Sumqayıt şəhər sakinləri yaşadıqları binanın qəzalı vəziyyətdə olduğunu deyirlər. 17-ci mikrorayonda yerləşən 36-cı bina 1978-ci ildə tikilib. Binada 50 ailə yaşayır. Sakinlər yaşadıqları yerin get-gedə çökdüyünü, divarlarda çatların əmələ gəldiyini bildirirlər.
Fövqəladə Hallar Nazirliyi bina ilə bağlı tədbir görülməsi üçün Sumqayıt şəhər icra hakimiyyətinə müraciət edib. İcra Hakimiyyəti binaya texniki baxış keçirərək mütəxəssis rəyinin verilməsi üçün FHN ə müraciət göndərdiyini bildirib. İcra Hakimiyyətinin yetkililəri bina ilə bağlı hansı qərarın verildiyini açıqlamırlar.
Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Rahim Mustafayev deyir ki, Fövqəladə Hallar Nazirliyindən mütəxəssis gəlib və binaya baxış keçirib. Onlar binanın qəzalı vəziyyətdə olmadığını bildiriblər.
Sakinlər isə bu binada yaşamağın onların həyatları üçün təhlükə yaratdığını deyirlər.