DİN: “İlqar Əhmədov maşını idarə edərkən öncədən müəyyənləşdirilən təhlükəsiz marşrutdan kənara çıxıb”
Cəbrayılda təmir-tikinti işlərilə məşğul olan şirkətin sürücüsü minaya düşüb. Hadisə noyabrın 2-də rayonun Mehdili kəndində baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, tikinti işləri ilə əlaqəli daşınma-tədarük işləri həyata keçirən sürücü – 1972-ci il təvəllüdlü İlqar Əhmədov maşını idarə edərkən öncədən müəyyənləşdirilən təhlükəsiz marşrutdan kənara çıxıb. O, nəticədə piyada əleyhinə minaya düşüb.
«Sürücü polis əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılaraq, xəstəxanaya çatdırılıb. Araşdırmalar davam etdirilir”, – Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Prokurorluq da artıq hadisə ilə bağlı araşdırmalara başlayıb. Bu barədə Meydan TV-yə Cəbrayıl Rayon Prokurorluğundan məlumat verilib.
Oktyabrın 26-da Azərbaycan Xarici İşlər Nazirliyi açıqlamışdı ki, 2020-ci il noyabrın 10-da – 44 günlük müharibənin başa çatmasıyla bağlı Üçtərəfli bəyanatın imzalanmasından bu yana Azərbaycanda 266 nəfər minaya düşüb. Onlardan 45 nəfər həlak olub. Ölənlərin 35-i mülki şəxsdir.