Cəfər Nərimanlı oğlunun da küçədə saxlanıldığını deyir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Cəfər Nərimanlının həyat yoldaşını polis bölməsinə aparıblar.
Bu barədə Azadlıq Radiosuna cəbhəçinin özü məlumat verib. Onun sözlərinə görə, Bir neçə gündür ki, polisdən zəng vuraraq təkidlə bölməyə getməsini tələb edirlər:
“Mən də rayondayam işim var, çıxa bilmirəm. Mənə zəng edən polislərin özlərinə də demişəm ki, Bakıda deyiləm. Bununla belə, martın 4-də xanımımı Binəqədi Rayon Polis İdarəsinin 6 saylı Polis Bölməsinə aparıblar».
Bunu özünə təzyiq kimi qiymətləndirən Cəfər Nərimanlının sözlərinə görə, polislər bununla kifayətlənməyiblər, oğlunu da küçədə saxlayıblar:
«Mənim yerimi uşaqdan soruşublar, bu da uşaqdır, qorxub. Qonşularımı narahat ediblər…».
Cəfər Nərimanlı deyib ki, polis bölməsinə çağrılan xanımından onun yerini xəbər alıblar: «Əlavə ediblər ki, təsir göstərin, mitinqə, piketə getməkdən yayındırın, bir böyüyü yoxdur deyələr, mitinqə piketə getməsin».
Cəfər Nərimanlının bildirməsinə görə, sonunda xanımı vasitəsilə ona xəbərdarlıq edilib ki, üç günə polis bölməsinə gəlməsə zorla gətirdiləcək: «Bütün bu baş verənlər AXCP-yə və AXCP üzvü kimi bizlərə təzyiqdir. Bunu başqa cür adlandırmaq mümkün də deyil. AXCP-nin təşkilatçısı olduğu hər hansı kütləvi aksiyadan öncə və ya sonra üzvlərə belə təzyiqlər olur, bu da həmin növbəti təzyiqlərdən biridir».
Binəqədi Rayon Polis İdarəsinin 6 saylı Polis Bölməsi və Daxili İşlər Nazirliyindən (DİN) münasibət almaq mümkün olmayıb. Amma DİN rəsmiləri belə şikayətlərlə bağlı, bir qayda olaraq, bildirirlər ki, Azərbaycanda insanların siyasi fəaliyyəti ilə bağlı onların özünə və yaxınlarına təzyiq edilmir.
AXCP-dən verilən məlumata görə, təkcə bu ilin əvvəlindən 40-a yaxın siyasi fəal inzibati hüquq pozmalarında günahlandırılaraq 10-25 sutkalıq həbs cəzası alıb. Bundan başqa, bu partiyanın 10-dan çox fəalı son illər müxtəlif ittihamlarla mühakimə olunaraq uzunmüddətli həbs ediliblər.
AXCP onların siyasi fəaliyyətləri ilə bağlı şərlənərək həbs olunduğunu bəyan edib.
Rəsmilər isə insanların dinc siyasi fəaliyyətlərinə görə təzyiq və həbslərə məruz qalması ilə bağlı iddiaları qəbul etmirlər. Onlar ölkədə bütün fundamental azadlıqların qorunduğunu deyirlər.