Cavid Hüseynov şahidin ifadəsinin ziddiyyətli olduğunu deyir

Hakim vəkilin vəsatətini təmin edib

Source:


Hakim vəkilin vəsatətini təmin edib

Mayın 4-də Səbail rayon Məhkəməsində futbolçu Cavid Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məhkəmədə olan əməkdaşının məlumatına görə, hakim Elmar Rəhimovun sədrlik etdiyi prosesdə şahid qismində Şamaxı rayon Yol Polisi İdarəsinin əməkdaşı Rasim Bağırov ifadə verib. O, bildirib ki, C.Hüseynovun idarə etdiyi maşını saxlamaq barədə əmr alıb və onu saxlayıb:”Saxlanılan vaxt o heç bir təzyiq etmədi”.

Digər şahid Zəfər Bağırov isə Cavidlə qohum olduğunu bildirib:”Hadisə baş verən gün axşam Cavidə yazdım ki, bu, nə məsələdir. Cavid də yazdı ki, bibim oğlu Elşən məndən xəbərsiz gedib belə edib”.

“Qəbələ” Futbol Klubunun meneceri Səbuhi Səfiyarlı isə ifadəsində bildirib ki, hadisə barədə jurnalistlər ona zəng edib məlumat almaq istəyəndə xəbər tutub:”Mən də internetdə oxudum. Klubdan zəng etdilər ki, bu barədə araşdırıb məlumat verim. Mən də xəstəxanaya getdim. Yolda Cavidə də zəng etdim. O da mənimlə xəstəxanaya getdi. Biz xəstəxanada həkimi görməmişik. Tibb bacısı sistem köçürürdü. Ondan soruşduq ki, vəziyyəti necədi. Orda olanda polislər gəldi. Rasimin dostu ərizə yazdı. Mən də nömrəmi həmin oğlana verdim ki, nəsə lazım olsa, zəng edin””. O, istintaq zamanı verdiyi ifadəni təsdiq edib.

C. Hüseynov isə vəsatətlə çıxış edib. Bildirib ki, ötən prosesdə ifadəsi elan olunan şahid Aydın Mahmudovun ittiham aktında olan ifadəsi ilə elan olunan ifadəsi arasında ziddiyyət var. O, həmin ifadənin sübutlar siyahısından çıxarılmasını istəyib.

Vəkil A. Məmmədov isə həmin şəxsin məhkəmədə dindirilməsi barədə vəsatət verib.

İclasda katib bildirib ki, A.Mahmudovu polislər tapıblar, lakin səhvən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriblər.

C.Hüseynov bildirib ki, A.Mahmudovun gəlib ifadə verməsi yaxşı olar, lakin proses çox uzanmasın:”Mən doqquz aydır burdayam. Bu, can mənimdir”.

 Məhkəmə vəkilin vəsatətin təmin edib.

Proses mayın 11-də davam etdiriləcək.

Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir. Bu iş üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata verilib.

Ana səhifəXəbərlərCavid Hüseynov şahidin ifadəsinin ziddiyyətli olduğunu deyir