Orxan Baxışlının apelyasiya şikayəti təmin olunmayıb
Dekabrın 10-da Bakı Apelyasiya Məhkəməsində AXCP Gənclər Komitəsinin üzvü Orxan Baxışlının 6 illik həbsi barədə hökmdən verilən şikayətə baxılıb.
Hakim Həsən Əhmədovun sədrliyilə keçirilən məhkəmədə O.Baxışlının vəkili apelyasiya şikayətini müdafiə edib. Bildirib ki, O.Baxışlı AXCP üzvüdür, siyasi baxışlarına görə əvvəllər də təqiblərə məruz qalıb, inzibati qaydada həbs olunub. Sonuncu dəfə “Kanal 13” internet televiziyasına müsahibə verəndən sonra saxlanılıb. Onu metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında tutandan sonra əvvəlcə Yasamal Rayon Polis İdarəsinin 26-cı, daha sonra isə 28-ci polis bölməsinə aparıblar: “Onu üç saatdan artıq əlləri qandallı vəziyyətdə saxlayandan sonra üzərinə baxış keçirib, guya narkotik tapıblar. Əgər polislərin iddia etdiyi kimi, Orxanda narkotik olması barədə əvvəlcədən onlarda əməliyyat məlumatı olsaydı, onu saxlayan kimi baxış keçirərdilər. Orxan Baxışlının bildirdiyinə görə, onun cibinə narkotiki polis əməkdaşı Şirəli Babayev qoyub. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” və “Zahidov Azərbaycana qarşı” qərarlarında da göstərilib ki, baxış dərhal yerindəcə keçirilməlidir. Çünki yarım saatdan çox polislərin əhatəsində olduqda narkotik və digər vasitələri onun cibinə qoya bilərlər. Orxan Baxışlı isə üç saatdan çox polislərin əhatəsində olub”.
Vəkil O.Baxışlıya qarşı narkotik satışı barədə ittiham irəli sürülməsi ittihamına münasibət bildirərək deyib ki, Ali Məhkəmənin Plenumunun qərarı var. O qərarda göstərilib ki, narkotik ayrı-ayrı bükümlərdə olarsa, bu halda, satış məqsədi kimi qiymətləndirilə bilər. O.Baxışlıdan tapıldığı iddia olunan narkotikin isə bir bükümdə olduğu göstərilib.
Birinci instansiya məhkəməsində və apelyasiya məhkəməsində müdafiə tərəfinin verdiyi vəsatətlərin heç birinin təmin olunmadığını bildirən vəkilin sözlərinə görə, O.Baxışlının işində hal şahidi kimi tanınan şəxsin özü də narkotik ittihamıyla həbs edilib, daha sonra prezidentin əfv sərəncamıyla azadlığa buraxılıb. Polis indi də ondan hal şahidi kimi istifadə edir.
O.Baxışlı özü də bildirib ki, AXCP üzvü kimi siyasi fəaliyyətinə, bu hakimiyyətə qarşı mübarizəsinə, ən son da mərhum jurnalist Elmar Hüseynovun məzarı qarşısındakı çıxışına görə həbs olunub. Narkotik ittihamının tam saxta olduğunu deyən gənc fəalın sözlərinə görə, narkotikin satışı və istifadəsilə məşğul olmayıb, bu cür pis vərdişlərdən uzaq biridir: “Əgər bizim vəsatətlərimiz təmin olunsaydı, saxlandığım yerdəki təhlükəsizlik kameralarına, aparıldığım polis bölmələrindəki kameraların görüntülərini alıb baxsaydılar, mənim günahsız olduğum bir daha sübut olunardı. Elə ona görə də o görüntüləri almadılar”.
O.Baxışlı necə həbs olunması barədə də danışıb. Bildirib ki, Elmlər Akademiyasının qarşısındakı bağda olarkən ona bir neçə mülki geyimli yaxınlaşıb. Rasim olub-olmadığını soruşublar. O, Rasim olmadığını bildirsə də, onlarla birlikdə polis bölməsinə getməli olduğunu söyləyiblər: “Telefonumu dərhal aldılar, cibimə baxanda oradan 80 qəpik pul və metro kartından başqa heç nə çıxmadı. Mənim cibimə narkotiki Şirəli Babayev atıb, özü də çıxarıb.
Mən bilirəm ki, Apelyasiya Məhkəməsində siz də heç nəyi dəyişməyəcəksiz, hökmü qüvvədə saxlayacaqsız. Ancaq az da olsa, vicdanla hərəkət edin, açıq deyin ki, “siyasi fəaliyyətinə görə səni cəzalandırırıq”. Deyin ki, “Elmar Hüseynovun məzarı önündəki çıxışına görə həbs edirik”. Bilin ki, mənə ən ağır – ömürlük həbs, hətta ölüm cəzası versəniz də, bunu gülə-gülə qarşılayaram”.
Daha sonra prokuror çıxış edərək, O.Baxışlının 6 il azadlıqdan məhrum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanmasını istəyib.
Hakimlər də eyni qərarı verərək, apelyasiya şikayətini təmin etməyib, hökmü qüvvədə saxlayıblar.
Bakı Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət veriləcək.
O.Baxışlının öz çıxışında adını çəkdiyi Şirəli Babayev Bakı şəhər Baş Polis İdarəsinin polkovnikidir. O, keçmiş prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazmış gənc Bayram Məmmədovun həbs olunmasında da iştirak edib. B.Məmmədov da cibinə və evlərinə narkotikin məhz Şirəli Babayev tərəfindən atıldığını bildirmişdi.