Vəkil: ”Məhkəmənin vaxtı ilə bağlı mənə bilgi verilməyib”
Biləsuvarda məskunlaşdıqları qəsəbənin işığının kəsilməsinə etiraz edən Cəbrayıl köçkünlərinin həbsindən verilən apellyasiya şikayətləri üzrə məhkəmə baxışı təxirə salınıb.
Məlumatı həbsdəki məcburi köçkünlərdən bəzilərinin vəkili Elçin Sadıqov yayıb.
Bildirib ki, yanvarın 12-də Şirvan Apellyasiya Məhkəməsi şikayətə baxmalı idi. Bu haqda ona da məlumat veriblər:
“Sonradan xəbər verdilər ki, baxış qeyri-müəyyən vaxta təxirə salınıb. Məhkəmədən bildirdilər ki, həbsdə olanların yanvarın 12-də gətirilməsi mümkün deyil”. Vəkil, hələ ki, məhkəmənin vaxtı ilə bağlı ona bilgi verilmədiyini deyib. 2016-cı il dekabrın 22-də Biləsuvarda məskunlaşan məcburi köçkünlər etiraz aksiyası keçiriblər. Onlar qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsindən narazılıqlarını dilə gətiriblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma olub.
Aksiya zamanı saxlanan Gülağa Əliməmmədov, Cəlal Quliyev və İlkin İsgəndərov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Onlar CM-in 186.2.2 (özgə əmlakı məhvetmə, partlatma və yandırma ), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqi) maddələri ilə ittiham edilirlər.
Rəsmi məlumatda o da qeyd edilirdi ki, 9 polis əməkdaşına daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 1 xidməti avtomobilin şüşələri sınıb.
Ancaq sakinlər AzadlıqRadiosuna bildirmişdilər ki, hadisələr zamanı cəmi bir polis xəsarət alıb, aksiyaçılar arasında xəsarət alanlar isə çoxdur.
Sonradan daha 2 nəfərin eyni ittihamla həbs edildiyi bildirildi. Elçin Sadıqov onlardan Cəlal Quliyev və Zaur Feyruzlunun vəkilidir.