Çarə, deyəsən, yoxdur

Foto: Meydan TV

Yazar: Zərdüşt Əlizadə

Görünən dağa nə bələdçi?

SSRİ dağılanda insanların və xalqların qarşısında müxtəlif seçimlər var idi. İnsanlar və xalqlar öz seçimlərini etdilər və öz talelərini özləri seçdilər.

Sovet vətəndaşlarının bir hissəsi qürbətə mühacirətə yollandı və yeni vətənlərində özlərinə yeni həyat qurdu. Bəzi insan qollarını çırmalayıb girişdi dünənə qədər “ümumxalq mülkiyyəti” adlanan sərvətin özəlləşməsinə. Kimsə vəziyyəti düzgün qiymətləndirib ixtisasını dəyişdi və həyatını fərqli səmtə yönəltdi.

Xalqlar da fərqli seçim etdilər. Üç Baltik dövlətinin xalqları əl-ələ verib Qərbə üz tutdu, Avropa Birliyinə və NATO-ya üzv oldu. Belarus  Rusiya ilə ittifaqa üstünlük verdi. Moldova, Ukrayna və Rusiyanın xalqları girişdilər sərvət və hakimiyyət uğrunda amansız mübarizəyə.

Cənubi Qafqaz xalqları başladılar bir-birilə torpaq davasına. Nəzərə alsaq ki, bu xalqların heç biri top-tüfəng, güllə-mərmi istehsal etmirdi, boğuşan xalqların köməyinə Rusiya gəldi. Puluna minnət, kimə nəqd, kimə nisyə, kimə nökərçilik əvəzi, kimə milli sərvət bədəli, hamıya yardım əlini uzatdı. Nəticə göz önündədir.

Azərbaycanla Ermənistanın şanlı və qanlı müharibələrinin tarixindən söz açmağa ehtiyac yoxdur. Görünən dağa nə bələdçi?

Azərbaycan səki qalibdir.

Azərbaycan hakimiyyəti Zəfəri əlində bayraq edib ölkəni köhnə qaydada idarə etmək istəyir. Lakin həm də islahat aparır. Naxçıvanda Vasif Talıbovun obyektlərini bağlayıb, “Bravo” açır. İslahatın danılmaz nişanələrindən biri də odur ki, Akif Çovdarovun ailəsinə məxsus, gərgin zəhmətlə qazanılmış, lakin məhkəmənin qeyri-qanuni müsadirə etdiyi, dəyəri otuz milyon manata çatan əmlak halal sahibinə qaytarıldı. Gözün aydın, millət! Eşq olsun Azərbaycanın ədalət məhkəməsinə!

Müxtəsər, Azərbaycanı parlaq gələcək gözləyir, millətimizə zaval yoxdur.

Ermənistan isə şəksiz məğlubdur.

Erməni cəmiyyətində indi iki peşəyə böyük tələbat var: aytişnik və politoloq. Aytişnik ona görə ki, informasiya texnologiyaları sahəsində Ermənistan babət inkişaf edir və dünya miqyasında əmək bölgüsünə qoşula bilib. Üstəlik orduya səfərbərlikdən canını qurtarmış on minlərlə rus mütəxəssisi Ermənistana köçüb və bu sahə indi Ermənistan iqtisadiyyatının lokomotividir. Bu sahədə işləmək və qazanmaq mümkündür.

Politoloq ixtisası isə ona görə dəbdədir ki, xalq düşdüyü girdabdan çıxış yolu axtarır, ağıllı söz təşnəsidir. Buna görə yerindən duran ortaya atılıb xalqa çıxış yolu göstərir. Lap elə bizdəki kimi, mal həkimi də, ölüyaran da politoloq olub erməni xalqına məsləhət verir

Erməni xalqı qarşısında iki amansız və sərt seçim  durur.

1.Əziz və sevimli milli əsatir dünyasında uyuyub Azərbaycan və Türkiyə ilə əvvəlki ədavət və savaş siyasətini davam etdirmək.

2.Əziz və sevimli milli əsatirlərə “əlvida” deyib xoşagəlməz gerçəkliyin düz gözünün içinə baxmaq, bu gerçəkliyə uyğun Azərbaycanla və Türkiyə ilə yeni siyasət qurmaq.

Birinci seçimi erməni xalqı SSRİ dağılanda etdi və bu yolla yürüyüb gəlib çıxdı indiki viranə halətinə. Qarabağ əldən gedib, müttəfiq naxələf çıxıb, ölkə borc içində boğulur, əhali sevimli vətəndən köçüb gedir, millət iki hissəyə parçalanıb ölülərinin qəbri üstündə ahu-nalə çəkir.

Başbilən Paşinyan deyir ki, bir az da dözün, yayda Ukrayna Rusiyanı məğlub edəcək, Rusiyanın başı qarışacaq öz dərdinə, biz fürsətdən istifadə edib qaçıb atılarıq Qərbin qucağına, Amerika və Fransa çoxdandır bizim həsrətimizlə qovrulub nisgil çəkir,  bizi ağuşlarına alıb Azərbaycana və Türkiyəyə qulaqburması verəcəklər.

Onda Ermənistanı xoş günlər gözləyir.

Ermənistanın da ənənəvi müxalifəti var. Bu ənənəvi müxalifət deyir ki, fürsəti fotə vermək olmaz, fövrən Rusiya-Belarus ittifaqına qoşulmalıyıq, biz bu İttifaq Dövlətinə daxil olan kimi Rusiya və Belarus bizi də, Qarabağı da öz ərazisi elan edib başımızın üstündə öz nüvə silahının çətirini açacaq. Bundan sonra nəkarədir Azərbaycan və Türkiyə ki, gəlib Ermənistana gözün üstündə qaşın var desin.

Bir neçə zavallı, xalqın əsla sevmədiyi siyasətşünas pəsdən, qorxa-qorxa deyir ki, ay millət, ağlını yığ başına, nə Amerika, nə Fransa, nə Rusiya, nə Belarus? Azərbaycan və Türkiyə ilə barışmaq lazımdır, Sülh Müqaviləsi bağlayıb hüquqlarımızı qarşılıqlı tanımalıyıq, ədavətə və umu-küsüyə son qoymalıyıq. Şəxsiyyətə pərəstiş və nifrət kultunun zamanı keçib gedib, zəmanə barış və əməkdaşlıq tələb edir. Rusiya indi Türkiyədən tam asılıdır, Qərbin ona yasaq etdiyi malları Türkiyədən alır, qazını yalnız Türkiyəyə sata bilir, dünyaya yolu Azərbaycan və Türkiyədən keçəcək, bu səbəbdən Zəngəzur dəhlizi məsələsində Azərbaycanla müttəfiqdir. Rusiya hələ istəyir Azərbaycandan İrana gedən Şimal-Cənub dəmir yolunu açsın, bu yolla çıxsın Hind okeanına. Rusiya bu boyda mənfəəti qoyub gəlib kasıb Ermənistanın müdafiə etməz. Belarusa gəlincə, görmürsünüz Lukaşenko Azərbaycanı, İlham Əliyevi necə və neçə ildir cani-dildən müdafiə edir? Ermənistan Qərbə doğru səmtini götürsə, bizi üçcə günə diz çökdürərlər, dadımıza heç bir Fransa çatmaz.

Erməni xalqı qalıb bu seçimlərin arasında, heç cür qərara gələmmir.

Möhtərəm oxucu, özün soyuqqanlı fikirləş, Ermənistanın ağlabatan, xilasa aparan çarəsi varmı?

Ana səhifəMənim FikrimcəÇarə, deyəsən, yoxdur