Cəmil Həsənli BDU-dan çıxarılıb

Milli Şuranın prezidentliyə keçmiş namizədi, tarix elmləri doktoru, professor Cəmil Həsənli müəllim işlədiyi Bakı Dövlət Universitetindən çıxarılıb.

Source:

Milli Şuranın prezidentliyə keçmiş namizədi, tarix elmləri doktoru, professor Cəmil Həsənli müəllim işlədiyi Bakı Dövlət Universitetindən çıxarılıb. O, “Media forum” saytına bildirib ki, sentyabr ayından universitetə getmir: “2011-ci ildə könülü şəkildə BDU-da ştatdan çıxmışam. Amma müqavilə əsasında saathesabı dərs deyirdim. Əsasən də bir neçə magistr və doktorantın elmi rəhbəri idim və onları yetişdirirdim.

Bu il sentyabrın əvvəlində universitetdən zəng etmişdilər, yeni tədris ilinin birinci yarısı üçün mənə dərs ayrılmışdı və dərs cədvəlinə də düşmüşdüm. Sonradan universitet rəhbərliyi mənə ayrılan dərsin ləğv olunması tapşırığı verib. Tarix fakültəsinin dekanlığı isə dərsi başqa müəllimə verib, adımı dərs cədvəlindən çıxarıblar. Ona görə də sentyabrdan BDU-da dərs demirəm.

Ora mənim üçün çox əziz və doğma yerdir. 2011-ci ildə ştatdan çıxandan sonra çox cüzi məvacib alırdım. Mənim əsas maraq və məqsədim yaxşı tarixçilər yetişdirmək idi. İndi bu imkandan məhrum edilməyimə təəssüflənirəm”.

Cəmil Həsənli hesab edir ki, BDU-dan uzaqlaşdırılması Milli Şuranın prezidentliyə namizədi olması, seçki dövründə etdiyi çıxışlarda hakimiyyəti sərt tənqid etməsi, ölkədəki korrupsiya və rüşvətxorluqla bağlı faktlar açıqlaması və bunu edən şəxslərin adlarını çəkməsi ilə bağlıdır.

Cəmil Həsənli 1975-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, daha sonra bu elm ocağının aspiranturasında təhsil alıb. 1980-ci ildən başlayaraq BDU-da müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışıb. 20-dən çox kitabın müəllifidir.


Bakı Dövlət Universitetinin tarix fakültəsi professor Cəmil Həsənlinin işdən uzaqlaşdırılmasına aydınlıq gətirib.

Fakültənin dekanı Azad Rzayev “Media forum” saytına deyib ki, bir ilə yaxındır tarix fakültəsində Cəmil Həsənli adında müəllim işləmir: “Bu il Cəmil müəllimə saathesabı dərs verilməmişdi. Dərs cədvəlində onun adı olmayıb”.

Cəmil Həsənliyə dərs verilməməyinin səbəblərinə gəlincə, fakültə dekanı bu barədə bir söz deyə bilməyəcəyini vurğulayıb: “Dərs yükünü kafedra ayırır. Bunu kafedradan (Avropa və Amerika ölkələrinin müasir tarixi kafedrası – red.) soruşun”.

Ana səhifəXəbərlərCəmil Həsənli BDU-dan çıxarılıb