Cəhalət xoşbəxtlikdir?

Amerikanlara nə var-e-e. Hərəsinin altında bir dənə “QAZ-24”

Source:
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

“Amerikanlara nə var-e-e. Hərəsinin altında bir dənə “QAZ-24”. Bu sözləri 1970-ci illərdə bir qədeşbaladan eşitmişəm. Bu cahilin xoşbəxtlik dərəcəsi Ginnesin rekordlar kitabına düşməyə layiq idi.

“Bakı – dünyanın ən gözəl şəhəridir”. Bunu İslamiada günlərində TV aparıcısı deyir. Bu adam cahil deyilsə, sadəcə çörəyi yaltaqlıqdan çıxır.

Nəşriyyatın yanındakı bannerdə zırpı hərflərlə yazılıb: “Kəlağayı – Azərbaycan qadınının paklıq rəmzidir”. Özümdən soruşuram: bu sözlərin sahibi harada, hansı ölkədə yaşayır? Həmin ölkədə nə qədər qadın kəlağayı örtür? Əgər paklıq rəmzi barəsində dediyi həqiqətdirsə, qadınlarımıza sataşıb, yox, yalandırsa, onda ağındandır.

Cəhalət cəmiyyətimizi çulğalayıb. Qəribədir, müasir zəmanədə informasiya nə qədər asan və müyəssərdirsə, vətən övladının cəhalətinin dərəcəsi bir o qədər yüksəkdir. Əgər XX əsrin əvvəlində Mirzə Cəlil cahil azərbaycanlı surətini yaradanda bisavad kəndli Novruzəlini təsvir etmişdisə, mən indi cahil azərbaycanlını təsəvvürümə gətirəndə onu mütləq diplomlu, yaxşı olar ki, filan elm üzrə fəlsəfə doktoru, şəhərin mərkəzində rahat mənzil sahibi, “Prado” minik avtomobilinin sükanı arxasında, hər gün kompüterdən istifadə edən, tez-tez Qərb ölkələrinə səfərə gedib-qayıdan, məsul dövlət vəzifəsini güya ki, icra edən görürəm.

Guya ki, nazirdir, guya ki, deputatdır, lakin həm də guya ki, cahildir. Guya ona görə yazıram ki, onun qazancı cahil görkəmində durub cəhalətini nümayiş etdirməkdən çıxır. Ola bilsin ki, əslində cahil deyil, çox şey bilir, sadəcə çörəyi cahilliyin mahir nümayişindən çıxır. Dövlət pilləkanında ondan yuxarıda oturub hər gün və hər saat hədyan fikirlər səsləndirən şəxslərə beyət etdiyi üçün mən belələrini həqiqi cahil sayıram.

Onu da deyim ki, zəngin həyat təcrübəmdə belələrinə çox rast gəlmişəm, illa da ki, yüksək məqamlı sovet və kompartiya xadimləri arasında. Ciblərində diplom və partbilet, sifətlərində özlərindən hədsiz razılıq ifadəsi, di gəl ki, başları dumbul kimi boş, idrakları sönük, düşüncə qabiliyyətləri mədələrinin həzm silsiləsi ilə çəpərlənən məxluqat idilər.

Qəribə bir qanunauyğunluğu müşahidə edirəm: vətəndaşımız nə qədər aşağıda durursa, bir o qədər gerçək və dürüst düşünür. Rayon mərkəzində sürücü ilə söhbət edirəm. Sürücü məni köhnə əyyamdan tanıyır, odur ki, birbaşa mətləbə keçib soruşur:

Qarabağ getdimi? Torpağı vəzifəyə və pula dəyişdilərmi? Hər gün səslənən yalan vədlərə xalq nə vaxta qədər dözəcək? Müftə neft pullarını yeyib qurtarandan sonra hara qaçacaqlar? Ayaq altında qalan millət neyləyəcək? Bütün dünya ərəbləri minir, ha indi ərəblər bizi minəcəkmi?

Və sairə və sairə, bu kimi yerli və ağrılı suallar. Sizcə, belə dərin və gələcəyə yönəlmiş sualları əhalimizin yuxarıda əyləşən nümayəndələri verərmi? Verə bilərmi?

Məni çox düşündürür, rüşvət alaraq millətin mənəviyyatını korlayan nazir heç olmasa ağlına gətirirmi ki, öz əndazəsiz rüşvətxorluğu ilə bədbəxt elədiyi bu Vətəndə onun balaları da yaşayacaqlar? Yoxsa əmindir ki, müəyyən “n” məbləğini toplayandan sonra balalarını göndərəcək İsmət Abbasovun və Ziya Məmmədovun balallarının yerləşdiyi ölkəyə? Ağlına gəlirmi ki, onun balaları ömürləri boyu İngiltərədə ikinci dərəcəli insan sayılacaqlar? Heç xəbəri varmı ki, Misir əsilli milyarder əl-Fəyyaz əlli ildir çalışır Britaniya pasportu alsın, bacarmır? Bilirmi ki, şahzadə Diananı onun oğluna ərə getməyə hazırlaşdığı üçün ləğv etdilər?

Ən cox acıyıram elmi dərəcəsi olan cahillərə. Cahil elmlər doktorlarına. Onların ictimai elmlər sahəsində dünyada cərəyan edən elmi hadisə və proseslərdən xəbərləri yoxdur. Varsa da, özlərini xamlığa vururlar. Yerli siyasətşünaslar ölkəmizin uğurlu daxili və xarici siyasətini tərifləməkdən dilləri qabar olub. Bilirlər ki, ölkəmizin dünya tərəzisində vəzni sıfra yaxınlaşır, di gəl cəh-cəh vurub uğurlu siyasətdən danışırlar. Tarixçilərimizin əsərləri, əgər maddi irsin təsviri deyilsə, rişxənd doğurur. Hakimiyyət alimlərimizdən yalan tələb edir, onlar da yalan yazırlar və bəlli olur ki, bu yalan bizim hakimiyyətdən savayı dünyada heç kəsə lazım deyil.

Azərbaycan hakimiyyəti mazoxizm ilə cəhalət arasında durmadan vurnuxur. Yüz dəfə demişəm, siyasi mübarizənin əlifbasını öyrənsinlər. Öyrənmirlər. Əhalini terrorla mütiləşdirmək siyasəti əzəldən iflasa məhkumdur. İfrat qorxu ifrat çılğınlıqla əvəzlənir. Hakimiyyətin bu ədabazlığı və ərköyünlüyü dövlətin başını yerə soxur. Bir nəfər siyasətçini şərləyərək məhbəsdə saxlamaq, dünyanın bütün qərar və çağırışlarına məhəl qoymamaq, bir məzlum və bədbəxt jurnalisti oğurlayıb xarici ölkədən Azərbaycana gətirmək və ona rişxənd və istehza doğuran cəfəng ittiham yapışdırmaq hakimiyyətin gücünün deyil, cəhalətinin və qabalığının təzahürüdür.

Ölkə göz- görəsi uçuruma yuvarlanır, yuxarıda toy-bayramdır. Eynilə Sov.İKP-nin qurultayları kimi, vəzifə və imtiyaz sahibləri ara vermədən çəpik çalırlar, çəpıklər get-gedə sürəkli alqışlara çevrilir. SSRİ bu çəpiklərin sədasının müşayiəti ilə getdi gedər-gəlməzə. İndi nə, deyirsiz oturub Azərbaycanın süqutuna tamaşa edək?

Sizi bilmirəm, amma mən bunu istəmirəm və həyəcan təbilini və zəngini çalacağam.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəCəhalət xoşbəxtlikdir?