Can Dündar: Ərdoğan qlobal xəstəliyin bir parçasıdır

Azərbaycanlı oxucuların imzasını tanıdığı türkiyəli qələm adamlarından biri də Can Dündardır. Yazıçı, jurnalist və dokumentalist Can Dündar Türkiyədə bir çox mətbu orqanlarda, NTV, CNN Türk, Show TV və Kanal D-də çalışıb, 2015-ci ilə qədər “Cümhuriyyət” qəzetinin baş redaktoru olub. 2015-ci ildə eyni qəzetdə dərc edilən “Mit tırlarında silah” xəbəri cəmiyyətdə böyük səs-küyə, eyni zamanda Dündarın məhkəməyə cəlb edilməsinə səbəb olmuşdu. Məhkəmədə bəraət almasına baxmayaraq, hökumətin Dündara təzyiqləri davam etmişdi. Eyni zamanda, məhkəmə qarşısında jurnalistə atəş açılmışdı.

2016-cı ildə təhlükəsizliyi səbəbindən Almaniyaya köçən Can Dündar orda “Özgürüz” adlı xəbər portalı yaradıb. Hazırda da öz jurnalist fəaliyyətini davam etdirir.

Bu günlərdə Norveç PEN və Nobel Sülh Mərkəzinin təşkilatçılığı ilə Osloda, Ədəbiyyat evində Can Dündarla səhər yeməyi-görüş keçirildi. Can bəy görüşdən sonra Meydan TV adından ona ünvanladığımız sualları cavablandırdı.



Can bəy, iki ildir ki, Almaniyadasınız. Alman dilini öyrənmisinizmi?

– Yox. Bu, bir az psixoloji məsələdir. Alman dili öyrənməyə başlamaq burda uzun müddət qalmağa hazırlaşmaq deməkdir. Mənsə hər gün sabah Türkiyəyə qayıdacağımı düşünərək yaşayıram Almaniyada.



Gününüz necə keçir? Türkiyədə bir jurnalist olaraq, geniş çevrəniz, dostlarınız vardı hər halda, Almaniyada isə yəqin ki, vəziyyət fərqlidir…

– Alman jurnalistlər var, onlarla görüşürəm, iş yerində jurnalistlərlə görüşürəm. Ofisimdə işləyirəm, başqa vaxtlar da evdə tək oluram. Həyat yoldaşımla “Skayp”-da danışıram. Onun pasportu əlindən alındı deyə mənim yanıma gələ bilmədi.



Türkiyədə həbsdən sonra da həyatınıza sui-qəsd edildi. Bu hadisə sizə necə təsir etdi?

– İnsan yaşayır və nə vaxtsa yaşlanacağı, təqaüdə çıxacağı, o illərdə necə yaşayacağı barədə xəyallar qurur. Amma bir gün sizə atəş açılırsa, siz anlayırsınız ki, o yaşlılıq illəri heç gəlməyə bilər. Ölümün necə yaxın, necə gerçək olduğunu anlayırsınız. Amma məndə çox dəyişmə olmadı, sanki hazır idim. Soyuq qarşıladım o sui-qəsdi.



Almaniyada milyonlarla türk var. Ordakı soydaşlarınızla münasibətləriniz necədir?

– Ərdoğana münasibətdən asılıdır. Ərdoğan rejimini sevənlər mənə nifrət edir, ona nifrət edənlər isə simpatiya bəsləyir. İnsanları dəyərləri, prinsipləri yaxın edir. Biz insanlarla ya şərə qarşı bir sırada dayanırıq, ya da şərin yanında olanlar bizə qarşı dayanır. Bu tərəf seçmədə millətin, qitənin heç fərqi yoxdur. Məsələn, mən indi Norveçdəyəm, amma “biz” anlayışı türklərə, ya Şərqə “onlar” anlayışı norveçlilərə, ya da Qərdə aid deyil. “Biz” – şərə, Ərdoğan rejiminə qarşı dayanan türklər və norveçlilərdi, “onlar” isə Ərdoğanın yanında dayananlardı, orda hər kəs ola bilər. Necə ki, bəzən elə Qərbin özündən də Ərdoğanın yanında olub, bizə qarşı dayananlar var.



Can bəy, gəlin əvvəlcə Türkiyənin vəziyyətindən başlayaq. Azərbaycanlı aydınların bir qismi düşünür ki, Türkiyədə yobaz, radikal dindar kəsimin, insanlardakı aqressivliyin artması, cəhalətə meyli elə əvvəlcədən türk toplumun içində vardı və Ərdoğan rejimi də bunu sadəcə üzə çıxardı, təkan verdi. Bu fikirlə razısınızmı?

– Türkiyədə baş verənlər, Ərdoğan rejimi, dünyadakı qlobal xəstəliyin, demokratiyaya, insan haqlarına edilən hücumların, bütün bu prosesin bir parçasıdı. Cəmi beş il əvvəl kim düşünə bilərdi ki, Amerikanın prezidenti jurnalistlərə hücum edən, sərhəddə divar tikən, qadınları təhqir edən bir adam olacaq? Kim düşünə bilərdi ki, Almaniyada faşistlər, İsveçdə sağçı rejim populyarlaşacaq. Bütün dünyada bir qlobal xəstəlik var, Ərdoğan da bu xəstəliyin bir parçasıdır. Türkiyə solunun illər əvvəl ordu vasitəsilə məğlub edilməsi, demək olar ki, yox edilməsi islamçı hərəkatın qarşısını açmış oldu. Səksəninci illərdə sekulyar təhsil sisteminin dəyişdirilməsi, çökdürülməsi, İmam Hatib məktəblərinə edilən yatırımlar Ərdoğanı və bu günləri hazırladı. Bu gün o nəsil hakimiyyətə gəldi. O illərdə o təhsilə başlayanlar indi bələdiyyə rəhbəri, hakim, nazir oldu. Bu fakt bizə təhsilin nə qədər vacib olduğunu göstərir. İndi bizə düşən yeni, sekulyar nəsli hazırlamaqdır.



Gəzi olaylarında biz Türkiyədə ziyalıların, sənət adamlarının bir dirənişini gördük. Sanki o etirazlar, o dirənmə sekulyar, işıqlı Türkiyənin son dirənməsi, son çığırtıarı idi. Daha sonra o hadisələrdə etiraza qoşulanların, xüsusilə də sənət adamlarının cəzalandırıldığını eşitdik. Yəni o etiraza qoşulanlar buna görə cəzalandırıldılar. Sizcə, ondan sonra toplumda bir sınma, qırılma, o hadisələrdən məğlub çıxmanın bir təsiri oldumu?

– “Ərəb baharı”nı yadınıza salın. Gəzi olayları da qlobal bir prosesin parçası idi. Amma o hadisələr qəfildən ortaya çıxdı, liderlərinin olmaması, arxalarında böyük bir gücün, ya şəbəkələşmənin, siyasi bir institutun olmaması tez yatırılmasına gətirib çıxardı. Amma o hadisələr bizə bir şeyi göstərdi. Göstərdi ki, toplumda bu potensial var. Tam da o cəhalətə məğlub olmuş durumda deyil. O bayaq danışdığım İmam Hatib ənənəsinin qarşısında Türkiyədə bu dayanışma, etiraz ənənəsi, bu aydın, işıqlı ənənə də var, hansını ki, heç özümüz də bilmirdik. Onu da deyim ki, mən o toplumdan ümidimi kəsmədim. O gənclər bizə bir mesaj verdi ki, biz burdayıq, tükənmədik. O mesajı də ən gözəl Ərdoğan qəbul etdi, qorxdu və gənclərimizə atəş açdı. Bəzilərini öldürdü. O şərtlər altında biz həmin hadisələrdən daha artığını gözləyə bilməzdik. Amma biz də, Ərdoğan da yaxşı bilirik ki, bu toplumda bu potensial var.



Bir məsələdə sizin rəyinizi eşitmək istərdim. Ərdoğanın, ətrafının bəzi mövzulardakı həssaslığının səbəbi barədə. Qadınlarla, cinsəlliklə, içki ilə bağlı xeyli yasaqların, qıcıqlanmanın səbəbi nədir? Niyə o və ətrafı xüsusilə qadın və içki mövzusuna bu qədər vaxt ayırır, maraqlanırlar? Bu, bir ideologiyadırmı, yoxsa manipulyasiya vasitəsidir?

– Qadının azadlığı, içki, ümumiyyətlə, bu məsələlərdəki həssaslığın kökündə Qərbə, xristian dünyasına qarşı bir düşmənçilik var. Onların təhsilindən gələn bir Qərb düşmənçiliyi var. Qadına və içkiyə olan nifrət də bir az da Qərbə olan nifrətdir. Bu, Şərq toplumlarının çoxuna xas bir şeydir. İkincisi, qadınları azad olan cəmiyyətdə despotik rejimlərin qarşısına çox güclü bir etiraz dalğası çıxır. Qadınlar islami bir rejimdə nələri itirəcəyini daha yaxşı bilir. Ona görə də, qadın daha çox etiraz edir. Dolayısı ilə, qadın hərəkatlarını susdurmaq Ərdoğan üçün çox vacibdir. Çünki qadın azad olacaqsa, Ərdoğan orda olmayacaq. Buna görə də, Ərdoğanın qadınlara hücumunu şərtləndirən şey həm iqtidarını saxlamaq cəhdi, həm də ideologiyasının tələbidir.



Bizim belə bir təəssüratımız vardı ki, Türkiyədə toplumda böyük bir Atatürk sevgisi var. Və son zamanlara qədər də Atatürkə qarşı açıq nifrət sərgiləmək, təhqir etmək kimi görüntülərə şahid olmaq real bir şey deyildi. Amma son zamanlar Atatürkü təhqir etmək, heykəlini uçurmağa


çalışmaq kimi hallara şahid oluruq. Doğrudanmı, toplumun içində gizli bir nifrət vardı Mustafa Kamala qarşı və o indi üzə çıxır, yoxsa bu hakim rejimin sifarişidir?

– Bunlar Ərdoğanın sosial təcrübələridir. O, sanki od üzərində yeriməyi öyrənir. Ayağını odun üzərinə qoyur, yandırırsa, geri çəkir. İnsanlarla belə işləyir, bir şey edir, sərt etiraz görəndə geri çəkilir. Etiraz yoxdursa, davam edir. Orduya hücumu da elə oldu, bir dəfə hücum elədi, gördü reaksiya yoxdu, davam etdi. İndi də Atatürklə belə edir. Ərdoğanda, onun hakimiyyətə gətirdiyi adamlarda bir Atatürk nifrəti olduğunu bilirik. Əvvəl bunu gizlədirdi, çünki dəstəyə ehtiyacı vardı. Bu iş liderliklə bağlıdır. Lider nəyəsə istiqamət verəndə, insanlar onun gözünə girməyə, onun xoşu gələcək şeyləri etməyə çalışır. Kənan Evrən Türkiyənin dörd bir yerində Atatürk heykəlləri ucaldanda, ölkənin 95 faizi Atatürk heyranı idi. Bu, eyni toplumdur, sadəcə lider dəyişdi. Hakimiyyətin xalqın üzərində bir maqnit təsiri var. Hakimiyyətdə olanlar nəyə çağırırsa, toplum da ona uyğun hərəkət etməyə çalışır. Demək istəyirəm ki, bu, liderin verdiyi bir sifarişdir, toplumda bir Atatürk nifrəti olduğunu düşünmürəm.


Söhbətləşdi: Günel Mövlud


Ardı var

Ana səhifəVideoCan Dündar: Ərdoğan qlobal xəstəliyin bir parçasıdır