Direktor müavini haqqının tapdandığını iddia edir: “Region üzrə ən yüksək nəticəni göstərdim, məni ehtiyat kadra atdılar”
Cəlilabad şəhərindəki 9 saylı məktəbin direktor müavini Rauf Məlikov direktor vəzifəsinə işə qəbulun nəticələrindən narazıdır. O hesab edir ki, nəticələr təsdiqlənəndə obyektivlik qorunmayıb, haqsızlığa yol verilib.
“İkinci müavin də imtahana qatıldı, cəmi 6 bal yığdı”
16 il müəllimlik təcrübəsi olduğunu deyən Rauf Məlikov iddia edir ki, şəxsən onun özünə münasibətdə ədalətsiz davranıblar. Onun sözlərinə görə, müsabiqədə hazırda çalışdığı 9 saylı məktəbə direktor təyin olunan şəxslə müqayisədə 5 dəfə yüksək bal toplamışdı. Amma son nəticədə onu yox, həmin şəxsi direktor təyin ediblər. Həmin şəxs də Rauf Məlikov kimi, 9 saylı məktəbdə direktor müavini işləyirmiş:
“2021-ci ildə direktorların işə qəbulu üzrə müsabiqədə mən 33 bal topladım. Vakansiyada elə öz çalışdığım məktəbi seçdim. Müsahibədə də region üzə ən yüksək nəticəni topladım. Mənimlə yanaşı ikinci müavin də imtahana qatıldı. Lakin o 60 baldan cəmi 6 bal topladı”.
“Bu, regional idarənin günahıdır”
9 saylı məktəbin cəmi iki ildir fəaliyyət göstərdiyini deyən Rauf Məlikovun sözlərinə görə, onu ehtiyat kadrlar siyahısına daxil ediblər. Səbəb kimi isə bunu göstəriblər ki, o, 500-ə qədər şagirdi olan məktəbə direktor qəbulu üçün imtahan verib. 9 saylı məktəb isə 500-dən çox şagirdi olanlar siyahısındadır. Bu üzdən o, həmin məktəbdə direktor işləyə bilməz.
Lakin Rauf Məlikov bu arqumenti əsassız sayır.
“Mən vakansiyanı aprel ayında seçmişəm. Bu regional idarənin günahıdır. Niyə yanvar ayının hesabatında 500-dən yuxarı şagirdi olan məktəbi aprel ayında 500-dən aşağı şagirdi olan məktəblər siyahısına salıblar? Ona görə də mən bu məktəbi seçmişəm. Məni ehtiyat kadra atıblar, 6 bal toplayan digər müavini isə müvəqqəti əmək müqaviləsi bağlayıb, ona direktor vəzifəsini veriblər”.
Təhsil İdarəsi: “Ona vakant yerlər təklif olunub, imtina edib”
Lənkəran-Astara Regional Təhsil İdarəsindən isə Rauf Məlikovun iddialarına cavab olaraq bildirilib ki, Cəlilabad şəhər 9 saylı məktəbə rəhbərlik direktor təyin olunana qədər məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Abdul Rzayevə müvəqqəti həvalə edilib.
İdarədən onu da bildiriblər ki, Abdul Rzayev direktor vəzifəsinə işə qəbul imtahanında 6 yox, 19 bal toplayıb:
“Keçid balını toplamadığı və müsahibədə iştirak etmədiyi üçün direktor vəzifəsinə təyin edilməyib”.
Rauf Məlikova da gəlincə, Regional Təhsil İdarəsindən deyilib ki, o, şagird sayı 500-dən az olan müəssisələr üzrə imtahanda iştirak edib, uğurlu nəticə göstərib. Ona vakant yerlər (şagird sayı 500-dən az olan müəssisələr) təklif olunsa da, imtina edib. Bu səbəbdən ehtiyat kadrlar siyahısına daxil edilib:
“Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbdə hazırda 600-dən çox şagird təhsil alır. Bu kateqoriyadan olan müəssisələr üçün müsabiqə növbəti aylar ərzində təşkil ediləcək”.