Cavanşir Quliyev: İqtidar nümayəndəsinə dedim, bütün oğurladıqlarınızı geri verin!

“Azərbaycanlıların ziyalılara ümid bağlamaması lazımdır”

Şimali Kipr Türk Respublikasının Yaxın Doğu Universitetinin “Səhnə sənətləri” fakültəsinin dekanı, bəstəkar Cavanşir Quliyev Meydan TV-nin suallarını cavablandırır.

- Cavanşir müəllim, ziyalının yaradıcılığı və ictimai mövqeyi barədə düşüncələriniz necədir?

- Məncə, ziyalılıq peşə ilə bağlı keyfiyyət deyil. Ziyalılıq könül, ruh keyfiyyətidir, düşüncənin nəticəsidir. Bu baxımdan ziyalı alim də, sənətkar da, taksi sürücüsü də ola bilər. Ömrüm boyu apardığım müşahidələrim bu nəticəni göstərir. İllərdir cəmiyyətin önündə olan, sənəti, peşəsi ilə görkəmli adamlar millətə lazımlı anlarda ziyalılıq göstərməyiblər, onların da sayı çoxdur. Hər kəs bilir.

- Neçə ildir belə davam edir?

- Mən gözümü açandan belədir.

- Bəlkə sovet idarəetməsi, təhsili bu vəziyyəti yaratdı?

- O zaman belə cavab verirəm ki, 3-5 həqiqi ziyalılar da olub. Onlar da sovet dönəmində doğulub, o birilərlə bir yerdə məktəbə gedib, onların oxuduğu kitabları oxuyub, yedikləri çörəyi yeyib. Niyə bunlar edib, amma o birilər yox? Burda məsuliyyəti sovet, yaxud başqa bir dövrün üzərinə qoymaq doğru deyil. Sadəcə, belə insanların şəxsi keyfiyyətsizlikləri var. Müstəqillik illərində dəfələrlə şahidi olmuşuq, hətta bəzi gizli şeylər də üzə çıxdı ki, həmin ziyalılar ölkə başçısının yanına gedəndə millətdən danışmırlar, millət üçün bir şey istəmirlər, öz ailələri və özləri üçün istəyirlər. Rəhbərlərdən biri bu barədə iclaslarda da danışmışdı. Təəssüf ki, bu, belədir! Ona görə də Azərbaycan cəmiyyətinin ziyalılara ümid bağlamaması lazımdır. İnsanlar özlərinə ümid bağlamalıdır, özlərini doğru aparmalıdırlar.

- Bu, artıq qəti fikrinizdir?

- Bəli, çünki ziyalılardan bir fayda yoxdur.

- O zaman ənənəvi sual; ziyalı yalnız yazmalıdır, yoxsa həm də cəmiyyətdəki problemlərdən də danışmalıdır?

- Məncə, “ziyalının borcu” deyilən bir qanun yoxdur ki, dediyiniz kimi onu da etməli, bunu da etməli, yoxsa peşəsi ilə məşğul olmalıdır. Məcbur etmək olmaz, amma bütün dünyada, cəmiyyətlərdə olduğu kimi bəşəriyyət həyatı boyu, min illərlə ziyalılıq deyilən bir anlayış formalaşdırıb. Bu, milləti, cəmiyyəti düşünən sənətində, peşəsində öndə gedən oxumuş, dahi insanlar. Xalqın, cəmiyyətin ümidi həmişə onlara olub. Ona görə də “nə etməlidirlər” sualına biz cavab verə bilmərik. Hər insan özü həyatını qurur, qərarını da verir və bunu etməməyinin bir cəzası da yoxdur. Sadəcə, millətin gözündən düşə bilər, xalq öz dərdini bu və ya digər adamlardan ummaz, üz çevirər. Təbii, həmin adamlar sənəti və peşəsi ilə fayda verə bilər. Bəzi adamlar deyər ki, yetər, bu adam cəmiyyətə bu qədər fayda verir. Əslində, heç bir şey istənilmir, cəmiyyətin çətinlikləri ilə bağlı əsl mövqeyini bildirilməsi istənilir, heç bir niyyəti olmadan, yalan danışmasın, fayda axtarmasın. Təəssüf ki, bugünkü Azərbaycanda belə düşünən və düşündüyünü deyənlər çox azdır.

- Ötən il Cümhuriyyətin 100 illiyini qeyd etdik. Həmin dövrün ziyalısı ilə indiki ziyalı arasında fərq nədən ibarətdir?

- Fərq çoxdur. Çünki 100 il əvvəlki ziyalılar nə Stalin, nə Bağrov, nə Əliyev rejimi görmədilər. Çar rejimi pis idi, amma insanların mənəviyyatını korlamırdı, sadəcə, pis idi. Sonrakı rejimlər insanları insan sifətindən çıxarırdı. Ötən əsrin 30-cu illərində insanları həbs etmək üçün onlara qarşı elə iyrənc üsullardan istifadə edirdilər ki… Qadınların təcavüzünə qədər, deyirdilər ki, filankəsin üzünə dayanmasan sənin qızların belə olacaq. Stalin rejimi bu iyrənc şeyə qədər düşürdü.

- Sizə elə gəlmir ki, müstəqil Azərbaycanda da ona oxşar üsullar var?

- Hətta 90-cı illərdə hökumət xaricə gedəni geri qaytarmaq üçün qardaşını həbs edirdi.

- İndi də var?

- Əgər varsa, iyrənc hadisədir. Mən başa düşürəm, kimsə kimisə sevməyə bilər, yaxud yanlış hərəkət etdiyini düşünə bilər, dövlət axtardığı adama cinayət işi aça bilər. Amma iyrənc üsullara əl atanda artıq mənəvi məsələlərə gəlir, burda ziyalılar ayağa qalxmalıdır. Ziyalı deməlidir ki, günahsız adamı niyə həbs edirsən?

- Bəs ziyalılar niyə ayağa qalxa bilmirlər?

- Meyvə-tərəvəz alanda etiketin üstündə sortu yazılır, 1,2, 3, görünür, bu, sortla bağlı məsələdir.

- İnsanları sorta bölüblər?

- Əslində, insanlar sorta bölünməz. Amma deməli, Azərbaycanda bölünür.

- Kim bölüb?

- Təbiət, hadisələr…

- Günahkar təbiət oldu?

- İnsanlar özləri sorta bölünməyə razı olublar. Mən bilmirəm, niyə belə olur. Bir məsələ də var, bəziləri deyir ki, ziyalılar hökumətə satılır, başqa hökumət gələndə də satılacaq, satılan adam həmişə satılır, doğrudur. Sual olunur: neçəyə və nəyə satılırlar? Bir dəfə iqtidar nümayəndəsi mənimlə söhbətə cəhd etdi, yəni düşüncələrimi dəyişdirməyim üçün bir çox şey vəd etdi. Cavab verdim ki, başa düşürəm, dünyada hər şeyin dəyəri, qiyməti var, qiymətsiz bir şey yoxdur, yəqin mənim də qiymətim var. Amma mən çox bahayam. Ələ salırdım onu, dediklərimi anlamadı. Sual etdi: “Neçəyə?” Bildirdim ki, bütün oğurladıqlarınızı geri verin, rəqəm istəyirsinizsə, rəqəmi siz bilirsiniz, nə qədər oğurladığınızı, nə qədər millətdən çalmısınızsa, geri verin. O zaman nə istəyirsinizsə, edim. Onda ikinci səhvini elədi, cavab verdi ki, onu kim qaytarar?

- Cavanşir müəllim, yaradıcı birliklərə ehtiyac varmı?

- Müəyyən birliklərə ehtiyac var, dünyanın hər yerində peşə birlikləri də var, bəzi yerlərdə dərnək, Türkiyədə vəqf deyirlər. Bizdə də tədbir keçirmək və toplanıb söz demək üçün lazımdır, amma həmin ittifaqlar indiki quruluşda qalmalarının mənasız olduqlarını sübut ediblər. Yəni qurulduqları peşə üçün heç bir fayda vermirlər. Nə üçün bu ittifaqlar təsis olunmuşdular? Peşəyə yardım etmək üçün. Artıq onların peşəyə heç bir yardımları yoxdur. İstəsə də, eləyə bilməzlər.

- Nə üçün?

- Çünki hüquqi rıçaqları yoxdur. Sovet dövründə də rəsmi olaraq rıçaqlar yox idi. Sadəcə, sovet rəhbərliyinin icazəsi və xəbəri olmadan heç bir əsər ifa olunmurdu. Bu, SSRİ-nin göstəricilərindən biri idi, mərkəzləşmiş bir idarə vardı, burda da belədir. Ancaq o zaman həmin idarə bəstəkarların əsərlərini səhnəyə qoyurdu, xaricə ezamiyyətlərini təmin edirdi, festivallara göndərirdi, yəni peşə ilə bağlı işləri görə bilirdi. Yaxşı rəhbər olanda daha yaxşı görürdü, pis rəhbər olanda isə işlər daha zəif gedirdi. İndi vəziyyət fərqlidir. Birinci, artıq xaricə getmək problem deyil, SSRİ zamanı buna icazə lazım idi. İkinci, ittifaq maliyyə dəstəyi verə bilmir, çünki maliyyəsi yoxdur. Üçüncü, bəstəkarın əsərinin ifasına da hüquqi təsiri yoxdur, sovet vaxtında ittifaqın bir rəyi filarmoniyanı ayaqüstə qaldırırdı. Hüquqi təsiri olmasa da, mənəvi üstünlüyü vardı. İndi Bəstəkarlar İttifaqının rəyi ilə heç kəs hesablaşmır. Kimin imkanı var əsərini özü çaldırır, bəzi hallarda konsert təşkilatçısı maliyyəsini ödəməyin vacibliyini bildirir. Bəstəkarın sponsoru varsa, ödəyib çaldırır. Bəstəkarlar İttifaqının xəbəri də olmur, icazə də almaq lazım deyil.

- O zaman ittifaq nə üçün lazımdır?

- Hərdənbir ittifqanın üzvləri sədrin kabinetinə 10-15 dəfə girəndən sonra yuxarı yazırlar ki, filankəsə orden, mükafat, ev ver, 5 ildən bir formal olaraq qurultay keçirilir. Bu, sovetlərdən qalma ənənədir. Nəhayət, konsertlər qurur, 1 konsert də 4 saat çəkir, tamaşaçı yazıq da yorulur, nə baş verdiyini anlamır. Onsuz da çətin əsərlərdir, sayı bir az da çox olanda tamaşaçı yatır. Bir də plenumlar, konfranslar keçirirlər, hamısı sovetlərdən gələn ənənədir. Amma o quruluşda nəticə verirdi, çünki həmin dövr üçün köklənmişdi.

- Məgər, indiki quruluş həmin quruluşun davamı deyilmi?

- Qanunda yox, ənənəsinə gəldikdə, kefi istəyəndə edir, kefi istəməyəndə etmir. Sovet ittifaqında qanun vardı.

- O zaman indiki quruluşa nə ad qoyardınız?

- Adsız quruluş. Amma kağıza baxırsan, demokratik quruluş yazılıb. Məsələn, qanunda yazılıb ki, vətəndaşlar sərbəst toplaşa bilərlər, gerçəkdə vətəndaşlar sərbəst toplaşa bilmirlər, icazə almaq lazımdır. Qardaşım, ictimai məsələlər üzrə niyə icazə almalıyam, bunun məntiqini izah edən yoxdur. Guya ki, şüşələri sındırıb dağıdacaqlar, artıq insanlara xuliqan gözüylə baxırlar, kim olursan ol. Sual edirsən ki, nədən əvvəlcədən mənim şüşə sındıracağımı deyirsən və ya bilirsən? Baxın, Parisi nə günə saldılar, heç kəs onların xuliqan olduğunu demədi, xalq əsəbi olmasa meydanlara çıxmaz, şüşə də onun vergisi hesabına salınıb, istəyər sındırar, istəyər yenisini alar. Bilirsiniz, məntiq yanlışdır, şikəst məntiqdir ki, vətəndaşı sizdən qoruyuram. Halbuki, aksiya keçirmək istəyən də vətəndaşdır.

- Kortej keçəndə bunu xatırlamırlar…

- Ay sağ ol. Axı o da vətəndaşdır, bəs onun dərdini kim deyəcək? Dərdi var ki, meydana çıxıb da. İkinci, insanları çox rahatca həbs edə bilirlər, şahidlər tapırlar. Mehman Hüseynovla bağlı cəmiyyətin təpkisi olmasaydı, 5-7 il də onu içəridə saxlayacaqlar. Əgər o cinayət etmişdisə, niyə açdığınız işi qapatdınız? Sübut elə və 7 il cəzasını ver. Yox, cinayət işini bağlayırsansa, niyə açmışdın? Cavab yoxdur!

- Siz problemlərdən danışanda təzyiqlər, qınaq, yaxud “lazım deyil, işini gör” sözləri eşidirsinizmi?

- 25 ildə söylədiklərimin yanlış olduğunu heç kəs üzümə deməyib. Əvvəllər müstəqil qəzetlərin sayı çox olduğundan müsahibələr verirdik. Başqa bir mətbuat orqanında da müsahibəmin yanlış olduğunu yazmayıblar. Əgər elə bir hadisə olubsa, buyurub desinlər, üzr istəyim. Bu, o deməkdir ki, söylədiklərim böyük ölçüdə doğrudur. Amma fikirlərimin də xoşlarına gəlmədiyini anlayıram. Çünki gözəl şeylər demirəm. Əvəzində mənə nəsə təzyiq göstərmək istəyi ola bilər, musiqiçiyə nə təzyiq göstərə bilərlər? Vəzifəm də yoxdur, bankım da, biznesim də, ailəm də yoxdur, təkəm. Yəqin fiziki olaraq nəsə etməyə əlləri yetməyib. Nə edirlər? Düşünürlər ki, bəstəkardır, bəs ona necə cəza verə bilərik ki, cəza olsun? Bir yol var: əsərlərini çalmamaq, efirləri üzünə bağlamaq. Musiqiçiyə, bəstəkara ən böyük cəza tamaşaçısının itirilməsidir, onu da etdilər. Yeni əsərlər çalınmır, köhnə əsərlər ara-sıra olur. Bununla belə, hansı filmi, tamaşanı açırsan, musiqisi Cavanşirindir, nə etsin. Amma yeni əsərlərimə yasaq qoyublar, üç baletim var, “Oğuznamə”, “Qızıl irmaq” və “Nuhun gəmisi”, heç qımıldanan da yoxdur. Nədən? Çünki qımıldanası adamların hamısı bilirlər ki, bu adamı yaxın qoymaq olmaz. Əgər yuxarıdan kimsə soruşsa, deyə bilərlər ki, elə sərəncamları olmayıb. Vəziyyət belədir, baxın, mənə təzyiqi bu formada edirlər. İşdən də çıxartdılar, Timurçin müəllim sağ olsun, məni İncəsənət Universitetindən uzaqlaşdırdı, qaldım işsiz. Nə edim, mən musiqiçiyəm, uzaqbaşı tarımı götürüb toya gedərəm. Ancaq internetdə axtarış verdim, özümə iş tapıb ölkədən getdim. Afrikada iş versəydilər, ora da gedərdim.

- Həmişəlik getməmisiniz yəqin?

- Bilmirəm. Hər zaman deyirəm ki, çamadanımı qatlayıb hava limanına getməyə hazıram, vətənə dönmək üçün. Amma Azərbaycanda mənim üçün normal mənəvi şərait olmalıdır, maddiyyatı demirəm, maddi ehtiyacım heç vaxt olmayıb, sovet zamanında da, indiki hökumətin dövründə də. Qayıtsam da olmayacaq, çünki sənətim var. Mənəvi durum əsasdır, özümə görə demirəm, cəmiyyətin həyatında baş verən hadisələr məni əsəbləşdirməsin. Cəmiyyətə qarşı iyrənc şeylər olmasın, çünki insan tək yaşamır. Mənə deyirlər ki, nəyinə lazımdır, həyatını qur.

- Deməli, deyirlər də?

- Necə nəyimə lazımdır? Mən heyvan deyiləm, meşədə yaşamıram, insanlarla yaşayıram. İnsanların xoşbəxt olması mənim üçün də yaxşıdır. Çünki hara gedirsən, hamı şikayət edir, dinləyirsən, görürsən ki, bu şikayət təbii deyil. Yəni hər kəs zəngin olmaz, dünyanın heç yerində hər kəsin zəngin olduğu ölkə yoxdur, kasıbı da, bəlkə acından öləni də var. Amma orda bunlar hamısı təbii baş verir, bir adam işləməyəndə, peşə öyrənməyəndə təbii ki, pis yaşayacaq. Ancaq Azərbaycanda oxuyur, diplomun alır, işsiz qalır, hüququn da tələb edəndə təqib olunur. Ona görə mənim Azərbaycana qayıtmağım belə şeylərə bağlıdır. Bir daha deyirəm, çatışmazlıqlar hər yerdə var, saat kimi işləyən ölkə yoxdur. Azərbaycan heç olmasa orta səviyyədə yaşayan ölkələr kimi olsun, mənim arzum budur. Ölkədə o qədər ədalətsizliklər, haqsızlıqlar baş verir ki, adam dözə bilmir. Abbas Tufarqanlıdan soruşurlar ki, niyə şer yazırsan, deyir: “yazmaya bilmirəm”. Mənə də deyəndə ki, nəyinə lazımdır, niyə belə reaksiya verirsən, eyni cavab verirəm... Reaksiya verməyə bilmirəm, mən beləyəm.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/bxujw8

Ən çox baxılan