Cavid Hüseynovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərdən biri – Samir Mustafayevin atası Şakir Mustafayev və vəkili Bəxtiyar Hacıyev ictimaiyyətə müraciət edib

Source:

Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərdən biri – Samir Mustafayevin atası Şakir Mustafayev və vəkili Bəxtiyar Hacıyev ictimaiyyətə müraciət edib

ANN.TV-nin əməkdaşı, reportyor Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər Prokurorluğunda istintaqı aparılmış cinayət işi 22 dekabr 2015-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu barədə APA-ya Bakı şəhər Prokurorluğundan məlumata verilib. Məlumatda bildirilir ki, həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata ayrılmış cinayət işi üzrə ibtidai istintaq 29 dekabr 2015-ci il tarixdə tamamlanıb. Cinayət prosesinin iştirakçıları cinayət işinin materialları ilə tanış olduqdan sonra iş baxılması üçün aidiyyəti məhkəməyə göndəriləcək.

Dünən isə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərdən biri – Samir Mustafayevin atası Şakir Mustafayev və vəkili Bəxtiyar Hacıyev ictimaiyyətə müraciət edib.

Müraciətdə bildirilir ki, R. Əliyevin ölümündə S.Mustafayevin təqsiri yoxdur: “Rasim Əliyevin ölümü ilə əlaqədar dərin təəssüf hissimizi bildiririk. İctimaiyyətin nəzərinə çatdırmaq istəyirik ki, Samir Mustafayev Rasim Əliyevin döyülməsi prosesində iştirak etməyib. Bu hal hadisə yeri olan “Bayıl market” mağazasının qarşısında quraşdırılmış təhlükəsizlik kamerası tərəfindən qeydə alınmış videogörüntülər vasitəsilə birbaşa sübut edilir. Samir Mustafayevin hadisəni törədən şəxslərlə yeganə əlaqəsi onlardan bəzilərini şəxsən tanıması olub. Samir Mustafayev özünü bu cinayət işi üzrə təqsirli saymır və tezliklə ədalətin bərqərar olacağına inanır”.

Rasim Əliyevin  ölümü ilə bağlı cinayət işi üzrə istintaq tamamlanıb. İş üzrə məhkəmənin hazırlıq iclası yanvarın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

Ana səhifəXəbərlərCavid Hüseynovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb