“Cəbhəçiləri xəsarət izlərinə görə təcridxanaya qəbul etməyiblər”

Orduya dəstək aksiyasına görə ən azı 25 nəfər həbs olunub

Source: Meydan TV


Orduya dəstək aksiyasına görə ən azı 25 nəfər həbs olunub

İyulun 14-15-də orduya dəstək nümayişi ilə bağlı cinayət işi üzrə 25 nəfər həbs edilib.

“Turan” “Müdafiə xətti” hüquq-müdafiə təşkilatına istinadən yazır.

Həbs olunanlardan 9 nəfəri Xalq Cəbhəsi Partiyasının üzvüdür. 1 -Demokratiya və Rifah Hərəkatı, 2 – Müsəlman Birliyi Hərəkatı, 1 nəfər Naxçıvan Muxtar Respublikası keçmiş DİN rəhbəridir. Qalanları bitərəfdir.

Onlar CM-in 186.2.1-ci (özgə əmlakına ziyan vurulması), 233-cü (ictimai qaydanın pozulması) və 315-ci (polisə tabe olmamaq) maddələri ilə ittiham olunurlar. Təqsirləndirilən şəxsləri 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onların hamısı 3 ay müddətinə həbs edilib.

Aksiyanın daha üç iştirakçısı formal olaraq CM-in 139-1.1-ci maddəsi (karantin rejiminin pozulması, yoluxucu xəstəliklərin yayılmasına səbəb olduqda) üzrə cəlb edilib.

Onların ikisi AXCP üzvü, biri isə AXCP üzvü Məmməd İbrahimin oğludur. Bu maddə üzrə maksimum cəza 3 il azadlıqdan məhrumetmədir.

Bundan əlavə, AXCP-nin 7 üzvü inzibati qaydada həbs edilib. Daha yeddi saxlandıqdan sonra buraxılıb. Daha üç nəfərin statusu aydın deyil.

Təşkilatda həbs olunanların sayının daha çox ola biləcəyini istisna etmirlər. Eyni zamanda saxlanma kobud qanun pozuntuları ilə həyata keçirilib.

“Onları insan ləyaqətini alçaldan şəraitdə saxlayıblar, işgəncə veriblər, psixoloji təzyiq göstəriblər. Onların ailə üzvlərinə də təzyiq göstərilib. Həbs olunanları günlərlə yaxınları ilə əlaqə saxlamaq imkanlarından məhrum ediblər, onların yanına vəkilləri buraxmayıblar”, – sənəddə bildirilir.

DİN Baş Prokurorluğun mətbuat xidmətlərindən şərh almaq mümkün olmayıb.

“Müdafiə xətti” bu ilin iyulunda yaradılıb. İcraçı direktoru prokurorluğun keçmiş müstəntiqi və siyasi məhbus Rüfət Səfərovdur.

Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatoru Namizəd Səfərov isə Azadlıq Radiosuna deyib ki, həbs olunan cəbhəçilərdən bəzilərinin üzərindəki xəsarət izlərinə görə Bakı İstintaq Təcridxanası onları qəbul etməyib. N.Səfərov konkret AXCP Rəyasət Heyətinin üzvü Ayaz Məhərrəmli və partiyanın Təşkilat Şöbəsinin əməkdaşı Ramid Nağıyevin adlarını çəkib:

“Həbs-qətimkan tədbiri seçilməsi haqda məhkəmə qərarında onların Bakı İstintaq Təcridxanasında saxlanması nəzərdə tutulub. Bizdə olan məlumata görə, A.Məhərrəmli və R.Nağıyevin üzərindəki xəsarətlərin ağırlığı və aşkarlığına görə istintaq təcridxanası onları bu vəziyyətdə qəbul etməkdən imtina edib. Çünki təcridxana ya o xəsarətləri rəsmiləşdirməlidir, ya da həmin şəxsə nəsə olsa, buna görə məsuliyyət daşıyır. Ona görə də həmin şəxsləri Penitensiar Xidmətin tabeliyində olan müalicə müəssisələrinə yerləşdiriblər”.

N.Səfərov vurğulayıb ki, həbs olunan AXCP üzvlərinin vəkillərinə onlarla görüşməyə imkan verilmir: “Bu üzdən də onlar haqqında dəqiq məlumatlar əldə etmək olmur”.

Ana səhifəXəbərlər“Cəbhəçiləri xəsarət izlərinə görə təcridxanaya qəbul etməyiblər”