Rusiya bizi niyə şirnikləndirir?
Rusiya indi cəhənnəm yolçusudur. Ukraynaya təcavüzü ilə dünyaya meydan suladı və indi cavabını alır. İndiyədək cavabın birinci hissəsi səslənib, lakin artıq bəllidir ki, cavab çox sərt və amansız olacaq. Azı, Rusiyanın törətdiyi cinayətlərə uyğun olacaq.
Rusiya hələlik qarşılaşdığı bəlanın həcmini tam dərk etməyib. Putin manevr imkanlarının mövcudluğuna inanır. Düşünür ki, Kiyevi iki günə işğal edib Ukrayna hakimiyyətinə öz iradəsini diktə edə bilməsə də, ölkəni ikiyə bölüb bir yarısında Rusiyaya tabe oyuncaq hökumət qurmaq mümkün olacaq.
Düşünmürəm ki, onun bu zənni də düzgün çıxsın. Əksinə, daha bir zənnində yanılacağı ehtimalı çox yüksəkdir. Onun bu zənnini doğma torpağında canından keçən Ukrayna ordusunun əsgər və zabitləri puça çıxaracaq.
Qaldı Qərbin qadağalarına, Putin hesab edir ki, tərəfdaşların sayını tələsik artırıb təcrid dairəsini genişləndirmək lazımdır. Sərrast el məsəlinə uyğun olaraq, “cəhənnəmə gedən özünə yoldaş axtarar”. Putinin fikrincə, cəhənnəmə gedən yolda Azərbaycan Rusiyaya yaxşı yoldaş ola bilər.
Bunun üçün Azərbaycan gərək Qərb ilə kəllələşsin. İlham Əliyevi inandırmaq lazımdır ki, Qərbin başı Ukrayna hadisələrinə qarışdığı bir vaxtda “ara qarışıb, tülkü xəlvət” şəraiti yetişib, məqamdır ki, Azərbaycan Qarabağın qalan 25 faizini zorla tutsun və erməniləri oradan qovsun. Təbii, Putin söz verir ki, Rusiya, rus sülhməramlıları qarışmayacaq.
Azərbaycanı şirnikləndirmək üçün rus sülhməramlılarını rəmzi olaraq ixtisara salır, silahlı separatçılara əmr verir ki, azərbaycanlılara atəş açsınlar, sülhməramlıların tərk etdikləri mövqeləri tutsunlar. Rus qoşunları gözləmə mövqeyində durub hadisələrin istənilən məcraya yönəlməsnə tamaşa edirlər.
Bizim “milli” vətənşivən KİV-imiz və siyasi təhlilçilərin milli hissəsi cuşə gəlib, sanki yaxınlarda talan olacaq. Sanki Azərbaycan xalqının səadəti yalnız Qarabağın 25 faizində yaşayan 25 min erməninin oradan köçməsindən asılıdır. 34 il keçib, lakin bu məxluqatın təfəkkürü yenə də “Bakı gözəl şəhərdir, ermənilər olmasa” qışqırığından uzağa gedə bilməyib.
Bəli, Rusiyaya sülhməramlıları Ukraynaya daşımaq əl verir. Ukraynada Rusiya ordusu cəncələ düşüb, canlı qüvvə çatışmır. Lakin bu vurhavurda belə ənənəvi rus oyunlarını unutmaq olmaz. Odur ki, rus qanunsuz erməni silahlılarına əmr verir ki, fəallaşsınlar. Bizim tərəf etiraz edəndə guya korazehinliklə deyirlər ki, “bizlik deyil, görün də, nə edə bilərsiniz”. Dünənə qədər rusdan ehtiyat edib özünü qanun çərçivəsində aparan bizim tərəf ürəklənib erməni silahlılarına güc tətbiq edir. Ermənilər şivən salanda rus özünü eşitməzliyə və görməzliyə vurur. Beləliklə, rus tərəfi bizim tərəfi şirnikləndirir. Nəyə və niyə?
Hadisələrin istiqaməti iki ehtimala yol açır. Birinci ehtimala görə bizim tərəf rus hiyləsinə uymayacaq, rus sülhməramlıları çıxmağa başlayanda Qərbdən hansısa humanitar təşkilatların nümayəndələrini Qarabağa dəvət edəcək və onların vasitəçiliyi ilə hələlik orada yaşayan erməni əhalisi ilə danışıqlara başlayacaq.Təbiidir ki, öz təhlükəsizliyini yalnız rus qoşunlarında görən erməni əhalisinin böyük hissəsi Qarabağdan köçmək niyyətini bildirəcək. Azərbaycan tərəfi hər bir belə erməniyə qalması üçün yalvarmayacaq, lakin hər mülkiyyət sahibinə layiqli pul vəsaiti ödəyib dinc köçməsinə şərait yaratmalıdır. Azərbaycanda qalıb bizim vətəndaşlığı qəbul etmək istəyən və ya Ermənistan vətəndaşı kimi qalıb yaşamaq istəyən erməniyə zəruri zəmanət verilməlidir. Belə olarsa, Azərbaycan bu mühüm mərhələni itkisiz keçə biləcək.
İkinci ehtimala görə rus qoşunu çıxmağa başlayanda erməni əhalisi qaçmağa başlayır və bizim tərəf buna sadəcə tamaşa edir. Erməni əhalisi Ermənistana gəlib orada zülmdən və itkilərdən, etnik təmizləmədən şikayət etməyə başlayır. Dünyanın erməni təəssübkeşləri növbəti zülm hekayəsini danışmağa başlayır və Azərbaycana qarşı cəza tədbirlərinin tətbiqini tələb edir.
Təbii ki, Azərbaycanın az da olsa, lakin rus qazına bədəl sayılan qazına möhtac olan Qərb belə şəraitdə dövlətimizə qarşı hər hansı cəza tədbiri tətbiq etməyəcək, lakin siyasi möhtəkirlik və hədə-qorxu uzun müddət çəkəcək.
İndi bizim özümüzdən asılıdır, hansı ehtimala üstünlük verək.
Hadisələrə tarixilik və gerçəklik bucağından baxanda təkamül yolunun üstünlüyü aydın görünür. Yadınıza 44-günlük müharıbənin Üçtərəfli Bəyannamə ilə yekunlaşmasından sonra cəmiyyətin bir hissəsinin bədbinliyə necə qapılmasını salın. “Qələbəmizi oğurladılar”, “Şəhidlərin qanı əbəs töküldü” və sairə bu kimi milli dilxoşluqlar milli KİV-imizi bəzəyirdi. Həmin boşboğazlıq və ah-nalə bir ildən çox çəkdi, ta ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi başladı.
Məncə, yalnız bu zaman dəliqanlı ünsürlər Azərbaycanın Üçtərəfli Bəyannaməni imzalamaqla hansı təhlükədən qurtulduğunu dərk etməyə başladılar. Bəlkə yalnız bu zaman 2020-ci ilin noyabr ayının 9-da gecə Xırdalan səmasında vurulmuş “İsgəndər”raketinin siyasi və hərbi mənası bəzi qafalara girə bildi.
Aydındır ki, Azərbaycan Qarabağda öz qanuni ərazisinin qalan 25%-i üzərində suverenliyinin bərpasının astanasındadır. Şəksiz, lap yaxın vaxtda Ermənistanla Türkiyə arasında münasibətlər səhmana salınacaq. Bundan sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi labüddür. Beləliklə, Qarabağ münaqişəsi, inşallah, tarixin artıq çevrilmiş səhifəsində qalacaq.
Bu zaman bir sual təkidlə gündəmə gələcək: biz hansı Azərbaycanı qururuq? Biz indiki bədnam və səmərəsiz quruluşu qoruyub saxlamaq əzmindəyikmi? Mövcud dövlətimizin bütün özəllikləri göz önündədir, təsvirinə ehtiyac yoxdur. Gəlin etiraf edək ki, belə dövlətlə fəxr etmək mümkün deyil. Əlbəttə, əgər sən hakim ailəyə və hakim siyasi sinfə mənsub deyilsənsə, cibin və hesabın xalq malı hesabına sel kimi dolmursa və gerçəkliyə ayıq gözlə baxırsansa, iftixar üçün əsas yoxdur.
Azərbaycanı qanunun aliliyi yolunda islah etmək tələbi cəmiyyətin azsayda düşünən beyinlərini daim düşündürür. Əgər Azərbaycan demokratik və azad dövlətə çevriləcəksə, onda bu dövlətdə qanunun hökmü ilə etnik nifrət və ədavət yasaq edilməli, yasağı pozan kəslər cəzalandırılmalıdır. Belə olarsa, bizim bir çox KİV indi cövlan etdikləri etnik ədavət meydançasını tərk etməli, özünü jurnalist sayan bəndələr mədəni və insani rəftar qaydalarına riayət etməyi öyrənməlidirlər.
Məncə, hətta erməni KİV-ləri də bu sadə qaydaya tabe olmaq zərurətini dərk etməli olacaqlar.