Bu məsələ Azərbaycanın təcrübəsini xatırlatdı
Çeçenistanda nikaha girənlərin tibbi müayinə qaydaları sərtləşdirilib. Belə ki, tərəflərdən birində İİV aşkarlandığı halda, digərinə bu haqda xəbər verməli və ondan nikaha könüllü girməsi barədə yazılı razılıq almalıdır. Mütəxəssislər qeyd ediblər ki, nikaha girənlərin həmçinin icbari tibbi müayinədən keçməsi təcrübəsindən yararlanan Azərbaycanda gələcək ər-arvad müayinədən keçdiklərini sadəcə ərizə ilə təsdiqləməlidir, amma hətta pis nəticələr belə tibbi sirr olaraq qalır.
“Kavkazski uzel”
in verdiyi məlumata görə, 2014-cü il oktyabrın 17-də Azərbaycan parlamentində Ailə kodeksinə dəyişikliklər edilib. Bu dəyişikliklərə görə, nikaha girmək istəyənlər tibbi müayinədən keçməlidirlər. Yeni qaydalar 2015-ci il yanvarın 1-dən qüvvəyə minməli idi, lakin sonradan bu müddət dəyişilib və qaydalar 2015-ci il iyunun 1-dən qüvvəyə minib. Ölkənin Səhiyyə Nazirliyi bu dəyişiklikləri “sağlam ailənin qurulması və uşaqların irsi xəstəliklərlə, xüsusilə də anadangəlmə qüsurlarla doğulmasının qarşısının alınması” zərurəti ilə əsaslandırıb.
Azərbaycan hökuməti “Nikaha girmək istəyən şəxslərin müayinədən keçməli olduqları xəstəlik siyahısı”nı, “Nikaha girmək istəyən şəxslərin tibbi müayinədən keçməsi qaydaları”nı və “Nikaha girmək istəyən şəxslərin tibbi müayinədən keçməsi faktını təsdiqləyən ərizə forması”nı təsdiqləyib. Qaydalara uyğun olaraq, icbari tibbi müayinə və məsləhətlər Səhiyyə Nazirliyinin nikaha girmək istəyən şəxslərin və ya birinin yaşayış yeri üzrə təyin etdiyi dövlət tibb müəssisəsində aparılır. Nikaha girmək istəyən hər bir şəxs talassemiya, QİÇS və sifilis xəstəlikləri ilə bağlı tibbi müayinədən keçməlidir.
Azərbaycanda gələcək ər-arvadın tibbi müayinədən keçməsi təcrübəsi
Azərbaycanda 2015-ci il iyunun 1-dən 2018-ci il avqustun 31-dək nikaha girmək istəyən 457 422 şəxs icbari tibbi müayinədən keçib ki, onlardan 1575-də sifilis, 387-də İİV infeksiyası aşkarlanıb. Müayinə olunanlardan 16 847-nin talessemiya daşıyıcısı olması meydana çıxıb. “Kavkazski uzel” müxbirinə bu haqda ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı xəbər verib.
Bu müddət ərzində nikaha girmək istəyən şəxslər arasında hər iki tərəfin talassemiya daşıyıcısı olduğu 150 cütlük aşkarlanıb. “Kafkazski uzel”ə bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva danışıb.
Onun dediyinə görə, bu cür cütlüklərin övladlarının talassemiya xəstəsi olması ehtimalı 25 faizdir, elə sağlam doğulması faizi də eyni qədər təşkil edir, daha 50 faizsə talassemiya daşıyıcısı kimi doğulacaq uşaqların payına düşür.
Lakin Əlimirzəyevanın sözlərinə görə, təkcə 10 cütlük nikaha girməkdən imtina edib. Yerdə qalanlara ananın hamilə olduğu müddətdə dölün müayinəsi təklif olunub. “Hamiləliyin 12-18-ci həftələrində ciftdən material götürülür və Hemotoliya İnstitutunda molekulyar genetik tədqiqat aparılır”, – institut direktoru deyib və əlavə edib ki, əgər analiz nəticəsində ciftdə talassemiya aşkarlanarsa, hamiləlik yarıda kəsilə bilər.
Onun sözlərinə görə, icbari tibbi müayinə qaydası qüvvəyə minəndən üç ciftdə talassemiya aşkarlanıb və bu cütlüklər hamiləliyi yarıda kəsmək qərarına gəlib. “Daha bir cütlüksə dini baxışlardan irəli gələrək, ümumiyyətlə, müayinədən imtina edib”, – Əlimirzəyeva sözünə davam edib.
Nikaha girənlərin bütün analizləri məhz Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunda tədqiq olunur, o qeyd edib.
“Xüsusi avtomobillərimiz hər üç gündən bir Bakı və regionların altı marşrutu üzrə yola düşür və analizlərin alındığı klinikalardan nümunə konteynerlərini götürür. İnstitutumuzda müayinə 14 gün aparılır və nəticələr elə həmin xüsusi nəqliyyatla təyinat yerlərinə göndərilir”, – institut direktoru deyib.
O, analizlərin səhv düşmə ehtimalını istisna edib, belə ki, sistem bütünlüklə elektronlaşdırılıb, üstəlik bütün analiz sınaq şüşələrinə xüsusi ştrix-şifrələr yapışdırılır, bu da səhv ehtimalını sıfra endirir.
Nikaha girmək istəyənlərdən götürülən nümunələrin yoxlanması göstərib ki, bu adamların 5-7 faizi talassemiya daşıyıcısıdır. “Kavkazski uzel”ə bu haqda Səhiyyə Nazirliyi Respublika Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov xəbər verib.
O hesab edir ki, bu rəqəmləri Azərbaycanın bütün əhalisinə şamil etmək olar. Hüseynovun dediyinə görə, keçmişdə profilaktik müayinələr aparılmayıb və yeni qurulan ailələr sayəsində talassemiya daşıyıcılarının sayı artıb.
Onun dediyinə görə, hazırda Respublika Talassemiya Mərkəzində 3105 xəstə qeydiyyatdadır.
Hüseynov nikaha girənlərə icbari tibbi müayinədən keçməsi qaydasının tətbiq edilməsinin talassemiya xəstələrinin sayının dinamikasına nə dərəcədə təsir etdiyini dəqiqləşdirməkdə çətinlik çəkib.
“Bu cür proqramların nəticələri haqda minimum beş ildən sonra nəsə söyləmək olar, axı xəstələrin sayının artmasına 2015-ci ilədək bağlanmış nikahlardan doğulan uşaqlar təsir edə bilər. Digər tərəfdən, diaqnoz qoymanın genişləndirilməsi hesabına talassemiya aşkarlanan şəxslərin statistikası arta bilər ki, bu da xəstələrin ümumi sayına öz təsirini göstərir”, – o, məsləyə aydınlıq gətirib.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2014-cü ildə respublikada ilk dəfə 530 nəfərdə talessemiya aşkar olunub (bununla yanaşı, müalicə-profilaktika müəssisələrində 2922 adam qeydiyyatda olub), 2015-ci ildə bu göstəricilər 213 (2593), 2016-cı ildə 406 (3519), 2017-ci ildə 561 (3835) adam təşkil edib.
Səhiyyə sahəsində azərbaycanlı ekspert, terapevt və kardioloq Adil Qeybulla irsi və digər xəstəliklərin erkən üzə çıxarılması məqsədilə nikaha girmək istəyənlərə tətbiq olunan icbari tibbi müayinəni müsbət hal kimi qiymətləndirir.
“İcbari analiz proqramına talassemiyanın aşkar edilməsinin daxil olunması çox mühümdür. Bu, Azərbaycanda ən geniş yayılmış irsi xəstəlikdir. Son illər xüsusi müəssisənin – Respublika Talassemiya Mərkəzinin həyata keçirdiyi ölçü tədbirlərinə baxmayaraq, Azərbaycanda talassemiya hələ də yüksək səviyyədədir. Bu xəstəliklə mübarizədə təkcə nikaha girənlərin müayinəsi yetərli deyil. Zənnimcə, xəstələrin və talassemiya daşıyıcılarının üzə çıxarılması üçün bütün əhalinin ümumilikdə müayinədən keçirilməsi lazımdır”, – Qeybulla “Kavkazski uzel”ə deyib.
Onun sözlərinə görə, bu xəstəliyin kökləri qədimlərə gedib çıxır və o, Aralıq dənizi ölkələri, Qafqaz, Yaxın Şərq üçün səciyyəvidir ki, bu da yəqin iqlim özəllikləri ilə bağlıdır. “Gen daşıyıcıları sayəsində bu xəstəlik nəsildən nəslə ötürülüb, qohum nikahlarsa onun geniş yayılmasına rəvac verib, axı talassemiya daşıyıcısı olan qohumların evlənməsi nəticəsində uşağın xəstə və ya talassemiya daşıyıcısı doğulması ehtimalı çox böyükdür. Vaxtında qoyulmuş diaqnozsa dünyaya xəstə uşaqların gəlməsinin qarşısını ala bilər və nəticədə bu xəstəliyin səviyyəsi tədricən aşağı düşər”, – Qeybulla qeyd edib.
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun etnososioloji tədqiqatlar şöbəsinin rəhbəri professor Əliağa Məmmədli hesab edir ki, qohum nikahlar keçmişin qalıqlarıdır.
“Qohum nikahlar təkcə Azərbaycan və Şərq üçün deyil, həm də Qərb üçün səciyyəvi olub. Avropada vaxtilə, belə demək olarsa, əmiuşaqları nikahları geniş yayılmışdı. Zənnimcə, keçmişdə qohum nikahların səbəbi iqtisadi maraqlardan, var-dövlətin başqa əllərə keçməməsi istəyindən doğub… Azərbaycanda qohum əlaqələrinin bu qədər uzun müddət qorunub-saxlanması daha çox ölkənin müxtəlif regionlarında mühafizəkarlıq və patriarxal ənənələrlə bağlıdır. Amma qloballaşma prosesləri bu münasibətlərə də öz təsirini göstərib. İndi qohumlar arasında bağlanmış nikahlara tez-tez rast gəlinmir, bu hallar təkcə ucqar icmalarda özünü büruzə verir. Amma hətta orda ağsaqqallar bunun gələcək nəslin sağlamlığı üçün zərərli olduğunu anlayır”, – etnoqraf deyib.
O hesab edir ki, nikaha girənlərə icbari tibbi müayinənin tətbiqi irsi xəstəliklərin daşıyıcılarının aşkar riski hesaba alınmaqla qohum nikahların azalmasına bilavasitə təsir edə bilər. “Bu müayinələr ən azından əhalinin ümumi məlumatlandırılmasının yüksəlməsinə səbəb olur”, – alim deyib.
Gələcək ərdə İİV aşkarlanandan sonra iki cütlük nikaha girməkdən imtina edib
İİV infeksiyası aşkarlanan şəxslərə nikahın qeydiyyatının təxirə salınması və “virus yükünün azaldılması üçün” 6 ay müalicə alması tövsiyə olunub, “Kavkazski uzel”ə bu haqda Azərbaycan Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin epidemioloji nəzarət və profilaktika şöbəsinin müdiri Afət Nəzərli deyib.
Bir cütlük artıq qeyri-rəsmi nikahda idi və övladları vardı, onlar, şübhəsiz ki, qeydiyyatı təxirə salmadılar. “Bu cütlük mərkəzimizdə hələ 2014-cü ildən qeydiyyatda olub. Onlar birgə yaşayırdılar və artıq övladları vardı. İndi bu cütlük münasibətlərini rəsmiləşdirmək qərarına gəlib”, – Nəzərli məsələyə aydınlıq gətirib.
Onun dediyinə görə, İİV-ə yoluxanlar arasında kişilər üstünlük təşkil edir. Nəzərli qeyd edib ki, iki halda cütlüklər tərəflərdən birində İİV infeksiyası aşkarlandığı üçün nikaha girməkdən imtina edib. “Elə hallar da olub ki, toy günü artıq təyin edilib, qonaqlar dəvət olunub. Bu zaman gənclərə müalicə müddəti ərzində və virus yükü azalanacan qorunmaq tövsiyə olunub”, – o deyib.
Mütəxəssisin dediyinə görə, əsas etibarilə İİV xəstələrinin övladları ola bilər, lakin valideynlərdən biri, ya da hər ikisi bu xəstəlikdən əziyyət çəkdiyi halda yeni doğulmuş körpə 18 ay ərzində mütəxəssilərin daimi nəzarəti altında olmalıdır.
Bununla belə, Nəzərlinin dediyinə görə, Azərbaycanda son illər ərzində İİV infeksiyalı körpə doğulmayıb, ümumiyyətlə isə, 2018-ci ilin doqquz ayı ərzində Azərbaycanda 497 İİV xəstəsi aşkar olunub. Mərkəzin yaradıldığı dövrdən, yəni 1987-ci ildən bəri 6068 xəstə qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə Azərbaycanda İİV infeksiyası ilk dəfə 586 nəfərdə aşkar edilib, bununla yanaşı, tibb müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 4735 nəfər olub. Bu göstəricilər 2015-ci ildə 704 və 6439, 2016-cı ildə 541 və 5439, 2017-ci ildə 559 və 6538 nəfər təşkil edib.
Gələcək ər-avadın tibbi müayinəsinin nəticələri “ikinci yarıdan” və VVAQ-dan gizlədilib
Azərbaycanda nikaha girmək istəyənlərin tibbi müayinəsi proseduruna görə, gələcək ər-arvad VVAQ-a ərizə yazmaqdan öncə analiz üçün qan verməlidir. Bunun üçün qanın ümumi analizi, həmçinin İİV(QİÇS), sifilis, hemoqlobinopatiyanın (böyük beta-talessemiya, aralıq beta-talessemiya, drepanotalessemiya, ayparaşəkilli anemiya) mövcud olub-olmaması yoxlanılır.
Analiz üçün qan Bakının və ölkənin rayonlarında xüsusi seçilmiş dövlət tibb müəssisələrində, Respublika Diaqnostika Mərkəzində, Bakı Nikah Evində, ASAN xidmətdə verilir. Qanunvericiliyə uyğun olaraq, analizlər pulsuz keçirilir və cavablar iki həftə ərzində təqdim olunur.
Lakin 39 nömrəli poliklinikanın Yasamal rayonunda nikaha girənlərin müayinəsi üçün təyin edilmiş əməkdaşı “Kavkazski uzel”ə xəbər verib ki, analizlərin cavabı üç həftə ərzində müəyyən olunur, bununla yanaşı, müayinənin özü pulsuz aparılır. Eyni zamanda müayinədən tez bir zamanda Bakı Nikah Evində və beş ASAN xidmət mərkəzində keçmək və nəticəni beş iş günü ərzində əldə etmək olar.
ASAN mərkəzləri 2012-ci ilin payızında yaradılıb və “bir pəncərə” prinsipi ilə fəaliyyət göstərir. Belə ki, bu mərkəzlərdə vətəndaşlara vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, xarici pasportların və şəxsiyyət vəsiqələrinin, sürücülük vəsiqələrinin, daşınmaz əmlaka mülkiyyət hüququ, notarius sövdələşmələrinin bağlanması, kommersiya hüquqi şəxslərin və vergi ödəyənlərin qeydiyyatı, bütün dövlət xidmətləri haqqında informasiya xidmətləri, yaşayış yerindən ərizə, arxiv ərizələri üzrə xidmətlər göstərilir.
Cütlüyə bu cür təcili xidmət 18 manata (11 dollar), hərəsinə 9 manata (5,5 dolar) başa gələcək, “Kavkazski uzel”in müxbiri xəbər verir.
Cütlük müayinəyə həm birgə, həm də ayrılıqda gələ bilər. Analiz məqsədilə qanın verilməsi üçün təkcə pasportun təqdim edilməsi tələb olunur, Bakı Nikah Evninin tibbi müayinə kabinetinin həkimi “Kavkazski uzel”ə deyib.
“Biz əvvəlcə onlara tibbi müayinənin məqsədini izah edirik. Sonra burda qanın analizi üçün nümunə götürülür. Nəticələr tərəflərə ayrı-ayrılıqda təqdim olunur, belə ki, sağlamlıq haqqında məlumat məxfidir. Hər hansı bir xəstəlik aşkarlandığı zaman onlara tövsiyə veririk. Lakin nikaha girməyə hazırlaşan şəxslərdən birinin digərinə öz xəstəliyi barədə mütləq xəbər verməsinə heç bir məcburiyyət yoxdur”, – o deyib.
Gənclərin bir-birindən xəstəliklərini gizlətməsi hallarının olub-olmadığı sualına, o, müsbət cavab verib. “Bir dəfə oğlan öz xəstəliyini gizlədib, evlilikdən sonra isə qızın valideynləri övladlarının bununla bağlı məlumatlandırılmadığından şikayətləniblər. Lakin qanunvericiliyə görə, biz həkim sirrini açıqlaya bilmərik. Biz sadəcə müayinənin nəticələrinə görə məlum şəxsin bu proseduradan keçməsi və məsləhət alması barədə ərizə veririk ki, bu da VVAQ-ın nikahı qeydiyyata alması üçün əsas rolunu oynayır. Üstəlik xəstəliyin aşkar edilməsi nikahın qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Bəli, VVAQ da xəstəlikdən xəbərsiz qala bilər. Onlar sadəcə nikaha girənlərin tibbi müayinədən keçməsi barədə ərizəyə əsaslanırlar”, – həkim qeyd edib.
Nikaha girmək istəyənin tibbi müayinəsi barədə ərizədə onu verən tibb müəssisəsinin adı, verilmə tarixi və onun bu müddətdən etibarən bir ay qüvvədə qala bilməsi qeyd olunur. Ərizədə qeyd olunur ki, o, vətəndaşın Azərbaycan Respublikası Ailə kodeksinin 13.1 maddəsinə uyğun olaraq, tibbi müayinədən keçməsinin və ona uyğun tövsiyələrin edildiyinin təsdiqi üçün verilib. Ərizə “qeydiyyat orqanına təqdim olunmaq üçün” verilir və tibbi müayinənin keçirilməsinə məsul həkimin və müəssisənin baş həkiminin imazaları ilə təsdqilənib.
Azərbaycanda yeni evlənmiş adam tibbi müayinənin nəticələrinin verilməsinin uzadılması haqda xəbər verib
Emin Q. və Minayə B. 2016-cı ilə Bakı Nikah Evində tibbi müayinədən keçib. “Prosedura sadə idi. Biz birgə gəlib qan verdik. Mən nəticənin tez verilməsi üçün 18 manat (11 dollar) – hər birimizə görə 9 manat (5,5 dollar) ödədim. Bir həftədən sonra nəticələri almağa gəldik. Həkimin yanına birgə girdik və hər birimizə öz nəticəsini verdilər. Bizə heç bir tövsiyə olunmadı. Bunu yəqin sağlamlığımızla bağlı heç bir problem olmadığı üçün etdilər. Nişanlımla, indi artıq arvadımla əvvəlcədən sözləşmişdik ki, hansı cavabla üzləşəcəyimizdən asılı olmayaraq, bu barədə bir-birimizə mütləq xəbər verəcəyik. Bir neçə gün sonra VVAQ-a ərizə verdik və bir aydan sonra qeydiyyatdan keçdik”, – yerli sakin Emin Q. “Kavkazski uzel”ə danışıb.
Lamiyə A. və Seynur Q. münasibətlərini ASAN-2 mərkəzində rəsmiləşdirib və öncə elə ordaca tibbi müayinədən keçib. “Biz analiz üçün qan verdik və 5-6 gündən sonra cavabını aldıq. Həkim dedi ki, bizdə hər şey qaydasındadır. Biz analizin cavabını və müayinədən keçməyimiz barədə ərizəni təqdim etdik. Elə bu ərziə əsasında bizi qeydiyyatdan keçirdilər. VVAQ nümayəndəsi düz restorana gəldi və bizi orda qeydiyyatdan keçirdi. Bu xidmətə rəsmi olaraq əlavə pul ödədik”, – 2018-ci ilin iyulunda nikaha girən Lamiyə A. “Kavkazski uzel”ə deyib.
Fərhad K. isə nəticələri alarkən çətinliklə üzləşdiyini söyləyib. “Biz qeydiyyatda olduğum Ağsu rayonunda tibbi müayinədən keçdik. Toyu öncədən dekabrın 5-ə təyin etmişdik. Lakin bunun üçün bir ay əvvəl, yəni noyabrın 5-də VVAQ-a ərizə vermək lazım idi. Oktyabrın sonu idi, yəni artıq dörd həftədir ki, analiz üçün qan vermişdik, cavabsa hələ də yox idi. Mənə hər gün deyirdilər ki, cavab Bakıda yubanır. Lakin mən cavabın Bakıda yubanması barədə rəsmi sənəd tələb etdikdən sonra sözün hərfi mənasında ertəsi gün cavabı aldım. Açığı, yubanmanın səbəbini bilmirəm, bəlkə də ərizənin tez təqdim olunması üçün onlara pul verəcəyimi gözləyirdilər. Amma, bildiyim qədərilə, bu xidmət pulsuzdur”, – 2017-ci ildə nikaha girən Fərhad “Kavkazski uzel”ə danışıb.
“Transparency Azerbaijan”-da hesab edilər ki, tibbi müayinələrə şəxsi klinikalar da qoşulmalıdır
“Transparency Azerbaijan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva “Kavkazski uzel”ə xəbər verib ki, bu strukrur son illər səhiyyə sahəsində xüsusi tədqiqatlar, o cümlədən nikaha girənlər arasında icbari tibbi müayinələr aparmayıb.
“Lakin bizə lap əvvəldə nikaha girənlərin icbari tibbi müayinəsi barədə məlumat daxil olub. Yeni qaydalar lazımi informasiya təminatı ilə möhkəmlənməyib və yaxşı hazırlanmayıb. Adamlar qan vermək üçün hara gedəcəklərini bilmirdilər. Çoxu öz yaşadıqları rayon poliklinikalarına üz tuturdu. Orda da belə aydın olurdu ki, bu müəssisələrdə tibbi müayinə nəzərdə tutulmayıb. Sonra rayon VVAQ-ına gedib hara müraciət etməli olduqlarını aydınlaşdırırdılar. Bundan sonra da lazım olan poliklinikaya gələndə onun hələ müayinəyə hazır olmadığı aşkara çıxrıdı”, – Səfərəliyeva danışıb.
Bununla yanaşı, o qeyd edib ki, indi vəziyyət yaxşılaşıb, belə ki, tibbi müayinə keçirən müəssisələrin sayı artıb. Üstəlik bu məqsədlə ASAN mərkəzlərində məntəqələr açılıb ki, orda əhaliyə yüksək səviyyədə xidmət göstərilir.
Lakin ekspert tibbi müayinənin təkcə konkret tibb müəssisələrində aparılmasını düzgün hesab etmir. “Bu prosedur ayrı-ayrı müəssisələr tərəfindən inhisara alınıb. Şəxsi klinikalara da müayinədə iştirak etməsi üçün icazə verilməlidir ki, bu, vətəndaşların seçimini genişləndirsin. Bəli, analizlər vahid mərkəzdə keçirilir, lakin şəxsi müəssisələr də nümunələrin bu mərkəzi qan bankına (Hemotologiya Elmi-Tədqiqat İnstitutuna) çatdırılmasını təmin edə bilər”, – Səfərəliyeva qeyd edib.
Bununla bağlı ölkənin Səhiyyə Nazirliyindən “Kavkazski uzel”ə deyilib ki, dövlət klinikaları müayinənin pulsuz aparılması üçün seçilib. Hər rayonda ayrı-ayrı tibb müəssisələrinin seçilməsi isə məhz bu müəssisələrdə spesifik müayinənin keçirilməsi üçün şəraitin yaradılması ilə bağlıdır, belə ki, onları analizatorlar, reaktivlər və uyğun ləvazimatlarla təchiz edir, üstəlik həkim-mütəxəssislər təyin edirlər. Bu, həm də məntiqi addımdır, çünki Hemotologiya Elmi-Tədqiqat İnstitutunun xüsusi nəqliyyatı hər rayonda nümunə konteynerlərini bir nöqtədən götürür ki, bu da çatdırılma prosesini sürətləndirir, o izah edib.
Tibbi müayinədən keçərkən sui-istifadə şikayəti olmayıb
Korrupsiya əleyhinə QHT koordinatoru Əliməmməd Nuriyev “Kavkazski uzel”ə xəbər verib ki, QHT koalisiyasına nikaha girənlərin tibbi müayinəsində sui-istifadə ilə bağlı heç bir şikayət daxil olmayıb.
“Nikaha girənlərin tibbi müayinəsində sui-istifadə ilə bağlı heç bir şikayət daxil olmayıb. Bəlkə də, bu, sui-istifadə üçün heç bir əsasın olmaması ilə bağlıdır. Axı hər kəs gerçəkdən tibbi müayinədən keçməkdə maraqlıdır. Hətta kimsə hansısa səbəbdən tibbi müayindən yayınmaq istəsə belə, məlum prosesin həyata keçirilmə sistemi buna imkan verməyəcək. Müayinədən keçənin müayinənin aparıldığı yerlə heç bir əlaqəsi yoxdur. Analiz üçün qan götürən həkimsə çətin ki, risk edib guya vətəndaşın tibbi müayinədən keçməsi barədə saxta ərizəyə qol çəksin. Üstəlik bu ərizəyə təkcə həkim deyil, tibbi müəssisənin rəhbəri də imza atır”, – o deyib.
Onun dedyinə görə, həkimlə tibbi müəssisənin rəhbəri arasında nəzəri cəhətdən razılaşma ola bilər, lakin saxtalaşdırmanın ifşası riski çox böyükdür. “Birincisi, ər-arvaddan birində ciddi xəstəlik aşkar olunarsa, digəri bunun araşdırılmasını tələb edə bilər. ikincisi, Qan bankının məlumatları ilə VVAQ-da qeydiyyatdan keçmiş şəxslər barədə məlumatlar tutuşdurula bilər və tərəflərdən birinin müayinədən keçmədiyi üzə çıxar. Bir də həkimlərin hansısa məbləğ qarşılığında cinayətə əl atmalarına dəyərmi?” – Nuriyev deyib.
Azərbaycanda tibbi mayinələrlə nikahdan imtina sayının artması arasında əlaqə müəyyənləşdirilməyib
Azərbaycan parlamentinin Sosial siyasət üzrə komitəsinin sədr müavini Musa Quliyev hesab edir ki, icbari tibbi müayinənin tətbiq olunması əhalinin sağlamlığında müsbət nəticələr göstərib. “Bu tibbi müayinələr çox mühümdür, axı çoxunda sağlamlıqla bağlı müəyyən problemlər aşkar olunub. Onlar başqa şəraitdə bəlkə də öz xəstəliklərindən bir müddət xəbərsiz qalacaqdılar, əvəzndə icbari müayinə sayəsində xəstəlik vaxtında üzə çıxarılıb. Bundan başqa, həmin müayinələr valideynlərində problemlər aşkarlanmış gələcək uşaqların sağlamlığını hələ anasının ilk hamiləlik aylarında nəzarət altında saxlamağa imkan verib”, – Quliyev “Kavkazski uzel”ə deyib.
Quliyev həmçinin yeni qaydaların nikahların ixtisarına təsir etmədiyini edib. “Müayinədən sonra neçə adamın nikaha girməkdən imtina etməsi barədə rəsmi statistika yoxdur. Bu tədbir qadağa məqsədi güdməyib. Bu məsələ nikaha girənlərin öz öhdəsinə buraxılıb. Məndə olan məlumata görə, çox az sayda cütlük müayinədən sonra nikaha girməkdən imtina edib. Bəziləri sadəcə toyu təxirə salıb və müalicə almağa başlayıb. İcbari müayinənin mühüm əhəmiyyəti ondadır ki, nikaha girənlərə əvvəlcədən xəbərdarlıq olunur və onlar ailə qurmağı, uşaq dünyaya gətirməyi planlı şəkildə həyata keçirmək imkanını qazanırlar”, – o qeyd edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə Azərbaycanda 84 912 nikah və 12 088 boşanma qeydə alınıb. 2015-ci ildə nikahların və boşanmaların sayı 68 773 və 12 764, 2016-cı ildə – 66 771 və 13 114, 2017-ci ildə – 62 923 və 14 514 olub.
Quliyevin dediyinə görə, nikahların sayının azalması 1990-cı illərin birinci yarısında Qarabağ münaqişəsi və iqtisadi nizamsızlıqla əlaqədar doğum sayının aşağı düşməsi ilə bağlıdır. “Üstəlik nikahların sayının azalması dünya trendidir. İndi gənclərin çoxu karyera qurmaq, ayaqları üstə möhkəm dayanmaq, özünə şəxsi ev almaq və yalnız bundan sonra evlənmək istəyir. Bəzilərisə bir müddət vətəndaşlıq nikahında yaşamağa, münasibətlərini daha sonra rəsmiləşdirməyə üstünlük verir”, – millət vəkili deyib.
Dövlət Komitəsinin ailə, qadın və uşaq problemləri üzrə əməkdaşı Azərbaycanda boşanmaların səbəbinin məişət zorakılığı, sonsuzluq, ərin, ya da arvadın narkotik asılılığının üzə çıxması, xəyanət, maddi sıxıntının olduğunu söyləyib.
Keçmişdə qadınlar maddi cəhətdən ərlərindən daha çox asılı idilər, odur ki, hətta fiziki zorakılıq və alçaldılma ilə qarşılaşdıqda belə nikahı pozmurdular. Lakin savadlı qadınların sayı artdıqca, onlar öz hüquqlarını daha yaxşı bildikcə, maddi cəhətdən özlərini təmin etməyi bacardıqca, təhqirə, şiddətə boyun əyməkdənsə boşanmağa, övladlarını təkbaşına böyütməyə üstünlük verirlər. Dövlət Komitəsinin işini konsultasiya edən ekspert anonimliyin qorunması şərti ilə “Kavkazski uzel”ə bu haqda danışıb.
İrsi xəstəliklərin mövcudluğu boşanmaya səbəb olmur, o qeyd edib. “Belə hallar olur, lakin uşağın xəstəliyi, adətən, ailədə birləşdirici amil rolunu oynayır. Hər iki valideyn birlikdə onun qayğısına qalmağa üstünlük verir və övladlarının müalicəsini həyatlarının əsas məqsədi sayır”, – ekspert söyləyib.
Çeçenistanın müftisi nikaha girməzdən öncə tibbi müayinəni sərtləşdirib
Çeçenistan Müsəlmanları Ruhani İdarəsi qərara alıb ki, müsəlman ənənəsi ilə nikah qurmaq istəyənlər İİV infeksiyasının yoxlanmasından başqa, hepatit və zöhrəvi xəstəliklərin olmaması barədə də ərizə təqdim etməlidirlər.
“Kavkazski uzel”in yazdığı kimi, 2011-ci ildə Çeçenistan müftisi evlənmək istəyən cütlüklərin icbari şəkildə kənd və rayon imamlarına İİV-ə yoluxmadıqları barədə ərizə gətirmələri göstərişini verib. Əgər bəy, ya da gəlin məlum ərizəni təqdim edə bilmirsə, onlar müsəlman ənənəsi ilə nikaha girə bilməzlər. Onlar bu sənəd olmadan VVAQ-da da qeydiyyatdan keçə bilməzlər. Bu, respublika sakinləri arasında narazılığa səbəb olub.
Noyabrın 1-dən Çeçenistanda nikaha girənlər üçün yeni sertifikat nümunəsi tətbiq olunub, Çeçenistan Müsəlmanları Ruhani İdarəsinin nümayəndəsi “Kavkazski uzel”ə xəbər verib. “İndi nikaha girmək istəyənlər təkcə İİV-ə görə deyil, həm də hepatit B və C-yə görə analiz verməli olacaq. Bu sertifikat olmadığı təqdirdə imamlar nikah mərasimi keçirməyəcək və o, qeyri-qanuni sayılacaq”, – o deyib.
Onun sözlərinə görə, məlum ölçü tədbirləri yeni evlənənlərin xəstəliyə yoluxma riskini maksumum azaltmağa yönəlib.
Çeçenistanda toydan əvvəl İİV testi pulsuz həyata keçirilir, bunun üçün nikaha girmək istəyənlər ya Qroznıda QİÇS mərkəzlərə, ya da rayon xəstəxanlarında İİV kabinetlərə müraciət etməlidirlər, Qroznıda QİÇS mərkəzinin əməkdaşı Alina Abdulkadırova deyib.
“Nikaha girənlərdən birində İİV aşkarlanarsa, o, bu haqda nişanlısını xəbərdar etməlidir və əgər digər tərəf qarşılaşdığı gerçəklə razılaşarsa, biz nikahı kəsirik. Ya da potensial bəyi/gəlini QİÇS mərkəzinin mütəxəssislərinin yanına aparılması təklif olunur. Orda mütəxəssilər gənclərə bu cür münasibətlərin perspektivlərini izah edir, bu xəstəliyə tutulmamaları və ən əsası gələcək övladlarını yoluxdurmamaları üçün nə etmək lazım olduğunu deyirlər”, – o qeyd edib.
Onun dediyinə görə, razılaşma halında bəy və ya gəlin xüsusi sənədə qol çəkir. O, bu addımı atmaqla nikaha könüllü girdiyini, hər şeydən xəbərdar olduğunu və nə QİÇS mərkəzinə, nə də gələcək həyat yoldaşına qarşı heç bir iddiasının olmadığını təsdiqləyir. “Daha bir variant toydan qabaq münasibətləri kəsməkdir. Yəni məsələni nikah masasına çatdırmamaqdır”, – Abdulkadırova deyib.
Çeçenistan sakinləri bu təcrübəni razılıqla qarşılayıblar, etiraz edənlərsə “ya narkotik, ya da əxlaqsız cinsi əlaqə nəticəsində” xəstəliyə yoluxanlardır, o, belə hesab edir. “Xalq bu təcrübəyə alışıb və hamı bilir ki, xonça tutmaq, restoran danışmaq və ağsaqqalları elçi göndərmək azdır, bununla yanaşı, QİÇS mərkəzindən ərizə də almaq lazımdır”, – Abdulkadırova sonda deyib.
Əgər bəy İİV infeksiyasına yoluxubsa, gəlinsə sağlamdırsa, nikah aktı, demək olar ki, həmişə baş tutur. Əksinə, İİV gəlində aşkar olunursa, toy anındaca ləğv olunur, Qroznıda İİV kabinetlərindən birinin həkimi qeyd edib.
Həkimin dediyinə görə, zəruri tibbi proseduralar gerçəkləşdirilmədən İİV testindən keçmələri barədə ərizə almaları üçün ona dəfələrlə müraciət ediblər. “Mən heç vaxt bu cür ərizə verməyə cürət etmərəm. Hərçənd hesab edirəm ki, heç də bütün həmkarlarım mənim kimi prinsipial deyil. Bu, nəzəri cəhətdən mümkündür. Lakin hətta yüksəkvəzifəli şəxslər gələndə belə, onlar üçün 20 dəqiqəlik ekspress-diaqnoz testləri keçirilib. Bu testlər o qədər etibarlı deyil, lakin heç olmasa saxta ərizə verməmək üçün ekspress-diaqnostika tətbiq olunur”, – o deyib.
Qroznı sakini Abdulla xəbər verib ki, o və arvadı İİV testindən keçib və uyğun ərizələr alıb. “Çeçenistan Müsəlmanları Ruhani İdarəsində nikah haqqında rəsmi sənəd var və imam nikah oxumağa (nikah mərasimi) gələndə analizlərin verilməsi barədə sənəd tələb edir. Sən ona ərizəni verirsən, o isə sənə sənədi. Bu düzgündür. Nəticədə sağlam cəmiyyət, sağlam uşaqlar olacaq. Məsələn, əgər mən xəstəyəmsə, bu mərəzi övladıma niyə ötürüm ki?” – “BBC-nin Rusiya xidməti” Abdulkadırovanın və Qroznıda İİV kabinetlərindən birinin həkiminin dediklərini və Abdullanın sözlərini çatdırıb.
Rusiyanın Səhiyyə Nazirliyi xəbərdar edib ki, Çeçenistan müftisinin təşəbbüsü tibbi tələb deyil.
Çeçenistanda İİV-ə yoluxmiş 2800 adam mövcuddur ki, onlardan 100-də xəstəlik 2017-ci ildə aşkar olunub, Çeçenistanın Səhiyyə Nazirliyinin əməkdaşı “Kavkazski uzel”ə xəbər verib.
O qeyd edib ki, QİÇS-lə Mübarizə və Profilaktika üzrə Respublika Mərkəzində hər il nikaha girməyə hazırlaşan 20-22 min gənc müayinədən keçir. 2011-ci ildə İİV infeksiyasının icbari yoxlanması qaydası tətbiq ediləndən bəri 100-dən çox yoluxma halı aşkarlanıb.
“Zənnimcə, problem, ilk növbədə, xəstələrin – istər İİV-ə, istərsə də digər infeksiyalara yoluxanların – bundan xəbərsiz olmalarıdır. Elə bu səbəbdən də yeni evlənənlər bir-birini İİV və QİÇS-ə yoluxdurub, ya da övladlarında İİV aşkarlanıb. Mən nikaha girənlərin əlavə tibbi müayinədən keçməsi qaydasının tətbiq olunmasını düzgün hesab edirəm, bu, elə onların marağındadır”, – ixtisasca həkim olan Xeda deyib.
“Kavkazski uzel” Rusiya Səhiyyə Nazirliyinə Respublika Səhiyyə Nazirliyinin verdiyi yeni settifikat nümunəsində xəstəlik siyahısının genişləndirilməsinin necə nizamlandığını dəqiqləşdirməsi xahişi və regionun öz sərəncamına uyğun artıra biləcəyi ümumrusiya xəstəlik siyahısının olub-olmaması ilə bağlı sorğu göndərib.
“Bu məsələ Rusiya Səhiyyə Nazirliyinin səlahiyyətində deyil, Çeçenistan Respublikasının Səhiyyə Nazirliyinə müraciət etməyinizi məsləhət görürük. Bununla belə, qeyd etmək istəyirik ki, sorğuda göstərilmiş təşəbbüs tibbi tələb deyil”, – Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin cavabında deyilir.
Qeyd:
“Azərbaycan parlamentinin millət vəkilləri nikaha girənlərə tibbi müayinənin tətbiq edilməsini təxirə salıblar”, “Çeçenistanda uşağın xəstəxanada İİV-ə yoluxması ilə bağlı istintaq bərpa olunub”, “Çeçenistanda İİV-ə yoluxanların sayı xeyli artıb”.