Cəbhə xəttində nə baş verir?

Cəsur Sümərinli: “Cəbhə xəttində baş verənlər Rusiyanın bu regionu təsir dairəsində saxlamasının göstəricisidir”

İlqar Vəlizadə: “İki-üç münaqişə ocağının yaranması rəsmi Moskvanın xeyrinə deyil”

Source:


Cəsur Sümərinli: “Cəbhə xəttində baş verənlər Rusiyanın bu regionu təsir dairəsində saxlamasının göstəricisidir”


İlqar Vəlizadə: “İki-üç münaqişə ocağının yaranması rəsmi Moskvanın xeyrinə deyil”

“Yanvarın 24-də Azərbaycan-Ermənistan cəbhə xəttində atəşkəs yenidən pozuldu. Bunun nəticəsində Azərbaycan 3 şəhid verdi, Ermənistan isə 17 hərbçisini itirdi”. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında belə deyilir. Rusiya mətbuatı isə Azərbaycan tərəfinin 15 şəhid verdiyi məlumatını yayıb.
Atəşkəsin pozulmasına yanaşmalar müxtəlif olsa da, əsas ehtimal olaraq Rusiyanın diqqəti Ukrayna olaylarından yayındırmaq üçün belə bir əməliyyata start verməsi daha çox səslənir.
“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun təhlilçisi Cəsur Sümərinli Meydan TV-yə açıqlamasında həmin ehtimalı müdafiə etdiyini gizlətmir.
Hərbi jurnalist bildirib ki, son proseslər 2014-cü ilin avqustunda baş verən gərginliyin davamıdır: “Hesab edirəm ki, bu gərginlikdə Rusiyanın dolayısı ilə əli var. İstər Azərbaycan tərəfinin, istərsə də Ermənistan tərəfinin anlaşılmaz məlumatlar yayması cəbhə xəttində nə baş verdiyini izah etmək üçün çətinliklər yaradır. Ötən ilin avqustunda baş verənlərin mətbuatda, xüsusilə də hökumətyönlü mediada qəsdən olaraq şişirdildiyinin şahidi olmuşduq. O zaman bir sıra mənbələr cəbhə xəttində hər hansı ciddi gərginliyin olmadığını, siyasi maraqlar səbəbindən “gərginlik şousu”nun yaradıldığını qeyd edirdilər. İndi də fikrimcə, oxşar hadisə baş verir. Amma ötən ildəkindən fərqli olaraq, indi ölkə mətbuatında müstəqil fikirlərin, baxışların yayılmasına ciddi məhdudiyyətlər qoyulub. Beləliklə, Müdafiə Nazirliyi çalışır ki, ictimaiyyəti cəbhə xəttində baş verənlər barəsində yaydığı məlumatlara inandıra bilsin. Amma ciddi şübhələr yaranıb. Məsələn, Müdafiə Nazirliyinin yaydığı son məlumatda şəhid olduğu əksini tapan əsgərlərin adlarının açıqlanmaması suallar yaradır. Məntiqlə, şəhidlərin adları həmişə açıqlanmalıdır, Türkiyədə, Gürcüstanda, Amerikada belədir. Şəhidlərin adlarının açıqlanması hərbi sirrin yayılması ola bilməz. Amma Azərbaycanda ilk dəfə olaraq şəhidlərin adları bir neçə gün gizlədilir. Sonradan olay mediaya çıxdıqda, bu da suallar yaradır. Suallardan biri odur ki, ola bilsin ki, cəbhə xəttində şəhid olanların sayı daha çoxdur və yaxud hansısa hadisə baş verib ki, Müdafiə Nazirliyi onu açıqlamaq istəmir. Əgər Ermənistan tərəfinin təxribat etməsi halı varsa, onda düşmən niyə tam olaraq yerinə oturuldulmur?”
Ancaq C.Sümərinli cəbhə xəttində baş verənlərdə Rusiyanın Ukraynadan diqqəti yayındırmaq məqsədinin olması fikrini bölüşmür. “Hesab edirəm ki, cəbhə xəttində baş verənlər Rusiyanın bu regionu təsir dairəsində saxlamasının göstəricisidir. Bəlkə də erməni tərəfi vasitəsilə Azərbaycana, Azərbaycan vasitəsilə də Ermənistan tərəfə mesaj verirlər ki, bu bölgədə baş verənlər Kremlin nəzarəti altındadır”.
C.Sümərinli düşünür ki, cəbhə xəttində belə gərginliklərin yaşanması Azərbaycanın milli təhlükəsizlik maraqlarına uyğun deyil. “Azərbaycan tərəfi düşməni tam susdurmaq üçün ciddi addımlara əl atmalı, lokal antiterror əməliyyatları həyata keçirməlidir. Əks halda, cəbhə xəttində bənzər gərginliklər davam edəcək, nəticədə əsgərlərimiz şəhid olacaq”, – deyə o bildirdi.

Amma politoloq İlqar Vəlizadə düşünmür ki, atəşkəsin pozulmasında Rusiya maraqlı olub: “Hazırda Kremlin başı Ukraynaya qarışıb, 2-3 münaqişə ocağının yaranması rəsmi Moskvanın xeyrinə deyil. Çünki Rusiyanın imkanları daralır, 2-3 münaqişə ocağı bu ölkə üçün çox müşkil məsələyə çevrilə bilər. Ancaq hər münaqişənin öz dəsti-xətti olduğundan müəyyən qanunauyğunluq var. Yəni Ukraynada vəziyyət gərginləşirsə, başqa münaqişələrin qızışması mümkündür. Həm də postsovet məkanındakı münaqişələrdə bir tərəf yoxdur, bu problemlərdə geopolitik maraqlar da rol oynayır”.

Politoloq Ermənistan prezidenti Sərkisyanın “Azərbaycana istənilən hərbi hədəyə “asimmetrik” cavab verəcək”,-deyə xəbərdarlığını boş bir bəyanat adlandırıb. Çünki Ermənistan müstəqil dövlət deyil, nə daxili, nə xarici siyasətində bu ölkənin siyasətini yerli rəhbərlik müəyyənləşdirmir. İkinci, Ermənistanın hər hansı addımı Azərbaycan tərəfindən zərərləşdiriləcək, Bakının buna gücü çatar. Nəhayət, Ermənistan bu cür bəyanatla özünün müharibə tərəfdarı olduğunu büruzə verdirir.

Ana səhifəXəbərlərCəbhə xəttində nə baş verir?