“8 aydır ortada heç bir nəticə yoxdur, nə məsuliyyətə cəlb olunan var, nə pulumuzu verən…”
2022-ci il avqustun 21-də Cəlilabad rayonunun Göytəpə şəhər bazarında baş vermiş yanğından zərər görənlər Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat-İstintaq İdarəsində gedən araşdırmalardan narazıdır. Zərərçəkənlər deyir ki, hadisədən 8 ay keçməsinə baxmayaraq, ortada nəticə yoxdur – nə təqsirkar müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunub, nə də onlara dəyən ziyan ödənilib.
“Nə qədər mal vardısa, hamısı yandı”
Yanğından ziyan görənlər FHN-ə, prokurorluğa dəfələrlə məktub göndəriblər, narazılıqlarını çatdırıblar. Onlar prosesin sürətlənməsini istəyirlər.
Narazılardan biri də Cəlilabad sakini, 49 yaşlı Südabə Aslanovadır. O, Meydan TV-yə danışır ki, yanğın nəticəsində 200 min manatdan çox ziyana düşüb:
“Hadisə avqustun 21-də baş verib. Məktəblər başlayacaqdı deyə, mən də avqustun 16-da yeni mallar gətirmişdim. Biz həm pal-paltar, həm də başqa əşyalar satırdıq. Mənim dükanım 260 kvadrat metrdi. Təsəvvür edin, o boyda yerdə nə qədər mal olar bilərdisə, hamısı yandı”.
“Günahkar da məsuliyyət hiss eləmir ki, pulu vermək lazımdır”
Südabə Aslanovanın sözlərinə görə, Cəlilabadda mağazada satdığı malları “Sədərək”, “Binə” ticarət mərkəzlərindən nisyə götürüb, sonradan pullarını ödəyir. Hadisə vaxtı yananlar da nisyə götürülənlər olub. Deyir ki, mal sahibləri ondan pullarını tələb edirlər. Bu baxımdan çıxılmaz vəziyyətdə qalıb:
“Təkcə mən bu vəziyyətdə deyiləm, bazardakı başqa yoldaşlar da eyni gündədir. Hər dəfə deyirəm ki, istintaq gedir, nəticə olsun, pulumuz verilsin, mən də malın pulunu ödəyəcəm. 8 aydır artıq… Müstəntiq Zaur müəllim gəlir, yazır, çıxır gedir, ortada da heç bir nəticə yoxdur. Nə bir məsuliyyətə cəlb olunan var, nə pulumuzu verən. Günahkar da bir məsuliyyət hiss eləmir ki, insanlara dəymiş ziyanı ödəmək lazımdır”.
“Deyir ki, pulu ödəmək fikrində deyil”
Südabə Aslanova deyir ki, yanğın bazarda Rafiq Abışovun idarə etdiyi kafedən başlayıb. Elə FHN-də aparılan araşdırmalar da bu nəticəni ortaya qoyub:
“Nə özü könüllü şəkildə ziyanı ödəmək istəyir, nə də istintaq onu məsuliyyətə cəlb edib, ziyanı ödəməyə məcbur edir. Bizə deyir ki, heç nə ödəmək fikrində deyil. Biz də çıxılmaz vəziyyətdə qalmışıq. Dəymiş ziyanı dəqiqliyilə yazmışam, malların adlarını, qiymətlərini göstərmişəm. Demirəm ki, dükan tiksinlər. Bir evim var, onu satım camaatın pulunu verim? Kimim var ki, ondan alım ödəyim? Qardaşım vardı, o da Qarabağ döyüşlərində şəhid olub…”.
Yanğın nəticəsində ziyan görənlər arasında dəftər-kitab, paltar və başqa avadanlıqların satışıyla məşğul olan çoxsaylı mağazalar olub. Mağaza sahibləri zərərçəkmiş statusunda tanınmaq üçün FHN-ə müraciət etsələr də, onlara bununla bağlı rəsmi cavab verilməyib.
FHN-də cinayət işi başlanıb
Meydan TV Cəlilabad sakinlərinin narazılığıyla bağlı FHN-in Əməliyyat-İstintaq İdarəsindən, eləcə də nazirliyin mətbuat xidmətindən cavab ala bilməyib. Lakin nazirlikdəki mənbə vasitəsilə əldə olunan məlumata görə, hadisə ilə əlaqədar ilkin olaraq, yoxlama işi başlanıb, araşdırmalar aparılıb: “Bir müddət əvvəl fakt üzrə Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsilə cinayət işi başlanıb, istintaq gedir”.