”Cəmil Ağayev ”jim” vəziyyətində olan əsgərlərin üzərindən keçib”

Əsgər Tapdıq Babaşovun ölümündə təqsirləndirilənlərin məhkəməsi davam edir

Source:
Tapdıq Babaşov
Tapdıq Babaşov
Tapdıq Babaşov
Tapdıq Babaşov

Əsgər Tapdıq Babaşovun ölümündə təqsirləndirilənlərin məhkəməsi davam edir

Mayın 4-də Bakı Hərbi Məhkəməsində hakim Müslüm Əliyevin sədrliyi ilə Fövqəladə Hallar Nazirliyinin Biləcəridə yerləşən N saylı hərbi hissəsinin keçmiş manqa komandirləri Cəmil Ağayev, Elməddin Babayev və Ruslan Cavadovun Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və digər maddələrilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Məhkəmə iclasında hərbi hissənin əsgəri Telman Həbibli şahid qismində dindirilib. Şahid ibtidai istintaq zamanı sərbəst ifadə verdiyini və ifadəsini təsdiqlədiyini bildirib. O, qeyd edib ki, çoxdan ifadə verdiyi üçün dediklərini xatırlamır.

Əsgər bildirib ki, o, mərhum Tapdıq Babaşovla normal münasibətdə olub:” Hadisə baş verən zaman mən də səs-küy gələn tərəfə qaçıb pəncərədən baxmaq istədim, lakin məndən bayıra çıxmağımı istədilər”. O, ifadəsində qeyd edib ki, təqsirləndirilən Cəmil Ağayev əsgərlərə “jim” vəziyyəti almaq əmrini verib və ayaqqabı ilə onların üzərindən keçib.

Bundan sonra təqsirləndirilən Cəmil Ağayev ifadə verib. O, deyib ki, Tapdıq Babaşovun ölümündə özünü təqsirli bilmir. O, əsgərləri vurduğunu etiraf etsə də, ali təhsilli əsgərləri vurmadığını deyib. Onu da bildirib ki, əsgərlərə xəsarət yetirməyib.

C.Ağayev hadisədən necə xəbərdar olması barədə suala cavab olaraq bildirib ki, həmin zaman kazarmada yatıb. C.Ağayev əməlindən peşman olduğunu da deyib.

Daha sonra təqsirləndirilən Cavadov ifadə verib. O, əsgərlərdən yalnız Seymur Kərimlini döydüyünü, digərlərini isə döymədiyini söyləyib.

Təqsirləndirilən Elməddin Babayev ifadəsində bildirib ki, Tapdıq Babaşovla yaxşı münasibətləri olub və heç vaxt vurmayıb.

Məhkəmənin növbəti iclası mayın 11-də keçiriləcək.

Tapdıq Babaşov 2015-ci ilin mayın 22-də hərbi hissədə dünyasını dəyişib. Rəsmi məlumatlara görə, o, özünü hərbi hissənin üçüncü mərtəbəsindən ataraq intihar edib. Lakin Tapdıq Babaşovun yaxınları buna inanmır. Onlar əsgərin qətlə yetirildikdən sonra pəncərədən atıldığını iddia edirlər.

Əsgərinin ölümü ilə bağlı hərbi hissənin keçmiş manqa komandirləri Ruslan Cavadov, Cəmil Ağayev və Elməddin Babayev ittiham olunurlar. Onlara qarşı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə ittihamelan olunub.

Cinayət işinin materiallarında Tapdıq Babaşovun ölümü ilə yanaşı hərbi hissədə əsgərlərə verilən işgəncələrdən də bəhs olunduğu üçün Tapdıq Babaşovun anası ilə birgə 50 əsgər zərərçəkmiş qismində tanınıb.

Tapdıq Babaşov atasını vaxtsız itirib və ailənin yeganə oğlan övladı olub. O, BDU-nun tarix fakültəsini qırmızı diplomla bitirib. Ölümündən bir ay öncə, aprelin 22-də Qobustan Rayon Hərbi Komissarlığı tərəfindən xidmətə çağırılıb.

Ana səhifəXəbərlər”Cəmil Ağayev ”jim” vəziyyətində olan əsgərlərin üzərindən keçib”