Çeçenistan liderinin oğlu avtomobil qəzasına düşüb

Ramzan Kadırov və Adam Kadırov – Foto: Videodan ekran görüntüsü

Adəm Kadırovun avtombil qəzasından sonra Qroznıda təhlükəsizlik tədbirlərinin gücləndirildiyi deyilir

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırovun keçirdiyi avtomobil qəzasından sonra Qroznıda təhlükəsizlik tədbirləri gücləndirilib. Kiçik Kadırovun yerləşdirildiyi xəstəxanaya aparan yolların isə tamamilə bağlandığı bildirilir.

“Niyso” müxalif çeçen hərəkatının Teleqram kanalı və “Kavkaz.Realii” nəşri mənbələrə istinadən xəbər verir ki, yanvarın 16-da axşam saatlarında Adəm Kadırovun korteji yüksək sürətlə hərəkət edib və bunun nəticəsində bir neçə avtomobil toqquşub. Hadisə zamanı xəsarət alanların olduğu bildirilir, lakin onların sayı hələ açıqlanmayıb.

Çeçenistan hakimiyyəti hadisə ilə bağlı hələ də rəsmi açıqlama verməyib.

18 yaşlı Adəm Kadırov Çeçenistan rəhbərinin ən məşhur övladlarından biridir. 2023-cü ilin sentyabrında Kadırov o vaxt 15 yaşlı Adəmin “Quran”ı yandırmaqda ittiham olunan Nikita Juravelini istintaq təcridxanasında döydüyünü əks etdirən video yayımlamışdı. Bundan sonra kiçik Kadırov yüksək vəzifələr və mükafatlar almağa başlayıb. Adəm Kadırov həmçinin Çeçenistan Təhlükəsizlik Şurasının katibi və respublikanın Daxili İşlər Nazirliyinin kuratorudur.

Ana səhifəDünyaÇeçenistan liderinin oğlu avtomobil qəzasına düşüb