Mehdi Mustafayev

Mənbə: Meydan TV

Başlıq: Mehdi Mustafayev

Çəmənli sakini: Qəlpədən zərər görmüş evlər siyahıdan kənarda qalıb

Mehdi Mustafayev dərdini deməyə qurum tapmadığını söyləyir

“Düzdür, dağılan evləri tikirlər, bərpa edirlər, buna sözümüz yox, ancaq dam örtüyü zədələnmiş evləri düzəltmirlər. Kənddə mənim evim kimi qəlpədən dam örtüyü zədələnmiş xeyli ev var ki, nə gəlib baxırlar, nə qeydiyyata alırlar”.

Bunu Meydan TV-yə Ağdamın Çəmənli kəndinin sakini Mehdi Mustafayev deyir. Onun sözlərinə görə, 44 günlük müharibə zamanı yaşadığı evin damına xeyli qəlpə düşüb, dam örtüyü yararsız vəziyyətdədir. Ancaq aidiyyəti qurumlar vəziyyətlə maraqlanmırlar.

“Azı 7-8 min manat xərci var”

“Evin tavanı damır, otaqlar bərbad vəziyyətə düşüb. Dam örtüyünü dəyişmək isə azı 7-8 min manata başa gəlir. Heç bir qurum bizə kömək etmir. Bu işlər Ağdamın bələdiyyə sədri Loğman Bəxtiyarova tapşırılmışdı, zərərçəkmiş evlərin siyahısını o hazırlamalı, evləri komissiyaya o göstərməli idi. Ancaq kənddəki evlərin yarısını komissiya üzvlərinə göstərib, yarısını yox... Niyə belə edib, bunu da bilmirik. Hər dəfə “bu gün gəlib baxacaqlar”, “sabah gəlib baxacaqlar” deyib, bizi aldadırlar”, - şikayətçi deyir.

Mehdi Mustafayevin sözlərinə görə, müharibə bitəndən sonra yalnız dağılmış evlərin tikintisi aparılıb:

“Bu problem tək məndə deyil, burda narazı olan xeyli sakin var. Çünki xeyli ev yararsız hala düşsə də, tamamilə dağılmadığına görə siyahıya almayıblar. Yəni ki, gedin, özünüz düzəldin... Halbuki, bu evlərin təmiri üçün də büdcədən pul ayrılıb. Dam örtüyünü müharibə vaxtı qəlpə yararsız hala salıbsa, bunu dövlət aradan qaldırmalıdır, kasıb, işsiz vətəndaş yox...”

“Evin tavanı damır, otaqlar bərbad vəziyyətə düşüb"

“Evin tavanı damır, otaqlar bərbad vəziyyətə düşüb"

Mənbə: Meydan TV

“Başçını yerində tapa bilmirəm”

Mehdi Mustafayevin sözlərinə görə, Ağdam Rayon İcra Hakimiyyətinə getsə də, sözünü demək üçün başçını yerində tapmır:

“Üç aydır müharibə bitib, mən başçını yerində tapa bilmirəm ki, dərdimi deyəm... Nə vaxt getsək, “başçı yerində yoxdur” deyib, qapıdan geri qaytarırlar. Əlimizdə işimiz, gəlirimiz yoxdur ki, özümüz bir çarəsinə baxaq. Yağış yağan kimi dam örtüyündə qəlpənin yaratdığı deşiklərdən su evin içərisinə süzülür. Artı tavan da dağılmaq üzrədir. Otaqlara vanna, vedrə yığırıq”.

Mehdi Mustafayev aidiyyəti üzrə qurumlara dəfələrlə məktubla müraciət etsə də, hamısı cavabsız qalıb.

“Müraciət olunmayıb”

Ağdam Rayon İcra Hakimiyyətindən bildirilib ki, Çəmənli kəndindən indiyədək heç bir sakin bu məsələylə bağlı quruma rəsmi məktubla müraciət etməyib. Müraciət olunsa, evə baxış keçirilər.

Ötən ilin dekabrında Prezident İlham Əliyev 44 günlük müharibə zamanı evləri dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş ailələrə maddi yardım ayrılmasına dair sərəncam imzalayıb. Həmin sərəncama görə, qismən ziyan dəymiş evlər üzrə ailə üzvlərinin sayından asılı olmayaraq, hər bir ailəyə 1000 manat maddi yardım verilməlidir.

"Bu işlər Ağdamın bələdiyyə sədri Loğman Bəxtiyarova tapşırılmışdı..."

"Bu işlər Ağdamın bələdiyyə sədri Loğman Bəxtiyarova tapşırılmışdı..."

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/w78k7z

Ən çox baxılan