Azərbaycanın şimal-qərbində, Şabran rayonunda yerləşən Canqayıb kəndi təpənin başında bircə evdən ibarətdir. Orda 11 adam yaşayır – Kiçikbəyov qardaşları, arvadları və uşaqları. Canqayıbdan onlardan savayı heç kim yaşamır.
Bu kənd həmişə belə boş olmayıb, amma 49 yaşlı Reyhan Kiçikbəyova əvvəllər necə olduğunu heç xatırlamır da. Adamlar kəndi o balaca olanda tərk etməyə başlayıb:
“Nənəm-babam, valideynlərim burda yaşayıb. Sonra mən hələ doğulmamışdan əvvəl atam qonşu kənddə iş tapıb və ailəmiz ora köçüb”, – Reyhan danışır. Demək olar ki, elə həmin dönəmdə, hardasa 40 il əvvəl o zaman hələ böyük olan kəndi hardasa 50 ailə tərk edib.
Yerli əhalinin başqa yerlərə köçməsi üçün səbəbi çox olub: kəndə hələ də qaz çəkilməyib; burda nə uşaq bağçası, nə məktəb, nə də poliklinika fəaliyyət göstərib.
“Mənim heç çox qalmaq fikrim olmayıb”
Reyhan Canqayıba ailə qurandan sonra qayıdıb – o, Kiçikbəyovlar ailəsinin balaca oğluna ərə gəlib.
“Burda çox qalmaq fikrim yox idi. Qayınatam bizə rayon mərkəzində ev vəd etmişdi. Mən də tezliklə köçəcəyimizə ümid bəsləyirdim”, – Reyhan deyir və əlavə edir ki, burda çox qalacağını bilsəydi, bəlkə də bu izdivaca heç razı olmazdı. Qayınatası doğma yerlərdən getmək istəməyib, oğlanlarını da gözündən kənara buraxmayıb, hamının bir yerdə qalmasını istəyib.
“Biz birinci mərtəbədə, qaynımgilsə ikinci mərtəbədə yaşayır. Təsərrüfatla məşğuluq: qoyunlarımız, toyuq-cücəmiz, arı pətəklərimiz var. Bostan əkirik”.
Yerdə qalan başqa azuqə üçün rayon mərkəzinə getməli olurlar. Kənddən rayona aparan çınqıllı yol dağların arasından keçir. Bu yolla təkcə yay mövsümündə, özü də quru havada getmək olur. Qışda kəndə gedən yol çox vaxt kəsilir.
Soyuq aylar üçün ərzaq tədarükü görürlər. “Amma yenə də çətinlik çəkirik, – Reyhan deyir, – bir də görürsən nəsə çatışmır… Dükana isə yol uzaqdır”
“Qışda xüsusilə çətindir”
Reyhanın üç övladından təkcə oğlu beşinci sinfə kimi oxuyub. İki qızı heç ibtidai təhsil görməyib. Onlar yazmağı və saymağı evdə öyrəniblər.
“Burda heç vaxt məktəb olmayıb, oxumaq üçün qonşu kəndə getmək lazım gəlib, – Reyhan deyir. – Ora isə çox uzaqdır, qışda qarlı havada getmək, ümumiyyətlə, təhlükəlidir”.
Reyhanın da, qayınının da övladları artıq böyüyüb. Qayınının böyük nəvəsi bu il məktəbə getməlidir.
“Qonşu kəndə göndərmək fikrimiz yoxdur, rayon mərkəzində məktəbə düzəltmək üçün orda ev tutmalıyıq, bu isə baha başa gəlir”, – qızın nənəsi Zabitə Kiçikbəyova deyir.
Reyhanın böyük qızı Bakıda ərdədir, kiçik qızı rayon mərkəzində işləyir. Oğlu bu yaxınlarda əsgərlikdən qayıdıb və Bakıda iş tapıb, elə orda da ev kirələyib, aradabir valideynlərinə baş çəkir.
Azərbaycanda boş kəndləri sonuncu dəfə 2015-ci ildə siyahıya alıblar. Rəsmi statistikaya görə, sakinsiz qalan kəndlərin sayı cəmi 20-dir. Statistika daha doqquzunun yoxa çıxmaq üzrə olduğunu təsdiqləyib – həmin kəndlərdə 10-dan az adam yaşayıb.
Son dörd ildə bu statistikanın nə cür dəyişdiyi hələ ki məlum olmasa da, tezliklə Azərbaycanda daha bir kənd boşalacaq – Canqayıbın son sakinləri onu tərk edəcək.
Reyhan etiraf edir ki, bütün bu illər ərzində bircə səbəbdən kənddən getməyib – qayınatası doğma yerlərdən uzaq qalmaq istəməyib. Kişi iki il əvvəl vəfat edib. Ailə bu hadisədən sonra köç haqqında ciddi şəkildə düşünməyə başlayıb. “Oğlumun evlənəndən sonra burda qalmaq istəyəcəyini düşünmürəm, övladlarımı böyüdərkən çox çətinlik çəkmişəm, amma qayınatamın xətrinə susmuşam”. Reyhan və əri bundan belə burda qalmaq üçün heç bir səbəb görmür. Onlar Şabran rayonunda artıq özləri üçün ev tikirlər.
"Mediaşəbəkə"nin dəstəyi ilə