Hakim Sümbülə Əliyevanın vəsatətini təmin etməyib
Prezidentin mərhum əmisi Cəlal Əliyevin uzun müddət vəkili olmuş, Vəkillər Kollegiyası Rəyasət Heyətinin keçmiş üzvü Sümbülə Əliyeva 20 günə yaxındır ki, həbsdədir. Onun həbsindən sonra ilk məhkəməsi aprelin 8-də keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyilə keçirilən məhkəmə prosesində Sümbülə Əliyeva azadlığa buraxılmasını istəyib:
“Mən xəstəyəm, içəridə boğuluram. Bir az da içəridə qalsam, meyitimi çıxaracaqlar”.
Hakim Mahmud Ağalarov bildirib ki, Sümbülə Əliyevanın işinə baxan məhkəmə tərkibində dəyişiklik olub, hakimlər dəyişib. Yeni məhkəmə tərkibi barədə məlumat verilib, təqsirləndirilən vəkilin anket məlumatları dəqiqləşdirilib.
Bundan sonra Sümbülə Əliyeva və müdafiəçisi onun barəsində həbs qətimkan tədbirinin dəyişməsi barədə vəsatət qaldırıb.
1956-cı il təvəllüdlü Sümbülə Əliyeva bu vəsatətlə bağlı çıxışında bundan əvvəlki məhkəmə iclaslarına gəlməməsinin səbəbləri barədə danışıb. O bildirib ki, məhkəməyə səhhətindəki problemlərə görə gələ bilmirdi. Hər məhkəmə iclasında da məhkəməyə vəziyyəti barədə arayış göndərirdi:
“Mən məhkəmədən niyə yayınmalıydım? Özüm də maraqlıyam ki, işim obyektiv araşdırılsın. Mən ağır əməliyyat keçirmişəm, müalicə olunurdum”.
Prokuror onun azadlığa buraxılmasına etiraz edib. Dövlət ittihamçısı bildirib ki, o, uzun müddət məhkəmədən yayındığına görə barəsindəki qətimkan tədbiri dəyişib və həbs olunub.
Mahmud Ağalarovun sədrlik etdiyi, Faiq Qəniyev və Samir Əliyevdən ibarət hakimlər kollegiyası vəsatəti təmin etməyib. Hakim bildirib ki, Sümbülə Əliyeva azadlığa buraxılarsa, yenidən məhkəmə iclaslarından yayına bilər.
Sümbülə Əliyeva bu qərarı qərəzli hesab edib. O bildirib ki, işinə bu məhkəmə tərkibinin baxmasını istəmir. O, yazılı şəkildə etiraz hazırlamaq üçün məhkəmədən vaxt istəyib. Bu səbəbdən məhkəmə aprelin 22-nə qədər təxirə salınıb.
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü olarkən ictimai-siyasi fəalları müdafiə edən bir neçə vəkilin fəaliyyətinə xitam verilməsində rol oynamış Sümbülə Əliyeva martın 20-də yaşadığı evdə saxlanılıb.
O, külli miqdarda mənimsəmə, vergidən yayınma kimi əməllərdə ittiham olunur. Üç ilə yaxındır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində onunla bağlı cinayət işi üzrə məhkəmə prosesi gedir. Son bir ilə yaxın müddətdə məhkəmə iclaslarına gəlmədiyinə görə dekabrın 30-da hakim Mahmud Ağalarov onun haqqında həbsli axtarış qərarı çıxarmışdı.
Sümbülə Əliyeva özü də həbsindən öncə açıqlamasında səhhətində problemlər olduğunu bildirmişdi. Təqsirləndirilən vəkil özü haqqında çıxarılmış həbsli axtarış qərarını onu “ölümə məhkum etmək” kimi qiymətləndirmişdi. O iddia edir ki, baş verənlərin arxasında Vəkillər Kollegiyasının rəhbərliyi dayanır:
“Hamı bilir ki, allergik xəstəyəm, nəfəs çatışmazlığından əziyyət çəkirəm. Faktiki bu qərar həyatımı təhlükəyə atmaqdır. Həyatım təhlükədədir. Bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri də, hakim də bilir. Bu qərar məni ölümə məhkum etməkdir. Mən vəkil ola-ola mənə qarşı belə edirlərsə, görün sıravi vətəndaşlara qarşı nələr edirlər”.
Sümbülə Əliyeva bundan əvvəl də bir dəfə – 2021-ci ilin yayında Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi yeni başlayan ərəfədə məhkəmə zalında həbs olunmuş, təxminən 10 gün sonra ev dustaqlığına buraxılmışdı. Həmin vaxt onun haqqında cinayət işinə hakim Eldar Mikayılovun sədrliyilə baxılırdı. Bir müddət sonra Eldar Mikayılov yaş həddi ilə əlaqədar təqaüdə göndərildiyinə görə Sümbülə Əliyeva haqqında cinayət işinin məhkəmə araşdırması Mahmud Ağalarovun sədrlik etdiyi hakimlər kollegiyasına həvalə edildi.
Sümbülə Əliyeva əvvəlki 1 saylı hüquq məsləhətxanası, indiki “Mərkəz” vəkil bürosuna rəhbərlik etdiyi dövrdə oranın üzvü olan vəkillərin 200 min manata yaxın pulunu mənimsəməkdə ittiham olunur. İttihama əsasən, hüquq məsləhətxanasının hesabına köçürülən və mənimsənildiyi iddia olunan vəsaitlərin bir hissəsi müdafiəçi kimi çıxdıqları işə görə vəkillərə ödənilən qonararlar olub. Bir hissəsi də vəkillərdən tutulan vergi və sosial sığorta haqları olub. Bu üzdən Sümbülə Əliyeva haqqında cinayət işində Vəkillər Kollegiyasının Rəyasət Heyətilə yanaşı, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Vergi Xidməti də zərərçəkmiş qismində tanınıb.
Sümbülə Əliyeva Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 213-cü (vergiləri, məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələrilə ittiham olunur.
Məhkəmədə dindirilən vəkillər Sümbülə Əliyevanı ittiham edib, ondan pullarını tələb ediblər.
Lakin Sümbülə Əliyeva özünü təqsirli bilmir, ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyir.
Cəlal Əliyevin jurnalistlərə qarşı xüsusi ittiham qaydasında qaldırdığı işlərdə də onu Sümbülə Əliyeva təmsil edirdi. Həmin məhkəmə proseslərinin sonunda bir neçə jurnalist həbs edilib.