Cəlilabadda: Ağır xəstə xadimələrin ümidinə qalıb


Bu görüntülər Ramazan bayramı günləri Cəlilabad rayon Mərkəzi Xəstəxanasında çəkilib.
Xəstəxanada ağır xəstə olsa da, növbətçi həkim yoxdur. Buna etiraz edən xəstə yaxınları deyir ki, heç bir yardım göstərilmir: “Səhər saat 9-dan burdayam. Göytəpə xəstəxanasından bura yollayıblar. 3-ün yarısıdır, heç kim yoxdu. Belə qansızlıq, vicdansızlıq olar? Belə ağlr xəstəni qoyub hara gediblər? Məni baş həkimin otağına aparıb deyirlər ki, xəstən ağırdır, ölə bilər. Ölə bilərsə, qoyub hara gedirsən? Bu gün 20 dəfə aptekə göndəriblər. Bütün dərmanları özümüz almışıq”.

Xəstənin digər yaxını da etiraz edir: “Bizə deyirlər, balaca maşınla xəstəni Bakıya aparın. Aparata qoşulub. Aparatla necə aparaq? Danışanda deyirlər, Avropa srandartları ilə bina tikmişik, ambulans almışıq. Hanı o ambulans? Kim satıb qoyub cibinə? Pulu ilə istəyirik, yenə təcili yardım maşını vermirlər”.

Yaxınları xəstənin xadimələrin ümidinə qaldığını deyirlər.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açılışı 2013-cü ilin 4 sentyabrında olub və açılışda İlham Əliyev bu sözləri deyib:

“Mən sizi ürəkdən təbrik edirəm. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açılışı çox gözəl hadisədir, böyük hadisədir. Bu xəstəxananın qısa müddət ərzində tikilməsi də Azərbaycan dövlətinin gücünü göstərir. Mən xatırlayıram, keçən il Cəlilabadda olarkən burada Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı göstəriş vermişdim. Bu xəstəxana bir il ərzində tikilib və ən yüksək standartlara cavab verir. Dünyada hansı yüksək standart varsa, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında da o standart vardır – həm keyfiyyət, həm memarlıq, həm gözəllik, təmizlik. Eyni zamanda, burada ən müasir avadanlıq quraşdırılıbdır, bütün şöbələr – cərrahiyyə, terapiya, oftalmologiya, doğum şöbələri fəaliyyət göstərir. Yəni, bu xəstəxana dünya səviyyəsində tikilmiş xəstəxanadır.

Xəstəxananın tikintisi bir daha demək istəyirəm ki, Azərbaycan dövlətinin gücünü və siyasətini əks etdirir. Çünki siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun rifahı, onun sağlamlığıdır. İnsan sağlamlığı hər şeydən üstündür.

Hər bir insan öz sağlamlığını qorumalıdır və hər bir insan keyfiyyətli tibbi xidmət almalıdır.

Bu gün Azərbaycanın müxtəlif yerlərində keyfiyyətli tibbi xidmət almaq üçün bütün şərait vardır.”


Azel.tv əməkdaşlarına çəkiliş üçün təşəkkürlər.

Ana səhifəVideoCəlilabadda: Ağır xəstə xadimələrin ümidinə qalıb