“Qəbələ” futbol klubunun sabiq kapitanının məhkəməsi keçirilir
Fevralın 24-də Səbail Rayon Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə məhkəməsi davam etdirilib. Futbolçu mərhum jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilib.
Meydan TV əməkdaşının məlumatına görə, proses başlayan kimi C.Hüseynov dövlət ittihamçısının və vəkilin suallarını cavablandırıb. Futbolçu özünü təqsirli bilməyib. Bundan sonra futbolçunun bibisi oğlu, iş üzrə təqsirləndirilən Elşən İsmayılov ifadə verib.
O, ifadəsində göstərib ki, mərhum Rasim Əliyevin Cavid Hüseynov barəsində yazdıqı statusu təhqir hesab edib və onunla danışıb. Bu barədə isə Cavid Hüseynova heç bir məlumat verməyib. Yalnız hadisədən sonra futbolçuya bu barədə danışıb və könüllü təslim olub.
Digər şahidlər prosesə gətirilmədiyi üçün vəkil Adəm Məmmədov vəsatət qaldırıb. O, vəsatətində prosesə gəlməyən şahidlərin məhkəməyə məcburi gətirilməsini istəyib. Vəsatət təmin edilməyib.
Növbəti proses martın 11-nə təyin olunub.
Rasim Əliyev ANN.TV-nin əməkdaşı olub. O, 2015-ci ilin avqust ayının 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Onu döyməkdə günahlandırılan Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs-qətimkan tədbiri seçilib. “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. Futbolçu Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunur.