 180 nəfərə yaxın cəbhə fəalının hüquq-mühafizə orqanlarına çağrılması, polis orqanlarının əhali içərisində ucdantutma “profilaktika” işləri aparması bir tərəfdən xalqın gücü qarşısında hakimiyyətin qorxusunu, digər tərəfdən onun dinc mitinqlərə hazır olmadığını təsdiq etdi. Burada bir məqama da toxunmaq istərdim. Öz haqların tələb edən, konstitusion hüququndan yararlanmaq istəyən vətəndaşlara qarşı polis niyə bu qədər amansızdır? Son illərin polisin rəhbər kadrlarının seçilməsində ciddi proteksiya və qohumbazlıq, yerliçilik hallarına yol verilib. Təsəvvür edin, Bakı şəhərinin rayonlarının polis idarələrinin, bölmələrinin rəislərinin əksəriyyəti kiçik istisnalarla rəhbər işçilərin, vəzifəli şəxslərin, deputatların, hüquq-mühafizə orqanlarında çalışan yüksək rütbəli və yüksək vəzifəli şəxslərin qohum-əqrəbası, oğul-uşağıdır. Ona görə də indi onlar üçün insanların öz konstitusion hüquqlarından yararlanması, mitinq, nümayiş, kütləvi aksiyalarda iştirakı məsələsi ictimai asayişin qorunmasından daha çox, öz hakimiyyətlərini qorumaq instiktidir. Məsələn, sentyabr ayının 17-də regionlardan Bakıya gələn bütün yollar bağlandı. Dövlət Yol Polisi guya dərslərin başlanması ilə bağlı paytaxtda avtomobil sıxlığının qarşısını almaq üçün regionlardan gələn şəxsi avtomobillərin Bakıya girişinə qadağa qoymuşdu. Bu qadağa oktyabr ayının əvvəllərinə qədər davam etməli idi. Lakin sentyabrın 17-də mitinq başa çatandan sonra bu anti-konstitusion akt öz əhəmiyyətini itirdi. Çünki bu, Milli Şuranın 17 sentyabr mitinqinin kütləviliyinə maneçilik törətmək üçün düşünülmüşdü. Ona görə də, belə süni maneələr davam edəcəyi təqdirdə, biz regionlarda aksiya imkanlarını nəzərdən keçirməli olacağıq.


– Milli Şuranın 17 sentyabr mitinqində dindar məhbusların şəkilləri daha çox gözə dəyirdi. Bu mənzərə bir sıra dairələrdə bəzi suallar doğurdu. Sizcə, bu, təsadüfən belə olmuşdu, yoxsa ayrı bir səbəbi vardı?

– Əlbəttə, bu, təsadüfi deyildi. Qeyd etdiyiniz doğru müşahidə hakimiyyətin Milli Şuraya qarşı çoxdan bəri planlaşdırdığı təxribat planının bir təzahürü idi. Hələ iflasa uğramış keçmiş MTN bu istiqamətdə bəzi cəhdlər etmişdi. Yadınızdadırsa, Milli Şuranın 2015-ci ildə keçirilən mitinqlərinin birində tərsə bir İŞID bayrağı qaldırıldı. Bu mənasız addım həmin vaxt təhlükəsizlik orqanlarının Milli Şuranı İslam ekstremist qruplaşmalarına bağlamaq üçün hazırladığı xüsusi bir əməliyyatı idi. Lakin iflasa uğradı. Daha sonra hakimiyyətin nəzarətində olan dini-siyasi qurumların rəhbərlərindən biri mənimlə görüşüb (görüş yerini o, müəyyən etmişdi) Milli Şuranın artıq elan olunmuş mitinqində onlara bağlı olan islamçıların da iştirak etmək arzusunu ifadə etdi. Bu, “xoş” niyyət olsa da, bizim görüşdüyümüz obyektin MTN-nin “yavka” yeri olması və orada çəkilişlər aparılması mənim diqqətimdən yayınmadı. Burada məqsəd ondan ibarət idi ki, hakimiyyət nəzarətində olan 5-6 yüz nəfər dindarı islam bayraqları və dini şüarlarla Milli Şuranın mitinqinə çıxarır, orada təkbirlər deyilir, bütün bunların çəkilişi aparılır və bizim məlum görüşümüzün video süjetləri də bura əlavə edilib demokratik aləmə nümayiş etdirir ki, görürsünüz Milli Şura islamçılarla birdir. Amma mən görüşdən sonra bütün baş verənlərin MTN-in əməliyyatı olduğunu açıqladığım üçün həmin əməliyyat da pozuldu.


– Onda belə məlum olur ki, MTN ifşa olunsa da, onun planları hələ masa üstündədir?

– Elədir. Amma yeni çalarla da gözə dəyir. 17 sentyabrda müşahidə edilən mənzərə təhlükəsizlik xidməti və DİN-in birgə “əməyinin” məhsulu idi. Mitinqi təşkil edən bir qurum kimi qərarımız var idi: milli istinad nöqtəsi kimi Azərbaycan bayraqlarını, hədəflərimiz, üstün tutduğumuz dəyərlər kimi Avropa Birliyinin rəmzi olan bayraqları başımızın üzərinə qaldıraq. Siyasi məhbusların şəkillərinə gəldikdə isə, siyasi, dini, milli, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir siyasi məhbusun ortalama 5 portretini nümayiş etdirməyi onlara dəstək kimi nəzərdə tutmuşduq. Amma 11 sentyabr aksiyasının kütləviliyindən bərk həyəcan keçirən hakimiyyət 17 sentyabrda bu balansı poza bildi. Necə, hansı yolla? Birincisi, Avropa Birliyinin bayraqları girişdə polis tərəfindən müsadirə edildi və fəallar cəmisi 1-2 bayraq meydana keçirə bildilər. İkincisi, 17 sentyabr mitinqinə hazırlıq repressiyalar şəraitində keçdiyi üçün mətbəələr siyasi məhbusların portretlərini nəşr etməkdən çəkindilər və böyük çətinliklə olsa da, bu şəkillər Mitinq Komitəsi tərəfindən hazırlandı. Lakin mitinq ərəfəsindəki həbslər zamanı və aksiya günü polis girişdə demokratik düşərgədən olan siyasi məhbusların, jurnalistlərin, gənc fəalların, vətəndaş cəmiyyətindən olan məhbusların şəkillərini müsadirə edərək meydana buraxmadı. Əvəzində isə nəinki islamçı məhbusların portretlərinin meydana keçməsinə yaşıl işıq yandırdı, hətta olmazın müsibətlərə düçar etdiyi, saxta ittihamlarla həbs etdiyi, haqlarında ədalətsiz hökmlər çıxardığı dindarların şəkillərinin çoxaldılması “qayğısına” qalmışdı. Şübhəsiz ki, həmin portretləri təmiz məramla əlində tutan dindar insanların çoxunun bu təxribatdan xəbəri yox idi. Məqsəd Milli Şuranın dünyəvi mitinqinin dini görüntüsün yaratmaq və bunu dünyaya göstərmək idi. Bu primitiv təxribatın bütün mənası və məzmunu da bundan ibarət idi. Şübhəsiz ki, Milli Şura nahaqdan həbs edilmiş, uydurma ittihamlarla zindanlara salınmış mömin insanları, dindar məhbusları müdafiə edir. Onlar bir tərəfdən bizim vətəndaşlarımızdır, digər tərəfdən hakimiyyətin saxta ittihamlarının hədəfinə çevrilmiş bu insanlara mənəvi dəstək ifadə etmək demokratiya və insan haqlarının mühüm prinsipidir. Biz Milli Şura olaraq dinə, islama hörmətlə yanaşırıq, lakin ölkəmizi dünyəvi dəyərlərin coğrafiyasında görürük və bu, bizim üçün prioritet istiqamətdir. Son yüz ildə dünyəvilik Azərbaycanın tarixi nailiyyətidir və bu nailiyyət təkcə keçmiş tarix deyil, eyni zamanda gələcək hədəflər, doğru seçim, sivil dünyaya inteqrasiya və bütün bunlara söykənən milli inkişaf konsepsiyasıdır.


– “Nardaran işi” ilə bağlı məhkəmə prosesində səsləndirilən fikirlərdən belə nəticə çıxarılır ki, bu hadisələrdə başlıca məqsəd Sizin və Əli Kərimlinin həbsi üçün zəmin hazırlamaq olub…

– Son vaxtlar harada bir dini insident baş verirsə, hakimiyyət Milli Şuranı, Xalq Cəbhəsini, Əli Kərimlini, məni özünün əyirdiyi ağ sapla ora bağlamağa çalışır. Qara niyyətlərdən toxunmuş qara parça üzərində ağ tikişlər açıq-aydın görsənir. Təsəvvür edin, ikisi polis olmaqla 6 vətəndaşın öldürülməsi bahasına “ərsəyə” gətirilmiş “Nardaran işi” Əli Kərimli və məni həbs etmək üçün qurulmuşdu. Onlarla dindara ağlasığmaz işgəncələr veriliblər ki, Nardaranda dövlət çevrilişinə cəhdi guya bizim təşkil etməyimiz barədə saxta ifadələr alsınlar. Nə üçün lazım idi bu ifadələr? Bizi dini ekstremizm, terror və dövlət çevrilişinə cəhddə ittiham edib “gedərgəlməzə” göndərsinlər. Lakin Taleh Bağırzadə başda olmaqla bizim mömin insanların, gerçək iman sahibi olan vətəndaşların dözümü, iradəsi, hidayət yolunda olmaları hakimiyyətin bu planını iflasa uğratdı. Məhz bundan sonra bir bağlantı saxlamaq üçün Xalq Cəbhəsinin sədr müavini, bizim mitinqlərin əsas təşkilatçısı Fuad Qəhrəmanlı tamamilə saxta ittihamlar əsasında “Nardaran işi” ilə bağlı həbs edildi. Xalq arasında “Bandotdel” deyilən qurum həbs edilən dindarlara verdiyi amansız işgəncələrə görə vaxtı ilə DİN-in daxilində adam oğurluğu və insan qətllərinə görə ifşa olunmuş Hacı Məmmədovun dəstəsindən, yaxın keçmişdə ifşa olunmuş MTN-in içində günahsız insanları məhv edən soyğunçu Çovdarov qrupundan sonra dövlət adından hərəkət edən yeni mütəşəkkil cəza aparatı kimi zühur etmişdir. Bu millətin taleyinə cavabdeh olanlar bəyəm orada hansı cinayətlərin törədildiyindən xəbərsizdirlər? Yaxud uydurma Gülən əməliyyatının hədəfi də dünənə qədər “Nardaran işi”ndə “suçlu” bilinən Əli Kərimli və Xalq Cəbhəsi oldu, gənc fəal Fuad Əliyev və “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli hizmət imamı kimi saxta və məzhəkəli ittihamla həbs edildi. Halbuki, Gülənçilik Azərbaycanda dövləti bir siyasət idi və hakimiyyətin ən önəmli simaları da bu siyasətin içindədir. Bizi müxtəlif dini cərəyanlara bağlayıb həbs etmək göstərişi bilavasitə İlham Əliyevin özündən gəlir. Ona görə hüquq-mühafizə orqanları bu göstərişləri yuxarıdan aldıqlarından bəzən gülünc vəziyyətə düşsələr də, ağlagəlməz qanunsuzluqlara gedirlər.


– Sosial-iqtisadi böhran getdikcə dərinləşir. Hökumətin atdığı addımlar effektli nəticələr vermir. Nə gözlənilir?

– Bilirsiniz, İlham Əliyevin başçılıq etdiyi hakimiyyətin anti-böhran konsepsiyası, hökumətin bacarıqsızlığı ucbatından xalqı qəflətən yaxalamış böhrandan çıxmağa yetərli siyasi iradəsi, bu prosesi aparmaq üçün vacib olan intellektual potensialı və ən nəhayət, aydın iqtisadi təsəvvürü yoxdur. Cənab İlham Əliyev neftin qiymətinin düşməsini 2030-cu ildə, Əli Həsənov isə Rövnəq Abdullayev demişkən, “iyirmi iyirminci” ildə gözləyirmiş. Bunu dünya iqtisadi meyllərindən xəbəri olmayan kimsə deyə bilər, amma xalqın taleyinə cavabdeh olanların bu cür danışması onların ölkənin əsas gəlir mənbəyi olan bir məhsul ətrafında dünyada gedən proseslərdən nə qədər xəbərsiz olmalarının göstəricisidir. Əgər hələ 2011-2012-ci illərdə Azərbaycan Ziyalı Forumu akademiyanın müxbir üzvü, professor Rafiq Əliyevin dəqiq hesablamaları əsasında 2014-cü ilin sonlarından neftin qiymətinin və hasilatının azalacağı haqqında xəbərdarlıq etdisə, dövlətin iqtisadi qurumları, proqnoz mərkəzləri nədən bu böhranın 2030-cu ildə olacağın gözləyirdi? Həyat göstərdi ki, cənab Əliyevin iqtisadi təhlillərinin hüdudları elə də geniş deyil və bu, bir tərəfdən onun böhran şəraitində atdığı addımların effektliliyin aşağı salır, digər tərəfdən isə kifayət qədər əsaslandırılmamış sosial-iqtisadi ekspermentlərin bədəlini son nəticədə millət və dövlət ödəməli olur. Məsələn, penoplast istehsalına başladılar, bina yandı, çoxlu insan həyatını itirdi. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı xərclənmiş 50 milyard dollara yaxın vəsaitin faydalılıq əmsalı son dərəcə aşağı oldu. Böyük vəsaitlər qoyulsa da, Naxçıvan “Naz Lifan” Zavodunun iqtisadi səmərəliliyi yoxdur və gözlənilmir də. İstehsal olunan bir şeyin bazarı olmalıdır, kampaniya, çağırış, göstərişlə dövlət vəsaiti hesabına beş-on maşın satmaqla iş düzəlmir. Eyni uğursuzluq Neftçala Sənaye Məhəlləsində “Azevrocar” MMC şirkətinin “İran Khodro” şirkəti ilə birgə tikdiyi avtomobil istehsalı zavodunu da gözləyir. Əgər İran özü həmin maşınları beynəlxalq bazara çıxara bilmirsə, hazır hissələri İrandan gətirib Neftçalada yığmaqla Azərbaycan onu hara çıxara biləcək? Şirin vədlər verilsə də, qeyri-neft sektoru söz olaraq qaldı. Böyük neft pullarının səmərəsiz dağıdılmasından sonra tut ağacı basdırmaq, pambıq əkmək hesabına ölkəni böhrandan çıxarmağa ümid bəsləmək səmimi bir illüziya təsiri bağışlayır. Bu adamlar elə bilirlər ki, sərəncamla pambıq yetişəcək və bunlar da onu satıb ölkəyə valyuta gətirəcəklər. Pambığın valyuta bazarına uzun yolu və keçiləsi çoxlu mərhələləri var. Hazırda Azərbaycan rayonlarında pambıq əkinin infrastrukturu demək olar dağılıb. Onun bərpası, torpaqların əkinə hazırlanması böyük kapital qoyuluşu tələb edir. Bunlar təmin edilmədən ciddi nəticə sadəcə olaraq mümkünsüzdür.


– İslahatlara inam olmalıdır. Bu inam olmadan onun uğurunu necə təsəvvür etmək olar?

– İnam mühüm amildir. Bəlkə də işin yarısıdır. Seçki saxtakarlığı, qeyri-məhdud korrupsiya, kadrların seçilməsində peşəkarlığın və intellektual göstəricilərin üstün tutulmaması, insanların mülkiyyətinin daim təhlükədə olması, orta və xırda biznesin məhv edilməsi, hakimiyyətin əlindən adamların cibinə narkotika atıb həbsə almaqdan başqa ayrı bir faydalı işin gəlməməsi, səhiyyə və təhsil sisteminin çökdürülməsi, vətəndaş cəmiyyətinin şumlanması, ölkənin normal inkişafının mühüm siyasi şərti olan müxalifətin düşmən elan olunması addım-addım bu inamı öldürdü. Bütün bunların nəticəsi olaraq son illərdə Əliyev rejiminə nəinki siyasi baxımdan, ondan daha çox sosial-iqtisadi baxımdan əhalinin inamı sarsılıb. Əgər bir ölkənin milyon yarım pensiyaçısının təxminən bir milyonu 65-100 dollar arası pensiya alırsa, bu inamın hansı sosial qaynağı ola bilər? Əgər bir ölkənin ən məxfi informasiyalarına çıxışı olan dövlət başçısının ailə üzvləri və qohum-əqrəbasına məxsus banklar milli pul vahidinin devalvasiyasından böyük qazanc götürürsə, hansı etibardan söhbət gedə bilər? Burada məsələnin cinayət tərəfi bir yana qalsın, mənəvi tərəfi, xalqın fəlakətləri üzərində varlanmaq ehtirası daha dəhşətlidir. Əgər hakim elita öz siyasi opponentlərini saxta ittihamla həbsə alırsa, onların məsələyə heç bir aidiyyəti olmayan yaxın adamlarını girov kimi məhkum edirsə, öz rəqibinə saxta mülahizələrlə xarici pasport vermirsə, onun xarici səfərlərini bu yolla əngəlləyirsə, burada hansı etimaddan söhbət gedə bilər? Əgər bütün vətəndaşlara eyni gözlə baxmağa siyasi və mənəvi öhdəliyi olan Prezident ölkənin gəlirli sahələrini öz ailə üzvlərinə, qohum-əqrəbasına, uzun müddət iş birliyində olduğu yaxın əhatəsinə verirsə, burada hansı inamdan söhbət gedə bilər? Varisi olduğumuz cümhuriyyətin banilərindən olan Nəsib bəy Usubbəyov Baş nazir görəvində olanda ailəsinin ehtiyacları üçün atasından maddi yardım təmənnasında oldu, xalq malına, beytül-mala təmənna etmədi, bununla da dövlətə və millətə xidmətin təkrarsız bir örnəyini yaratdı. Əgər on illər boyu eyni adamlar yalnız mütəşəkkil rüşvət mexanizmi tətbiqindəki “fövqəladə” bacarıqlarına, monopolist şəbəkə qurub milləti soymaq qabiliyyətlərinə, topladığı rüşvət və korrupsiyanın hesabatını “dürüst” vermək kimi “mənəvi” keyfiyyətlərinə görə yüksək hökumət vəzifələri tuturlarsa, bu halda dövlət anlayışı arxa plana keçir və bütöv bir xalq dövlət adına fəaliyyət göstərən kiçik bir dələduz, mütəşəkkil fırıldaqçı dəstənin girovuna çevrilmiş olur.


– Xaricilər də referenduma ikili münasibət bəslədilər. Bu halda Milli Şura olaraq siz çarəni nədə görürsünüz?

– Xalqın iradəsində, mübarizə əzmində. Ayrı yol yoxdur. Xalqımız xarici gözləntilərə, kimin referenduma necə rəy verməsinə çox da aludə olmamalıdır, Konstitusiyada yazıldığı kimi özünü bu ölkənin sahibi kimi hiss etməli və layiq olduğu həyat haqqını məhz özü təmin etməlidir. Əgər bir ölkənin rəhbərliyi avtoritarizmə, totalitarizmə meyllənirsə, irsi hakimiyyət və monarxiya istəkləri sevdasına düşürsə, onun yolunda dayanmaq siyasətdən daha çox vətəndaşlıq borcudur. Məhz 26 sentyabrda xalq kütləvi boykotla bu vətəndaşlıq borcun yerinə yetirmiş oldu. Saxta referendumla əlavə səlahiyyətlər alsa da, indi İlham Əliyev hakimiyyəti özünün ən zəif, ən gücsüz dövrünə qədəm qoyub. Bu prosesin dərinləşəcəyi labüddür. Neftin, enerji daşıyıcılarının tək qiyməti və hasilatı azalmayıb, ona olan maraq və ondan asılılıq da azalıb. İndi ilk dəfə olaraq beynəlxalq aləmin Azərbaycana münasibətdə təhlükəsizlik, demokratiya və iqtisadi reformalar düsturunun gerçək tətbiqinə əlverişli şərait yaranıb. Əvvəlki beynəlxalq dəstək öz yerini sərt ittihamlara verməkdədir. Son referendumda hakimiyyət müxtəlif natəmiz yollarla ələ aldığı xarici tərəfdarlarını tam deşifrə etdi. Daxili mənzərəyə gəldikdə burada vəziyyət daha mürəkkəbdir. Maliyyə böhranı ağır mərhələyə daxil olur, gələn ilin büdcəsi son 5 ildə ən aşağı həddə düşməklə xalqın ağır sarsıntılarının anonsunu verir, bir tərəfdən banklar bağlanır, digər tərəfdən əhalinin bankların əsarətinə düşməsi daha təhlükəli həddə çatır, qiymətlər durmadan artır, büdcəni doldurmaq üçün atılan bütün addımlar bahalığa xidmət edir, hökumət böhrandan xalqın cibi hesabına çıxmaq istəyir, halbuki xalqın cibi artıq onu bu günə qoyan bir sıra korrupsioner, oğru vəzifə sahiblərinin vicdanından daha təmizdir və oradan bir şey gözləməyə dəyməz. Son 10 ildə Azərbaycanın siyasi və ictimai səhnəsi heç vaxt indiki kimi şəffaf olmayıb. Uzun müddət hakimiyyətin formalaşdırıb manipulyasiya etdiyi “əmzik müxalifəti” iflasa uğradı. Son üç ildə Milli Şuraya qarşı həyata keçirilən amansız təqib, repressiya, ideoloji təxribatlar bu qurumun dağılmasına bəslənilən ümidləri puça çıxardı. Hədəflərimiz millətimizin haqqı və hüququdur, lakin bu düsturun uğuru millətin iradəsinin ortada olmasından keçir.

Ana səhifəVideoCəmil Həsənli: Elə bilirlər, sərəncamla pambıq yetişəcək