Cəfər müəllim

(Didaktik hekayə)

Source:

Cəfər müəllim iyirmi ildən artıq gəzdirdiyi saatın əqrəblərini dayanmış görəndə pis oldu. Əgər müəllif burda Cəfər müəllim saatın əqrəblərini dayanmış gördükdə duruxdu, pərt oldu, həyəcanlandı yazmış olsaydı, yalan yazmış olardı. Cəfər müəllim saatın əqrəblərini dayanmış görəndə duruxmadı, həyəcanlanmadı, pərt  olmadı, məhz pis oldu.

Əqrəbləri dayanmış saatın xüsusi bir tarixçəsi yoxdu. Bu saatı Cəfər müəllimə hədiyyə verməmişdilər. Cəfər müəllim adi günlərin birində pul verib özünə qol saatı almışdı. Zaman adi gündə alınmış saatı Cəfər müəllim üçün dəyərli etmişdi. Saat və Cəfər müəllim  bir növ dostlaşmışdılar. Cəfər müəllim saatı silkələdi, saatın arxasına iki-üç dəfə çırtma vurdu. Əqrəblər tərpənmədi.

Bu saat əvvəllər də xarab olmuşdu, lakin bu dəfə saatın xarab olmasına Cəfər müəllim xüsusi bir məna verdi. İki  gün əvvəl məktəbdə müəllimlər saat mövzusunda xeyli söhbət etmişdilər. Söhbəti biologiya müəllimi açmışdı. O, iddia edirdi ki, insan öləndə qolunda uzun müddət gəzdirdiyi saat da dayanır. Fizika müəllimi bu fikri qəbul etməmişdi. Demişdi ki, bunun heç bir elmi əsası yoxdu. Biologiya müəllimi dediyindən dönmürdü. And içirdi ki, əmisi öləndə qolundakı saat da dayanmışdı və bu məzmunda  bir neçə əhvalat danışdı.

Başqa müəllimlər də söhbətə qoşuldular. Nəticədə saatlar haqqında xeyli danışmalı oldular. Dünən axşam isə Cəfər müəllim bir hekayə oxumuşdu. Hekayə dağ çayınınüstündən kəndirlə tuta-tuta  bir sahildən o biri  sahilə keçən adamdan bəhs edirdi. Aşağıda qəzəbli, səsli-küylü  dağ çayı axır. Adamın isə gücü tükənir, qolları boşalır. Qəribədir ki, ölümün bir addımlığında olan adam bu səs-küydə, bu həngamədə, bu vurhavurda  qolundakı saatın əqrəblərinin saniyələri dənləməsinin səsini eşidir. Çık, çık, çık…

Hekayənin bu yerində Cəfər müəllim barmağını kitabın arasına qoyub, fikrə getdi. Həyatında gördüyü və xatirəsində qalan saatları xatırladı. Atasının ağır, köhnə zəngli saatı vardı. Bu saatın səsinə yuxudan qalxmamaq mümkün deyildi. O vaxtlar çoxlu işləyib bərk yorulan yatağa ölü kimi girən zəhmətkeş adamları ancaq belə ağır zəngli saatlar yuxudan oyada bilərdi. Adamlar elə bərk yatırdılar ki, lap ayaqlarından tut, sürü.  Gecə bir dəfə də olsun, bu yanı üstündən o biri yanı üstünə çevrilmirdilər. Atasının zəngli saatı isə elə bərk zəng çalırdı ki, onun səsinə lap ölü də sıçrayıb, ayağa qalxardı.

Cəfər müəllim bir  az qəribə  kişi idi. Bir yerə gedəndə lap obaşdan oyanar,  geyinib yeməyini yeyib, evin ortasında oturub, gözləyərdi. Miniyə gecikəcəyindən, nəyisə yaddan çıxaracağından qorxardı. Ona görə də, səfər öncəsi həmişə özü-özünü , bu azmış kimi başqalarını da həyəcanlandırardı. Mənzil başına çatdıqda isə vaqondan, avtobusdan düşməyə tələsməzdi. Səbrlə yerində oturub hamının çıxmasını gözlərdi.

Son vaxtlarda bir az da qəribəliyinin üstünə qoymuşdu. Az qala hər şeyi mənalandırırdı. Belə bir ovqatda Cəfər müəllim  saatın əqrəblərinin dayanmağına xüsusi bir məna verməyə bilməzdi. Cəfər müəllim bilmədi dayanmış saatı qoluna bağlasın, yoxsa evdə saxlasın. Qərar verməyə çətinlik çəkirdi. Dayanmış saatı qolunda gəzdirmək istəmirdi, saati  evdə saxlamaq da ona ar gəlirdi . Bunu  xəstə dostunu köməksiz vəziyyətdə qoyub, getmək kimi qəbul edirdi. Cəfər müəllim əlində saat pəncərənin qabağında dayanmışdı.

Onun yaşadığı evin qabağında hər gün səhər ertədən xalq arasında “alabaş” adlanan avtobus dayanardı. Bu avtobus işçiləri harasa zavoda aparırdı. Avtobusa minən adamların əlində torbalar olurdu. İşçilər nahar yeməyini evdən götürürdülər. Bu adamların köhnə görkəmi vardı. Elə bil, əlli il əvvəldən gəlmişdilər. Geyimləri dəyişməmişdi. Son iyirmi ildə, sovet höküməti dağılandan sonra baş verən saysız-hesabsız hadisələr, böyük dəyişikliklər bu adamlara öz təsirini göstərə bilməmişdi. Görəsən, bu avtobus hansı zavoda gedir?

Bu sual Cəfər müəllimi həmişə düşündürərdi. Şəhərdə bu avtobusdan çox az sayda qalmışdı. Qalanları xarab olmuşdu. Həyətlərdə, köhnə anbarlarda, çöllərdə çürüməkdəydilər.  Cəfər müəllim pəncərədən aşağı baxanda, “alabaş”ı yerində görmədi. “Alabaş” yox idi. Hər gün “alabaş” yerindən tərpənəndə, Cəfər müəllim də evdən çıxırdı. Bu  adətə çevrilmişdi. Avtobusu yerində görməmək Cəfər müəllimi qorxutdu. Onun keçmişinə, uşaqlığına , yeniyetməliyinə, gəncliyinə mənsub maşınlar, əşyalar, məkanlar belə, bir-bir yoxa çıxırdılar. Bu əşyalar, məkanlar, maşınlar yoxa çıxdıqca keçmişi xatırlamaq da çətinləşirdi.

Cəfər müəllim saatı evdə saxlamaq qərarına gəldi. Arvadının boş yerə danışmağını eşitməmək üçün özünü bir stəkan çay içməyə, bir-iki tikə çeynəməyə  məcbur etdi. Cəfər müəllim evdən könülsüz çıxdı. Məktəbdə də fikrini bir yerə yığa bilmirdi.  Çox kədərli idi, ən pisi də o idi ki, kimsə onun  kədərinin səbəbini soruşsaydı, Cəfər müəllim adamları qane edəcək cavab verə bilməyəcəkdi. Desəydi, saat xarab olub, deyəcəkdilər, apar düzəltdir. Bəs avtobusun yoxa çıxmağını necə izah etsin?

Yox, belə mücərrəd ovqatı başqalarına çatdırmaq olmur. Ən yaxşısı, susmaqdır.  Müəllim yoldaşlarının verə biləcəkləri “nə olub”  sualından qorxub, özünü həmişəki kimi aparmağa cəhd etsə də, Cəfər müəllimin ürəyinə ağır kədər çökmüşdü. Sonuncu dəfə nə vaxt belə kədərləndiyi yadına gəlmirdi. Günortadan sonra baş verən hadisə Cəfər müəllimin  kədərini daha da artırdı. Məktəbdən çıxıb evə gələndə marketə girdi. Ürəyi duzlu balıq istəyirdi. Marketdə həngamə vardı. Şirniyyat şöbəsinin qarşısına adamlar yığışmışdı. Bir qadını oğurluq üstündə tutmuşdular. Qadın iki kətə götürmüşdü. Birini çantasına atıb yalnız birinin pulunu ödəmişdi. Satıcı  daha çox adam eşitsin deyə, ucadan deyirdi:

 – Utanmırsan?  Yaşlı qadınsan. Bir ağ saçından utan.

Qadın allaha, peyğəmbərə and içir, satıcını kətə oğurlamadığına inandırmaq istəyirdi. Satıcının və qadının başına yığışmış hadisə həvəskarlarının hər biri öz düşüncəsinə uyğun sözlər deyirdi. Görünüşündən möminə oxşayan bir kişi oğurluq etməyin necə bir günah olduğunu isbat  etmək fürsətini qaçırmaq istəmirdi. Adamlar bir-birlərini yana sıxır, başlarını uzadıb hər şeyi görməyə və eşitməyə çalışırdılar. Qadının ümidsizcəsinə and içməsi Cəfər müəllimə çox pis təsir etdi. Bu mənzərə onun ürəyini ağrıtdı. Satıcıya yaxınlaşdı:

– Neçə edir kətənin qiyməti?

– Bir manat iyirmi qəpik.

Cəfər müəllim satıcıya beş manat uzadıb əsəbi halda dedi:

– Al, burdan çıx.

Satıcı qarnını sancı doğrayan bir adam kimi üz-gözünü büzüşdürdü:

– Söhbət pulda deyil. Neçə dəfə oğurlayıb dinməmişəm. Bir dəfə olar, iki dəfə olar…

– Sənə dedim, al, burdan çıx bir manat iyirmi qəpiyini!

 Əsəbindən Cəfər müəllimin səsi titrəyirdi. Dodaqlarının rəngi sifətinin rəngindən seçilməyən satıcı yenə nəsə demək istəyəndə, Cəfər müəllim qışqırdı:

 – Utanmırsan?  Ayıb deyil?

Sonra üzünü hadisə həvəskarlarına çevirib, eyni sözləri təkrar etdi:

– Utanmırsız ? Ayıb deyil?

Onun sözləri yanğına səbəb olan qığılcım təsiri buraxdı. Adamlar bir-birlərinə macal vermədən hərə bir yandan danışmağa başladı.

Cəfər müəllim bütün günü marketdə baş vermiş hadisə haqqında düşündü. Niyə adamlar belə qəddarlaşdılar? Bəlkə onlar əvvəllər də belə idilər. Cəfər müəllim əvvəlki vaxtlarla indiki vaxtları müqayisə edir, adamları, müxtəlif cür hadisələri xatırlayır və bu suala cavab tapmağa çalışırdı. Adamlar doğrudan dəyişiblər, yoxsa onlar həmişə belə olublar?

Evdə sakitçilik idi. Cəfər müəllim sakitcə oturmuşdu.  Fikirli görünürdü. Uşaqlar atalarını tanıyırdılar. Belə vaxtlarda nəsə soruşmaq, nəsə demək lazım deyil. Bunu uşaqlar bilirdilər. Cəfər müəllim hələ də sualına cavab axtarırdı. Bu suala cavab axtardıqca, hərlənib-firlanıb bir hadisəni xatırlayırdı.

Üçüncü kursda oxuyurdu. Həmin il qış soyuq keçirdi. Palto almağa pulu yox idi. Atası rəhmətə getmişdi. Ailənin vəziyyəti çətinləşmişdi. Anası  çatdırmırdı. Pencəkdə instituta getməyə utanırdı. Dərsə getməmək də olmazdı. İstəmirdi qrup yoldaşları paltosunun olmamasını bilsinlər. Bir gün lap soyuq idi. Dərsə gecikmişdi. Bütün bədəni donmuşdu. Uşaqlar  belə soyuq havada instituta pencəkdə gəldiyini hiss etdilər.  Müəllim də dərsə pencəkdə gəldiyini gördü. Heç kim ona  heç nə deməsə də  uşaqların  baxışlarından çox əziyyət çəkirdi. Həmin gün dərs qurtaranda, müəllim onu  saxladı. Dedi ki, axşam saat yeddidə olarsan “Gənclik” mehmanxanasının qarşısında. Səninlə vacib işim var.

Onlar saat yeddidə mehmanxananın qarşısında görüşdülər. Bərk külək əsirdi. Müəllim əlindəki torbanı tələbəsinə verdi. Özü də bərk-bərk tapşırdı ki, torbanı evdə açsın, bu barədə də heç kimə heç nə deməsin. Cəfər torbanı müəllimdən almağa tərəddüd edirdi. O, torbanın içində nə ola biləcəyini təxmin edirdi.  Həmin müəllimin yaxşılıqları haqqında institutda çoxlu söhbətlər gəzirdi. Cəfər, müəlliminin gətirdiyi torbanı götürmək istəmirdi. Utanırdı. Müəllim qətiyyət göstərib, torbanı Cəfərə verdi. Cəfər yataqxanaya gəlib, torbanı açdı. Təxminində yanılmamışdı. Torbada palto var idi.

Cəfər müəllim çoxdan baş vermiş bu hadisəni övladlarına danışmaq ehtiyacı hiss etdi. O düşünürdü ki, heç bir yaxşılıq itirilməməlidir.Səssiz-səmirsiz oturmuş övladlarına baxdı.  Evdə heç kim danışmırdı, küsülü kimi hər kəs öz aləminə dalmışdı.  Uşaqlar körpə olanda Cəfər müəllim vaxtın tez gəlib keçməsini, uşaqların tez  böyüməsini istəyirdi.  Uşaqlar xəstələnəndə, ya hansısa səbəbdənsə bir yeri ağrıyanda Cəfər müəllim həyəcanlanan arvadına sakitləşdirər və deyərdi: “Çətini bir az böyüyənəcədir. Sonrası asan olacaq”

Ona elə gəlirdi ki, böyüdükcə uşaqların ailəyə gətirdiyi sevinc artacaq, qayğıları isə azalacaqdır. Lakin uşaqlar böyüdükcə Cəfər müəllim başa düşdü ki, balaca uşağın balaca, böyük uşağın böyük qayğıları var. Son vaxtlar Cəfər müəllimin uşaqlar sarıdan narahatlığı daha da artmışdı. Görəsən onlar necəadam olacaqlar? Bu sual daima onu düşündürürdü.O öz övladlarını bashqalarının övladları ilə müqayisə edirdi. Öz övladlarını başqalarının övladları iləmüqayisə etmək yaxşı iş deyil. Ancaq arabir belə müqayisəsiz  keçinmək olmur.

 –  Övladlarım.

Cəfər müəllim bu sözü sinəsindən çətinliklə çıxartdı. Bu cür müraciət uşaqları utandırdı, həm də qorxutdu. Ataları heç vaxt onlara belə müraciət etməmişdi. Başlarını aşağı saldılar. Cəfər müəllim bir daha, bu dəfə əminliklə  təkrar etdi:

 –  Övladlarım.

 Uşaqlar bu sözü bir daha eşidəndə başlarını qaldırıb  utana-utana  atalarına baxdılar. Bu cür müraciətə uşaqlar öyrəşməmişdilər. Ataları həmişə onları adla çağırardı. Bu  müraciət uşaqları çaşdırmışdı.

– Yaxına gəlin. Sizlə danışmaq istəyirəm.  Burda dayanın.

Uşaqlar cətinliklə olsa da, atalarına yaxınlaşdılar.

Yox bir az da yaxına gəlin. Utanmayın. Qorxmayın. Mənə diqqətlə qulaq asın.

Evin xanımı vəziyyətin belə hal almasına mat qalmışdı. Bu nə pəstah  idi, əri çıxarırdı? Cəfər müəllim göy damarları görünən əlini çox hissəsi ağarmış saçına çəkdi, üzünü arvadına tərəf çevirmədən, dedi:

 – Sən get burdan.  Uşaqlara sözüm var.

Arvad  mırıldanıb otaqdan çıxdı. O, otaqdan çıxarılmasından narazı idi.

Üç övladı Cəfər müəllimin qarşısında dayanmışdı. İki oğlan və bir qız. Cəfər müəllim iki-üç dəfə öskürdü. O həmişə dərsə  başlamazdan əvvəl də öskürərdi. Cəfər müəllim keçmişdə baş vermiş palto əhvalatını uşaqlara nəql etdi.  Uşaqlar əhvalatı eşitdikcə hər biri düşünürdü. Bəs, nə əcəb ataları bu əhvalatı indiyə qədər onlara danışmayıb.

– Övladlarım, yaxşı adamlar hər yerdə var. İstərdim buna inanasınız. Heç kimə pislik etməyin. Çalışın, hər zaman yaxşı əməllərin sahibi olun. Elə yaşayın ki, küçədə kimisə görəndə, xəcalətdən başınız aşağı sallanmasın. Dünən oturub, günün batmasına baxırdım. Yavaş-yavaş rəngi saraldı, enib getdi. O, günəşdi, bu gün batar, sabah çıxar. Bəs biz batsaq, bir də çıxacayıqmı? Yox, hələ belə şey olmayıb. Batdıq, qurtardı. Hamı gedəcək, heç kim dünyanı tutub, qalmayacaq. Hamımızın səhəri var, günortası var, axşamı var. Hər kəs dövranını sürüb gedəcək. Özüylə də ya rəhmət aparacaq, ya da lənət. Var-dövlət adamın gözünü tez bağlayır. Elə hala salır ki, lap uşağa da aydın olan həqiqətləri görmür.

İnsanın həyat yolu ağır yoldur. Bu yolu ancaq bircə dəfə getmək olar. Bütün yollar ikitərəflidir. Həm qabağa gedir, həm də dala qayıdır. Həyatın yolu isə bircə tərəfədir. Oradan geriyə yol yoxdur, atılan addımı götürüb, qayıtmaq, yenidən başlamaq mümkün deyil. Çalışın, heç kimi incitməyin. Bacardığınız qədər yaxşılıq edin. Öküzün gönü qalar, insanın adı. Elə yaşayın ki, sonralar heç nəyin peşmançılığını çəkməyin.

Qız sual vermək fürsətini əldən vermədi. Tez atasından soruşdu:

–   Ata, elə bir hərəkətin olub ki, indiyə qədər hələ də onun peşmançılığını çəkirsən?

Oğlanlar bu sualın verilməsinə görə narahat oldular. Cəfər müəllim narahat olmadı. Suala cavabı lap çoxdan hazır idi. Cavabı hazır olsa da, Cəfər müəllimə bu barədə danışmaq  asan deyildi.

–   Olub. Cavan vaxtlarımda bir adamla söz-sözə gəldik. Özümüsaxlaya bilməyib ona elə söz dedim ki, uşaq kimi ağladı. Üç gündən sonra öldü. Günahım boynumdan asıla qaldı. Üzr istəməyə fürsət tapmadım. Nə biləydim, üç gündən sonra öləcək. Üstündən iyirmi il keçib. Hələ də etdiyim bu hərəkətin peşmançılığını çəkirəm. Elə bilirəm, əlim qana batıb. Dünyada adam incitməyin peşmançılığından pis şey yoxdu…Bacarın, heç kimi incitməyin. Mənim sizə deyəcəklərim bu qədərdi. Gedə bilərsiniz. Gedin, yatın.

Onun danışıqları qısa və dəqiq olardı. Həmişə demək istədiyindən artıq bir söz işlətməzdi. O ancaq  hadisənin məğzini danışıb, təfərrüata varmazdı.

Uşaqlar yatmağa getdilər. Evin xanımı otağa qayıtdı. Ər-arvad tək qalanda danışmağa söz tapmırdılar. Sakitcə oturmuşdular. Ancaq hər halda ikisindən biri sükutu pozmalı idi.  Sükutu arvad pozdu:

– Yatmaq istəmirsən?

– Bir manat iyirmi qəpik.

–  Nə?

–  Bir manat iyirmi qəpik…

Bu gün baş verən hadisələrə ad qoymaq üçün bundan münasib söz tapmaq mümkün deyildi.

Ana səhifəMənim FikrimcəCəfər müəllim