Cəlilabad sakini polis kapitanının qohumuna elçi düşdüyü üçün döyülüb

”Döyülməyimə səbəb sevgilimin polis kapitanının qardaşı qızı olmasıdır”

Source:


”Döyülməyimə səbəb sevgilimin polis kapitanının qardaşı qızı olmasıdır”

“Sevdiyim qıza elçi göndərmək istədiyimə görə məni döydülər. Səbəb sevgilimin polis kapitanının qardaşı qızı olmasıdır. Başqa bir qohumu isə FHN-də çalışır. Məni döyəndə dedilər ki, sən kimsən bizim qardaşımızın qızını sevir, ona elçi göndərirsən…”

Meydan TV-yə danışan 21 yaşlı Cəlilabad sakini Yusif Quliyev deyir ki, hadisənin şokundan günlərdir çıxa bilmir. Onun sözlərinə görə, döyülməkdən başqa təhdid də edilib. Onu döyənlərin heç biri cəzalandırılmayıb:

“Məni döyənlərdən biri Cəlilabad rayon polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Nəsimi Bağırov və Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə İdarəsinin rəisi polkovnik-leytenant Şahin Cəfərovdur. Məni döydülər, sonra da xəbərdarlıq etdilər ki, bu barədə heç kimə heç nə deməyim. Mən isə başıma gələnlərlə bağlı şikayət verdim”.

Y.Quliyev deyir ki, hazırda Cəlilabad Rayon Prokurorluğu faktla bağlı cinayət işi açıb. Amma işlə bağlı nə həbs edilən, nə də saxlanılan var:

“Həmin şəxslər heç nə olmamış kimi öz vəzifələrində çalışırlar. Bu, sözün bitdiyi yerdir. Mən günahkarların tezliklə öz layiqli cəzasını almalarını istəyirəm”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Cəlilabad Rayon Prokurorluğu ilə əlaqə saxlayıb. Prokurorluqdan işlə bağlı araşdırma getdiyini, iş başa çatmamış ətraflı məlumat verə bilməyəcəklərini söyləyiblər:

“Hələlik araşdırma gedir. Tezliklə araşdırma hüquqi əsasını tapacaq. Ətraflı məlumat vermək səlahiyyətimiz yoxdur”.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis leytenantı Məhəmməd Rzayev Unikal.org-a bildirib ki, deyilənlər həqiqəti əks etdirmir:

“Həmin münaqişədə adıçəkilən polis əməkdaşı deyil, onun qardaşı Əfqan Bağırov olub. Məsələ ilə bağlı hazırda rayon prokurorluğunda araşdırma aparılır. Aparılan araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Ana səhifəXəbərlərCəlilabad sakini polis kapitanının qohumuna elçi düşdüyü üçün döyülüb